PDF Oxu

Siyasət

  • 516

Xalqının xilaskarı olan Lider - ŞƏRH

image

3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkilərində xalqımız Ümummilli Lider Heydər Əliyevə yüksək etimad göstərdi. Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsi milli dövlətçilik tariximizin ən mühüm səhifələrindən birini təşkil edir. Bundan sonra həyata keçirilən siyasi kurs dövlətimizin gerçək müstəqilliyini təmin etdi. Xalqın ümidlərini doğruldan böyük dövlət xadimi Heydər Əliyevin fəaliyyəti nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ordu quruculuğu prosesinə başlanıldı. Qarabağ müharibəsində atəşkəs əldə edildi, Ermənistan-Azərbayan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı. Strateji əhəmiyyətli addımların atılması Azərbaycanın tərəqqisinə xidmət etməklə mütərəqqi inkişaf planının həyata keçirilməsinə imkan verdi. Paralel olaraq hüquqi, demokratik dövlət quruculuğuna xidmət edən tədbirlərin reallaşdırılması müasir müstəqil Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsinə xidmət etmiş oldu. Ölkədə ilk parlament seçkilərinin keçirilməsi, referendum vasitəsilə Konstitusiyanın qəbul edilməsi, məhkəmə islahatlarının aparılması, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi Heydər Əliyev siyasətinin hüquqi dövlət qurmaq prinsipinin əsas bazası hesab edilir. Bütün bunlar Azərbaycanın demokratik inkişaf yolunda irəliləməsinə
əminlik yaratdı.
Eyni zamanda, milli maraqlara əsaslanan, hərtərəfli xarici siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, müstəqil milli dövlət kimi dünya birliyinə uğurla inteqrasiya olunması Heydər Əliyevin müstəsna əhəmiyyətə malik olan tarixi xidmətləri sırasında xüsusi yer tutur. Özəlliklə də, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan praqmatik enerji strategiyasının uğurla icra olunması Azərbaycanın iqtisadi inkişafına xidmət etdi, mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradıldı. Şübhəsiz ki, 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti və səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatlarıyla zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə idi. Artıq uzun illərdir ki, neft strategiyası uğurla həyata keçirilir və ölkəmiz bu sahədə ən etibarlı tərəfdaş kimi tanınır.Bu günə qədər Azərbaycanın təşəbbüsü və liderliyi ilə çoxsaylı enerji layihələri reallaşdırılıb.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli mühüm yer tuturdu. Münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli strateji prioritet kimi müəyyənləşdirilmişdi. Bu istiqamətdə reallıqlar, tarixi faktlar beynəlxalq ictimaiyyətin – dünya birliyinin nəzərinə çatdırıldı. Bunun nəticəsində zirvə toplantılarında Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi, Ermənistanın isə işğalçılıq siyasətinin pisləndiyinə dair qətnamələr, bəyanatlar qəbul olunmuşdu.
Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi illər sabitlik və inkişaf dövrü kimi yadda qaldı. Bu gün əminliklə və qətiyyətlə “Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” fikrini ifadə etməklə müstəsna tarixi reallığın üzərinə işıq salmış oluruq. Ən əsası, Heydər Əliyevin zəngin dövlətçilik irsi əbədiyaşar sərvət kimi hər bir azərbaycanlının qürur mənbəyini təşkil edir. Bu tükənməz sərvət gələcək nəsillər üçün zəngin xəzinədir və onun öyrənilməsi müstəsna əhəmiyyətə malikdir. Bu günə qədər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edən çoxsaylı fundamental tədqiqat əsərləri, qiymətli kitablar, dəyərli monoqrafiyalar yazılıb və bütün bunlar böyük dövlət xadiminin, dahi siyasətçinin zəngin siyasi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm kəsb edir.
Bugün müasir müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edərək öz qüdrətini daha da artırır. Ulu Öndərin layiqli varisi və alternativsiz siyasətinin davamçısı olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanır, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ən yüksək zirvələrdə əzəmətlə və qürurla dalğalanır.
Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda qətiyyətli addımlayıraq torpaqlarının işğaldan azad olunmasına nail oldu.
Müstəqil siyasət, güclü maliyyə imkanları və sürətlə yeni zirvələr fəth etməsi Azərbaycanın hərtərəfli inkişafını, xalq-iqtidar birliyini daha da möhkəmləndirir, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edir. Azərbaycanın son 23 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi siyasət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Xalq Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir.

Elçin Salahov
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi.

Digər xəbərlər