2026-cı il sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda mühüm tədbir təşkil olunmuşdur. Prezident İlham Əliyev tədbirdə iştirak edərək moderator Adebayo Oqunlesinin suallarını cavablandırmış, Azərbaycanın iqtisadi inkişaf perspektivləri, investisiya siyasəti, enerji, logistika, rəqəmsal transformasiya, insan kapitalı və regional əməkdaşlıqla bağlı baxışlarını geniş şəkildə bölüşmüşdür. Dövlət başçısının çıxışında əsas diqqət Azərbaycanın son illərdə formalaşdırdığı iqtisadi dayanıqlığın gələcək inkişaf üçün möhkəm baza yaratmasına yönəlmişdir. Prezident vurğulamışdır ki, bu gün gələcək haqqında inamla danışmaq üçün ilk növbədə sabit iqtisadiyyatın və müstəqil maliyyə sisteminin yaradılması zəruri idi. Son iyirmi ildə görülən işlər məhz bu baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq şirkətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi, böyük həcmdə investisiyaların cəlb olunması və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi ölkənin yeni mərhələyə keçidini təmin etmişdir. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan son 20 il ərzində 350 milyard ABŞ dollarından çox investisiya cəlb edib və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşüb. Bu göstərici Azərbaycanın beynəlxalq kapital üçün formalaşdırdığı etimad mühitinin miqyasını nümayiş etdirir. Lakin çıxışın əsas mesajlarından biri ondan ibarət idi ki, əldə edilmiş nəticələrlə kifayətlənmək olmaz. Qarşıdakı dövrdə məqsəd uzunmüddətli və dayanıqlı iqtisadi artımı təmin etmək, xüsusilə neft-qaz sektorundan kənar sahələrin potensialından daha geniş istifadə etməkdir. Azərbaycanın gələcək iqtisadi inkişafında bərpaolunan enerji mühüm istiqamətlərdən biri kimi təqdim edilmişdir. Prezident qeyd etmişdir ki, ölkənin, xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisi baxımından böyük potensialı vardır. Quru ərazilərdə günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi, yeni layihələrin hazırlanması və qarşıdakı illərdə bərpaolunan enerji mənbələrinin ölkə üzrə genişləndirilməsi Azərbaycanın enerji siyasətinin yeni mərhələsini xarakterizə edir.Bu yanaşma yalnız enerji istehsalının artırılması ilə məhdudlaşmır. Burada əsas məqsədlərdən biri elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi və qənaət edilən qaz ehtiyatlarının ixrac üçün yönəldilməsidir. Beləliklə, yaşıl enerji layihələri həm ekoloji baxımdan, həm də iqtisadi səmərəlilik baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan bununla ənənəvi enerji ixracatçısı statusunu qorumaqla yanaşı, gələcəkdə yaşıl enerjinin regional və beynəlxalq bazarlara çatdırılmasında da fəal rol oynamağı hədəfləyir.
Prezidentin çıxışında Azərbaycanın digər mühüm üstünlüyü kimi nəqliyyat, logistika və regional bağlantılar xüsusi vurğulanmışdır. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə əlaqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu sayəsində mühüm tranzit mərkəzə çevrilmək üçün böyük imkanlara malikdir. Bu imkanların reallaşdırılması üçün dəmir yollarına, dəniz limanlarına, avtomobil yollarına və hava nəqliyyatına böyük həcmdə investisiyalar yatırılmışdır. Dövlət başçısının fikirləri göstərir ki, tranzit ölkəyə çevrilmək yalnız coğrafi mövqenin üstünlüyü ilə mümkün deyil. Bunun üçün qonşu ölkələrlə etibarlı və proqnozlaşdırılan münasibətlər, müasir infrastruktur, rəqəmsal həllər və səmərəli gömrük idarəçiliyi də tələb olunur. Bu baxımdan Azərbaycanın regional əməkdaşlığa yanaşması iqtisadi maraqlarla yanaşı, qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlıq prinsipinə əsaslanır.
Çıxışın mühüm istiqamətlərindən biri də investisiya üçün siyasi və iqtisadi sabitliyin əhəmiyyəti olmuşdur. Prezident İlham Əliyev bildirmişdir ki, xüsusilə bugünkü mürəkkəb dünyada investor üçün ən mühüm amillərdən biri sabitlikdir. Uzunmüddətli layihələrə sərmayə qoyan şirkətlər üçün proqnozlaşdırıla bilən mühit, təhlükəsizlik, sabit vergi sistemi və investisiyaların qorunması əsas şərtlərdir. Azərbaycanın investisiya siyasətində bu amillərin ön plana çəkilməsi ölkənin rəqabət üstünlüklərindən birini təşkil edir.
Azərbaycanın investisiya imkanları yalnız enerji ilə məhdudlaşmır. Prezidentin çıxışında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, rəqəmsal texnologiyalar, süni intellekt, logistika, nəqliyyat və infrastruktur kimi istiqamətlərə də diqqət yetirilmişdir. Xüsusilə qlobal təchizat zəncirlərində yaranan yeni çağırışlar fonunda ərzaq istehsalı və emalının əhəmiyyəti artır. Bu isə Azərbaycan üçün həm daxili tələbatın ödənilməsi, həm də ixrac imkanlarının genişləndirilməsi baxımından yeni perspektivlər yaradır.
Prezidentin fikirlərində insan kapitalı məsələsi də mühüm yer tutmuşdur. Xarici investorların Azərbaycana yalnız maliyyə və texnologiya deyil, həm də bilik, idarəetmə təcrübəsi və peşəkar bacarıqlar gətirməsinin əhəmiyyəti vurğulanmışdır. Azərbaycanın enerji sektorunda beynəlxalq şirkətlərlə əməkdaşlıq nəticəsində yerli mütəxəssislərin yetişməsi bunun nümunəsi kimi göstərilmişdir. Bu təcrübənin digər sahələrə də tətbiqi ölkənin innovasiya imkanlarını və rəqabət qabiliyyətini daha da artırmağa qadirdir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi bu baxımdan təsadüfi deyil. Forumun mövzusu qlobal iqtisadi münasibətlərdə dəyişikliklərin, təchizat zəncirlərinin yenidən formalaşmasının və regional sabitliyin investisiyalara təsirinin aktuallığını əks etdirir. Azərbaycan özünü yalnız investisiya qəbul edən ölkə kimi deyil, həm də regionlararası iqtisadi əlaqələrin qurulmasına töhfə verən tərəfdaş kimi təqdim edir.
Prezident İlham Əliyevin çıxışında investorların Azərbaycanı yalnız kənardan qiymətləndirməməsi, ölkəyə gəlib real vəziyyəti öz gözləri ilə görməsi fikri də diqqət çəkmişdir. Bu yanaşma Azərbaycanın iqtisadi və sosial inkişafının real nəticələrinin beynəlxalq biznes dairələrinə birbaşa təqdim edilməsinin əhəmiyyətini göstərir. İnvestor üçün ölkənin yalnız statistik göstəriciləri deyil, gündəlik biznes mühiti, infrastruktur, insan resursları və sabitlik də mühüm amillərdir.
Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbir Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərini bir daha ortaya qoymuşdur. Bu siyasətin mərkəzində dayanıqlı inkişaf, iqtisadi şaxələndirmə, investisiyaların cəlb edilməsi, yaşıl enerji, logistika, rəqəmsallaşma və insan kapitalının inkişafı dayanır.
Azərbaycan qarşıdakı mərhələdə ənənəvi enerji sektorunun imkanlarından istifadə etməklə yanaşı, qeyri-neft sektorunun payını daha da artırmaq, yeni texnologiyaları iqtisadiyyata gətirmək və regional bağlantı imkanlarını genişləndirmək niyyətindədir. Prezidentin forumdakı mesajları göstərir ki, Azərbaycanın məqsədi yalnız bugünkü iqtisadi imkanları qorumaq deyil, gələcək onilliklər üçün daha şaxələndirilmiş, rəqabətqabiliyyətli və investisiya baxımından cəlbedici iqtisadi model formalaşdırmaqdır.
Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu həm ölkəmizin iqtisadi potensialının beynəlxalq ictimaiyyətə təqdim edilməsi, həm də yeni tərəfdaşlıqların formalaşdırılması üçün mühüm platforma kimi qiymətləndirilə bilər. Bakıda aparılan müzakirələr Azərbaycanın regional iqtisadi əməkdaşlıqda rolunun daha da güclənməsinə və ölkənin qlobal investisiya xəritəsində mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Vəli Sərxanlı
YAP Culfa rayon təşkilatının fəalı