PDF Oxu

Siyasət

  • 667

Cəbrayıl – Vətən torpağında zəfərə açılan yol - ŞƏRH

image

Azərbaycan tarixinin hər bir səhifəsində xalqımızın yaddaşında silinməz iz qoyan şəhərlər, kəndlər və müqəddəs torpaqlar var. Cəbrayıl da bu tarixin ən ağrılı və eyni zamanda ən qürurlu səhifələrindən biridir. 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü xalqımız üçün yalnız bir tarixi hadisənin xatırlanması deyil, doğma torpaqlarımıza qayıdışın, ədalətin bərpasının və Azərbaycanın ərazi bütövlüyünün təntənəsinin ifadəsidir.

Cəbrayıl şəhərinin işğal altında olduğu illər ərzində bu qədim yurdun siması erməni vandalizminin ağır izlərinə məruz qaldı. Yaşayış evləri, inzibati binalar, məktəblər, mədəniyyət ocaqları və dini abidələr dağıdıldı, şəhərin tarixi-mədəni irsinə ciddi zərər vuruldu. Bir zamanlar insanların gündəlik həyatının, arzularının və xatirələrinin yaşadığı məkanlar xarabalığa çevrildi. Bu dağıntılar sadəcə daş və divarların məhv edilməsi deyildi. Burada xalqımızın tarixi yaddaşına, milli-mədəni irsinə və əsrlər boyu formalaşmış yaşayış mühitinə qarşı yönəlmiş vandalizm özünü göstərirdi.

Erməni işğalı nəticəsində Cəbrayılın sakinləri doğma yurdlarından didərgin düşdü. Minlərlə insan illərlə öz evinə, küçəsinə, məktəbinə, uşaqlıq xatirələrinə qayıtmaq arzusu ilə yaşadı. Lakin bu həsrət Azərbaycan xalqının iradəsini sındırmadı. Əksinə, doğma torpaqlara qayıdış arzusu nəsillər boyu qorundu və bu arzu dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.

2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələ açdı. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərimizin azad olunmasına başlanıldı. 4 oktyabr 2020-ci il isə Cəbrayılın tarixində xüsusi əhəmiyyət daşıyan gün kimi yadda qaldı. Həmin gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsi xalqımıza böyük sevinc və qürur yaşatdı. Cəbrayılın azadlığı yalnız bir şəhərin azadlığı deyildi. Bu, illərlə doğma torpaqlarından ayrı düşmüş insanların ümidlərinin gerçəyə çevrilməsi idi.

Cəbrayılın azad edilməsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq xüsusi qeyd olunmalıdır. Vətən müharibəsində canından keçən şəhidlərimizin fədakarlığı sayəsində üçrəngli Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarımızda yenidən dalğalandı. Onların qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.

Cəbrayılın azad edilməsindən sonra qarşıda tamamilə yeni bir mərhələ başladı. İşğal illərində dağıdılmış şəhərlərin və kəndlərin yenidən qurulması, insanların doğma yurdlarına qayıtması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Cəbrayıl da bu prosesin mühüm ünvanlarından biridir. Bu gün burada yeni yolların, yaşayış məhəllələrinin, sosial obyektlərin və digər infrastrukturun yaradılması doğma torpaqların yenidən dirçəldiyini göstərir.

Dünən erməni vandalizminin dağıtdığı Cəbrayıl bu gün quruculuğun və inkişafın ünvanına çevrilir. Bu mənzərə xalqımızın iradəsinin və dövlətimizin gücünün göstəricisidir. Xarabalıqların yerində yeni binaların ucaldılması, həyatın yenidən canlanması, insanların öz doğma yurdlarına qayıtması işğalın yaratdığı faciənin ardınca gələn dirçəlişin mühüm göstəricilərindəndir.

Cəbrayılın tarixi bizə bir daha göstərir ki, torpağın yaddaşı itmir. Dağıdılmış evlər yenidən tikilə, şəhərlər yenidən qurula bilər, lakin keçmişdə baş verənlər xalqın yaddaşından silinmir. Buna görə də erməni vandalizminin nəticələrinin sənədləşdirilməsi, dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır. Bu, yalnız keçmişi xatırlamaq deyil, həm də tarixi həqiqətləri qorumaq deməkdir.

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü həm də gələcəyə baxış günüdür. Bu tarix bizə işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılmasını, Qarabağ və Şərqi Zəngəzurun inkişaf etdirilməsini və Böyük Qayıdışın davam etdiyini xatırladır. Cəbrayılın yenidən qurulması Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdən biridir və bu proses xalqımızın həmrəyliyi ilə davam edir.

Bu gün Cəbrayıl haqqında danışarkən biz yalnız dağıdılmış bir şəhərin tarixindən danışmırıq. Biz həm də dirçələn, yenidən qurulan və gələcəyə inamla addımlayan bir şəhərdən danışırıq. Cəbrayılın taleyi Azərbaycan xalqının tarixinin, mübarizəsinin və zəfərinin bir parçasıdır.

Cəbrayılın azadlığı şəhidlərimizin qanı, qazilərimizin şücaəti, əsgər və zabitlərimizin qəhrəmanlığı ilə yazılmış tarixdir. Bu tarixi yaşatmaq, onun həqiqətlərini gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Cəbrayıl şəhəri bu gün azadlığın rəmzi kimi öz yeni tarixini yazır. Dünən vandalizmin izlərini daşıyan bu torpaq bu gün quruculuğun səsini eşidir. Bu isə Azərbaycanın zəfərinin və xalqımızın iradəsinin ifadəsidir.

Günel İsmayılzadə

YAP Ordubad rayon təşkilatının fəalı

Digər xəbərlər