Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı Azərbaycanın gələcək iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edib və moderator, “Global Infrastructure Partners” şirkətinin sədri və baş icraçı direktoru Adebayo Oqunlesinin suallarını cavablandırıb. Dövlət başçısının tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın iqtisadi inkişafının mövcud nəticələri ilə yanaşı, qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetləri də əhatə edib. Çıxışda investisiya mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, bərpaolunan enerji, nəqliyyat və logistika, rəqəmsal infrastruktur, kənd təsərrüfatı, enerji ixracı və regional bağlantıların genişləndirilməsi kimi mühüm istiqamətlər xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişaf perspektivlərindən danışarkən son illərdə görülən işlərin ölkənin qarşıdakı mərhələdə iqtisadi inkişafı üçün mühüm baza yaratdığını bildirib. Dövlət başçısının sözlərinə görə, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem olmadan gələcək inkişafdan danışmaq çətin olardı. Məhz bu amillər Azərbaycanın beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə imkan verib. Prezident qeyd edib ki, son 20 il ərzində Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşüb. Bu göstərici ölkənin investisiya siyasətinin uzunmüddətli xarakter daşıdığını və Azərbaycanın beynəlxalq biznes dairələri ilə formalaşdırdığı tərəfdaşlığın miqyasını göstərir. Azərbaycanın investisiya siyasəti yalnız maliyyə vəsaitlərinin cəlb edilməsinə deyil, eyni zamanda yeni texnologiyaların, innovasiyaların, idarəetmə təcrübəsinin və müasir biznes modellərinin ölkəyə gətirilməsinə istiqamətlənir. Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində də qeyd etdiyi kimi, Azərbaycan investorlarla əməkdaşlıqda kapitaldan əlavə texnologiya, təcrübə, innovasiya və yeni bazarlara çıxışı mühüm amillər kimi qiymətləndirir.
İqtisadiyyatın şaxələndirilməsi əsas prioritetlərdəndir. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məsələlərdən biri Azərbaycanın neft-qaz sektorundan əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi və qeyri-neft sektorunun imkanlarının genişləndirilməsidir. Dövlət başçısı bildirib ki, neft və qaz Azərbaycanın iqtisadiyyatında mühüm rolunu qoruyacaq. Bununla yanaşı, uzunmüddətli və dayanıqlı iqtisadi artım üçün qeyri-neft sektorunda mövcud potensialdan daha geniş istifadə edilməlidir. Bu baxımdan bərpaolunan enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, sənaye və digər sahələr Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Bu yanaşma Azərbaycanın enerji resurslarına əsaslanan iqtisadi modeldən daha çoxşaxəli, innovativ və yüksək əlavə dəyər yaradan iqtisadi sistemə keçid istiqamətində həyata keçirdiyi siyasətin davamıdır. Prezident İlham Əliyev bərpaolunan enerjini Azərbaycanın qarşıdakı dövrdə əsas iqtisadi inkişaf istiqamətlərindən biri kimi təqdim edib. Dövlət başçısı bildirib ki, Azərbaycanın böyük bərpaolunan enerji potensialı mövcuddur. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının yüksək olması ölkənin gələcəkdə regional və beynəlxalq enerji bazarlarında rolunun genişlənməsi üçün yeni imkanlar yaradır. Azərbaycan artıq günəş və külək elektrik stansiyalarının yaradılması istiqamətində layihələr həyata keçirir. Qarşıdakı illərdə ölkənin müxtəlif ərazilərində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəzərdə tutulur. Bu siyasətin mühüm istiqamətlərindən biri də təbii qazın elektrik enerjisi istehsalında istifadəsinin tədricən optimallaşdırılması və mövcud qaz ehtiyatlarının daha çox ixrac məqsədlərinə yönəldilməsidir. Beləliklə, Azərbaycanın enerji strategiyası yalnız ənənəvi enerji resurslarının hasilatı və ixracı ilə məhdudlaşmır, eyni zamanda yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracını əhatə edən yeni mərhələyə qədəm qoyur. Azərbaycan Avropa ilə Asiya arasında mühüm bağlantı məkanına çevrilir. Prezident İlham Əliyevin çıxışında nəqliyyat və logistika məsələlərinə xüsusi yer verilməsi Azərbaycanın geoiqtisadi mövqeyinin əhəmiyyətini bir daha göstərir.
Azərbaycanın Şərqlə Qərbi, eyni zamanda Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat marşrutlarının üzərində yerləşməsi ölkəyə regional tranzit imkanlarından daha geniş istifadə etməyə şərait yaradır. Son illərdə dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına və hava nəqliyyatına böyük həcmdə investisiyaların yatırılması Azərbaycanın nəqliyyat infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına imkan verib. Prezident İlham Əliyev bildirib ki, tranzit ölkəyə çevrilmək üçün yalnız daxili infrastrukturun yaradılması kifayət deyil. Bunun üçün qonşu dövlətlərlə və daha geniş regionla qarşılıqlı əlaqələrin və etibarlı münasibətlərin mövcudluğu da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri ölkənin regional iqtisadi əlaqələr sistemində rolunu artırır. Forum çərçivəsində müzakirə olunan əsas mövzulardan biri də Orta Dəhlizin inkişaf perspektivləri olub. Forumun ümumi gündəliyində regional bağlantıların, nəqliyyat dəhlizlərinin və yeni təchizat zəncirlərinin formalaşması mühüm yer tutub. Müasir dünyada təchizat zəncirlərinin yenidən formalaşması yeni nəqliyyat marşrutlarına olan tələbatı artırır. Bu baxımdan Azərbaycan ərazisindən keçən marşrutlar Avropa ilə Asiya arasında yükdaşımaların şaxələndirilməsi baxımından əhəmiyyət daşıyır. Azərbaycanın dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatı imkanlarının inkişaf etdirilməsi ölkənin tranzit potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir.
Prezident İlham Əliyev çıxışında elektrik enerjisinin ötürülməsi ilə bağlı beynəlxalq layihələrə də diqqət çəkib. Azərbaycanın Özbəkistan və Qazaxıstanla birlikdə Xəzər dənizinin dibi ilə keçəcək sualtı elektrik kabelinin yaradılması istiqamətində əməkdaşlığı Mərkəzi Asiya ilə Azərbaycanı, daha sonra isə Avropanı enerji baxımından birləşdirmək məqsədi daşıyır. Bundan başqa, Azərbaycan, Gürcüstan və Rumıniya arasında Qara dənizin dibi ilə elektrik enerjisinin ötürülməsini nəzərdə tutan layihə də ölkənin enerji bağlantıları baxımından mühüm istiqamətlərdən biridir. Bu layihələr Azərbaycanın yalnız enerji istehsalçısı və ixracatçısı deyil, eyni zamanda enerji bağlantılarının formalaşmasında iştirak edən regional tərəfdaş kimi mövqeyini gücləndirə bilər. Maliyyə sabitliyi investisiya mühitinin əsas amillərindən biridir. Prezident İlham Əliyev Azərbaycanın maliyyə sabitliyinə toxunarkən dövlət borcunun aşağı səviyyədə olduğunu və valyuta ehtiyatlarının ölkənin xarici öhdəliklərini əhəmiyyətli dərəcədə üstələdiyini bildirib.
Dövlət başçısı həmçinin manatın məzənnəsinin uzun müddətdir sabit olduğunu qeyd edib. Bu amillər Azərbaycanın makroiqtisadi sabitliyinin əsas göstəriciləri kimi təqdim olunub. İnvestor üçün proqnozlaşdırılan iqtisadi və maliyyə mühiti uzunmüddətli layihələrin həyata keçirilməsində mühüm amillərdən biridir. Azərbaycanın investisiya siyasətində sabitlik, proqnozlaşdırıla bilənlik və qarşılıqlı etimadın önə çəkilməsi də məhz bu yanaşmanı ifadə edir. Prezident İlham Əliyev neft-qaz sektorunun Azərbaycanın iqtisadiyyatında mühüm rolunu qoruyacağını da vurğulayıb. Forum çərçivəsində yeni enerji layihələri ilə bağlı mühüm müqavilələrin imzalanması nəzərdə tutulub. Dövlət başçısı qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi, həmçinin “Abşeron” yatağının işlənilməsinin növbəti mərhələsi ilə bağlı layihələrdən danışıb. Prezidentin sözlərinə görə, “Abşeron” yatağının inkişafının növbəti mərhələsi Azərbaycanın qaz hasilatını orta müddətdə əlavə olaraq artırmaq imkanına malikdir. Bu yanaşma Azərbaycanın enerji siyasətində ənənəvi enerji resursları ilə yeni enerji istiqamətlərinin paralel inkişaf etdirildiyini göstərir. Dövlət başçısının diqqət çəkdiyi digər mühüm sahə kənd təsərrüfatıdır. Qlobal iqlim dəyişiklikləri, quraqlıq, təchizat zəncirlərində yaranan problemlər və müxtəlif bazarlarda ərzaq təhlükəsizliyi ilə bağlı risklər aqrar sektorun strateji əhəmiyyətini artırır.
Azərbaycanın kənd təsərrüfatı sahəsində həm yerli, həm də xarici investorlar üçün yeni imkanlar yaratması bu baxımdan mühüm əhəmiyyət daşıyır. İstehsalın artırılması, müasir texnologiyaların tətbiqi, emal sənayesinin genişləndirilməsi və aqrar məhsulların ixrac imkanlarının artırılması qeyri-neft sektorunun inkişafına mühüm töhfə verə bilər.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun gündəliyində süni intellekt, innovasiya və rəqəmsal transformasiya da mühüm yer tutub. Forum çərçivəsində müxtəlif iqtisadi sahələr üzrə rəqəmsal texnologiyaların tətbiqi və yeni əməkdaşlıq imkanları müzakirə edilib. Prezident İlham Əliyevin çıxışında da Azərbaycanın qlobal rəqəmsal infrastruktur şirkətləri ilə əməkdaşlığının genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamət Azərbaycanın gələcək iqtisadi modelində innovasiya və yüksək texnologiyaların rolunun artırılmasını nəzərdə tutur. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yalnız fikir və müzakirə platforması kimi deyil, həm də konkret investisiya təşəbbüslərinin irəli sürüldüyü mühüm beynəlxalq iqtisadi tədbir kimi yadda qalıb.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb. Bu sənədlər süni intellekt, enerji, bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər sahələri əhatə edir. Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alındıqda, planlaşdırılan birgə layihələrin ümumi dəyərinin 16,7 milyard ABŞ dollarına çatdığı bildirilib.
Azərbaycanın investisiya fəlsəfəsi: kapitaldan daha çox tərəfdaşlıq Prezident İlham Əliyevin çıxışında mühüm məqamlardan biri Azərbaycanın investorlara münasibətinin yalnız maliyyə kapitalının cəlb edilməsi ilə məhdudlaşmadığının vurğulanmasıdır. Azərbaycan texnologiya, təcrübə, innovasiya və yeni bazarlara çıxış imkanlarını da investisiya əməkdaşlığının mühüm komponentləri hesab edir. Bu yanaşma ölkə iqtisadiyyatının modernləşdirilməsi və rəqabətqabiliyyətliliyinin artırılması məqsədləri ilə uzlaşır. Beləliklə, Azərbaycan üçün investor yalnız kapital mənbəyi deyil, həm də yeni texnologiyaların, biliklərin, müasir idarəetmə təcrübəsinin və beynəlxalq bazarlara çıxış imkanlarının tərəfdaşı kimi nəzərdən keçirilir. Forumun əsas mövzusu – “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” – regionun qarşısında açılan yeni iqtisadi imkanları da ifadə edir.
Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində Cənubi Qafqazda formalaşan sülh mühitinin regional əməkdaşlıq, əlaqəlilik, ticarət və investisiyalar üçün yeni imkanlar yaratdığını vurğulayıb. Bu baxımdan Azərbaycanın mövqeyi yalnız milli iqtisadi inkişafla məhdudlaşmır. Ölkə regional nəqliyyat, enerji, ticarət və investisiya əlaqələrinin genişləndirilməsində fəal iştirak edən dövlət kimi çıxış edir. Prezident İlham Əliyevin Forumdakı çıxışının əsas mesajlarından biri Azərbaycanın beynəlxalq biznes və investisiya dairələri üçün açıq olması ilə bağlı olub. Dövlət başçısı xarici investorları ölkənin real imkanlarını yerində görməyə, Azərbaycanı yalnız müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında deyil, öz təcrübələri əsasında qiymətləndirməyə çağırıb.
Bu yanaşma Azərbaycanın investisiya siyasətində şəffaf dialoqa, birbaşa ünsiyyətə və uzunmüddətli tərəfdaşlığa verilən əhəmiyyəti göstərir.Prezident İlham Əliyev Forumda iştirak edən investorların və biznes nümayəndələrinin Azərbaycanda müəyyən müddət qalaraq ölkənin inkişafını, iqtisadi mühitini və imkanlarını bilavasitə müşahidə etməsinin əhəmiyyətini vurğulayıb. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın dünya iqtisadi sistemində artan rolunun, ölkənin investisiya imkanlarının və regional bağlantı potensialının təqdim edilməsi baxımından mühüm platformaya çevrildi. Prezident İlham Əliyevin Forum çərçivəsində keçirilən tədbirdə çıxışı Azərbaycanın iqtisadi inkişafında sabitlik, investisiya, enerji, logistika, rəqəmsallaşma, innovasiya və regional əməkdaşlığın bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirildiyini göstərdi. Forum çərçivəsində 10,8 milyard ABŞ dolları dəyərində layihələri əhatə edən 23 sənədin imzalanması isə tədbirin konkret iqtisadi nəticələrini nümayiş etdirdi. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın yalnız investisiya cəlb edən ölkə kimi deyil, həm də regionda yeni iqtisadi və nəqliyyat bağlantılarının, enerji layihələrinin, innovasiya təşəbbüslərinin və beynəlxalq tərəfdaşlıqların formalaşmasında iştirak edən mühüm iqtisadi mərkəz kimi mövqeyinin təqdim edildiyi beynəlxalq platforma oldu.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri.