PDF Oxu

Siyasət

  • 992

Bir ömrə sığmayan xilaskarlıq salnaməsi - ŞƏRH

image

1993-cü ilin yayı Azərbaycan üçün adi siyasi dəyişikliklər dövrü deyildi. Dövlətin idarə olunması iflic vəziyyətinə düşmüş, cəbhədə ağır məğlubiyyətlər davam etmiş, hakimiyyətlə hərbi qüvvələr arasında qarşıdurma dərinləşmiş, ölkənin müxtəlif bölgələrində silahlı toqquşma təhlükəsi yaranmışdı. Belə bir vaxtda Bakıya qayıdan Ulu Öndər Heydər Əliyevin qarşısında sadəcə hakimiyyətə gəlmək deyil, dağılmaq təhlükəsi ilə üz-üzə qalan dövlət idarəçiliyini yenidən qurmaq, ölkəni qarşıdurma mühitindən çıxarmaq və müstəqilliyin gələcəyini təmin etmək kimi tarixi məsuliyyət dayanırdı. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının kəskinləşməsi fonunda vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsinin yarandığı bir vaxtda xalq Ulu Öndərin hakimiyyətə gəlməsi tələbi ilə çıxış edirdi. Həmin günlərdə Azərbaycanın qarşılaşdığı mənzərə müstəqilliyin ilk illərinin nə qədər ağır sınaqlardan keçdiyini göstərirdi. Ermənistanın hərbi təcavüzü davam edir, işğal olunan ərazilərin sayı artır, iqtisadi vəziyyət ağırlaşır, siyasi hakimiyyət daxilində ziddiyyətlər dərinləşirdi. Digər tərəfdən, dövlət hakimiyyətinə tabe olmayan silahlı dəstələrin meydana çıxması ölkədə sabitliyi daha da kövrək vəziyyətə gətirmişdi. Gəncədə dövlət nümayəndələrinin girov götürülməsi və hərbi qarşıdurma təhlükəsinin yaranması böhranın miqyasını açıq şəkildə göstərirdi. Məhz belə bir şəraitdə cəmiyyətin diqqəti Naxçıvana – siyasi fəaliyyəti ilə artıq dövlətçilik baxımından öz mövqeyini ortaya qoymuş Heydər Əliyevə yönəldi. Xalqın təkidli tələbi nəticəsində o, 1993-cü il iyunun 9-da Bakıya gəldi. Bir neçə gün sonra – iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. İyunun 24-dən isə Prezident səlahiyyətlərini həyata keçirməyə başladı.

Bu qayıdışın mühüm tərəfi yalnız siyasi hakimiyyət dəyişikliyi ilə məhdudlaşmırdı. Heydər Əliyev qarşıdurmanın daha da dərinləşməsinin qarşısını almaq üçün son dərəcə mürəkkəb siyasi proseslərin içərisinə daxil oldu. 13 iyun 1993-cü ildə Gəncəyə getməsi də həmin prosesin mühüm məqamlarından biri idi. Ulu Öndərin Gəncədəki görüşləri qarşı-qarşıya duran tərəflərin sakitləşməsinə və daha böyük fəlakətin qarşısının alınmasına əvəzsiz təsir göstərdi.

15 iyun tarixi beləliklə, hadisələrin son nöqtəsi deyil, daha böyük dövlətçilik prosesinin başlanğıcı oldu. Qarşıda ölkədə sabitliyin təmin edilməsi, dövlət institutlarının bərpası, nizami ordu quruculuğunun gücləndirilməsi, iqtisadi tənəzzülün qarşısının alınması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi kimi ağır vəzifələr dayanırdı.

3 oktyabr 1993-cü il isə iyun ayında başlanan siyasi dönüşün xalqın iradəsi ilə rəsmiləşdiyi tarix oldu. Həmin gün keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da onun ölkə rəhbərliyindəki fəaliyyəti artıq yalnız parlament sədrliyi və prezident səlahiyyətlərinin icrası çərçivəsində deyil, ümumxalq seçimi ilə verilmiş prezidentlik mandatı əsasında davam etdi.

Bu tarixin mahiyyətini anlamaq üçün 3 oktyabrı həmin dövrün digər hadisələrindən ayırmaq mümkün deyil. 1993-cü ilin may-iyun böhranı, Heydər Əliyevin Bakıya dəvət olunması, iyunun 15-də Ali Sovetin Sədri seçilməsi, iyun-iyul aylarında dövlət idarəçiliyinin yenidən təşkilinə başlanması və nəhayət, oktyabrın 3-də xalqın prezident seçkisində öz iradəsini ifadə etməsi eyni siyasi xəttin ardıcıl mərhələləri idi.

1993-cü ilin Azərbaycanı ilə sonrakı Azərbaycanı müqayisə edərkən bir məqam xüsusilə diqqət çəkir - dövlətçiliyin qorunması üçün ilk növbədə siyasi sabitliyin təmin edilməsi zəruri idi. Rəsmi tarixi materiallarda Ulu Öndərin hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğu, təhlükəsizliyin və ərazi bütövlüyünün təmin edilməsi, iqtisadiyyatın bərpası və beynəlxalq əlaqələrin genişləndirilməsinin əsas istiqamətlər kimi müəyyənləşdirildiyi göstərilir.

3 oktyabrın başqa bir mühüm xüsusiyyəti də ondan ibarətdir ki, bu tarix yalnız bir seçkinin nəticəsini deyil, dövlətçilik qarşısında məsuliyyətin konkret siyasi kursa çevrilməsini ifadə edir. İllər sonra həmin dövrə qayıdan rəsmi çıxışlarda da 1993-cü ilin hadisələri Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi ağır sınaqlar kontekstində qiymətləndirilib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bağlı tarixi qiymətləndirmələr müxtəlif ifadələrlə səsləndirilsə də, faktların özü dəyişmir - ölkə ağır böhran içərisində idi; xalq onun siyasi rəhbərliyə gəlməsini tələb edirdi. Ulu Öndər üçün 3 oktyabr hakimiyyətə gəlməyin başlanğıcı deyil, xalqın etimadı ilə üzərinə götürdüyü xilaskarlıq missiyasının növbəti və mühüm mərhələsi idi. Çünki həmin missiyanın əsasında şəxsi siyasi ambisiya deyil, dövlətin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişafı üçün siyasi təməlin yaradılması dayanırdı. Bu baxımdan 3 oktyabr 1993-cü il Azərbaycan dövlətçilik tarixində bir tarixdən daha artıq məna daşıyır. Bu tarix 1993-cü ilin ağır sınaqları içərisində dövlətin taleyinin yenidən müəyyənləşdirildiyi, xalqın öz siyasi iradəsini ortaya qoyduğu və Heydər Əliyevin Azərbaycan Prezidenti kimi dövlət quruculuğunun yeni mərhələsinə başladığı gün kimi yadda qaldı.

Xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür yolu isə yalnız həmin günlə ölçülə bilməz. Onun siyasi fəaliyyətinin Naxçıvan mərhələsindən başlayaraq 1993-cü ildə Bakıya qayıdışına, dövlətçiliyin qorunması istiqamətində atdığı addımlara və sonrakı quruculuq prosesinə qədər uzanan xətt bir neçə onilliyi əhatə edir. Məhz buna görə onun Azərbaycan tarixindəki rolunu bir tarixə sığdırmaq mümkün deyil. 3 oktyabr 1993-cü il həmin böyük salnamənin mühüm səhifələrindən biridir. Bir səhifə ki, arxasında böhran içində olan Azərbaycanın taleyi, qarşısında isə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi dayanırdı. Bu, xalqının Ümummilli Lideri Heydər Əliyevin bir ömrə sığmayan xilaskarlıq salnaməsində dövlətçilik tariximizin yaddaşında əbədi yer tutan səhifələrdən biridir.

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər