1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycanın müasir dövlətçilik tarixinə sadəcə bir siyasi hadisə kimi deyil, bütöv bir millətin taleyini qaranlıqdan işığa çıxaran böyük dönüş nöqtəsi kimi həkk olunmuşdur. Həmin tarixi gündə xalqın mütləq əksəriyyətinin böyük etimadını və sonsuz sevgisini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev, ölkəni daxili xaosun, parçalanma təhlükəsinin və dərin iqtisadi tənəzzülün girdabından xilas etdi. Bu səsvermə, uçurumun kənarında dayanan bir dövlətin yenidən dirçəlişinə, müstəqilliyinin əbədi və sarsılmaz təməllər üzərində qurulmasına verilən tarixi bir qərar idi.
Həmin dövrdə Azərbaycan Ermənistanın hərbi təcavüzü, daxili siyasi çəkişmələr və vətəndaş müharibəsi alovu ilə sınağa çəkilərək azadlığını itirmək astanasında idi. Xalqın səsinə səs verərək Bakıya qayıdan və xilaskarlıq missiyasını çiyinlərinə götürən Ulu Öndər qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi və qardaş qırğınının qarşısını alaraq qəlblərdə sönməkdə olan ümid çırağını yenidən yandırdı. Heydər Əliyevin uzaqgörən siyasəti, 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi" ilə ölkənin iqtisadi müstəqilliyini təmin etdi, ilk milli Konstitusiyanın qəbulu və qurulan nizami ordu ilə demokratik, hüquqi dövlət quruculuğunun sarsılmaz təməl daşlarını qoydu.
1993-cü il oktyabrın 3-də əsası qoyulan bu müdrik və işıqlı siyasi kurs, 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni əsrin çağırışlarına uyğun olaraq böyük qətiyyətlə davam etdirildi. Ulu Öndərin milli dövlətçilik vəsiyyətlərini və arzularını addım-addım gerçəkləşdirən Prezident İlham Əliyev, ötən illər ərzində Azərbaycanı iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövlətinə çevirdi. Bu strateji hazırlıq və milli birlik xalqımızın otuz illik Qarabağ nisgilinə son qoyaraq ölkəmizi şanlı bir Zəfər zirvəsinə daşıdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin polad iradəsi sayəsində 2020-ci ilin payızında cəmi 44 gün ərzində Qarabağ torpaqları işğaldan azad edildi və otuz illik ədalətsizliyə son qoyuldu. Bunun ardınca 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror tədbirləri ilə ölkə ərazisində separatizmin kökü tamamilə kəsildi. Prezident İlham Əliyevin Xankəndidə, Şuşada, Xocalıda və azad edilmiş digər qədim yurdlarımızda üçrəngli müqəddəs bayrağımızı ucaltması ilə dövlətimizin suverenliyi bütün ölkə miqyasında tam və qəti şəkildə bərqərar oldu. Bu gün həmin torpaqlarda həyata keçirilən irimiqyaslı yenidənqurma işləri və Böyük Qayıdış layihələri, bu tarixi qələbənin əbədi intibahıdır.
Nəticə etibarilə, 3 oktyabr 1993-cü il seçkiləri dağılmaqda olan bir məmləkətin bu gün dünyada söz sahibi olan, beynəlxalq arenalarda qürurla təmsil edilən qalib və qüdrətli bir dövlətə çevrilməsinin müqəddəs başlanğıcıdır. Heydər Əliyevin dühasından qaynaqlanan uzaqgörən dövlətçilik strategiyası və Prezident İlham Əliyevin bu kursu tarixi Zəfərlərlə taclandıran sarsılmaz iradəsi, müasir müstəqil Azərbaycanın parlaq gələcəyinin ən güclü təminatıdır.
Sitarə Babayeva
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının məsləhətçisi