Azərbaycan tarixində elə günlər var ki, onların hər biri xalqımızın yaddaşında böyük qürur və ehtiram hissi ilə yaşayır. 4 oktyabr da məhz belə əlamətdar tarixlərdəndir. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Cəbrayıl şəhəri işğaldan azad edildi. Bu hadisə 27 il davam edən həsrətin sonu, Cəbrayıl sakinlərinin doğma yurda qayıdış ümidinin gerçəkləşməsinin başlanğıcı oldu. Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi təsis edildi.
Cəbrayıl şəhəri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində şəhərin və rayonun yerli əhalisi öz doğma torpaqlarından didərgin salındı, yaşayış məntəqələri və tarixi-mədəni irsə aid obyektlər dağıdıldı. Uzun illər ərzində Cəbrayıl sakinləri doğma şəhərlərinə qayıtmaq arzusu ilə yaşadılar. Bu illər ərzində torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpası Azərbaycan dövlətinin əsas milli məsələlərindən biri olaraq qaldı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu tarixi arzunun reallaşması üçün yeni mərhələ açdı. Müharibənin ilk günündə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Sonrakı günlərdə rayonun digər yaşayış məntəqələrinin azad olunması istiqamətində ağır döyüşlər aparıldı. Oktyabrın 3-də Cəbrayıl rayonunun bir sıra kəndlərinin azad edilməsindən sonra, oktyabrın 4-də Cəbrayıl şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Cəbrayılın azad edilməsi Vətən müharibəsinin gedişində mühüm hadisələrdən biri idi. Şəhərin azad olunması Azərbaycan Ordusunun hərbi imkanlarının, şəxsi heyətin yüksək döyüş ruhunun və qarşıya qoyulan məqsədə çatmaq əzminin göstəricilərindən biridir.Bu döyüşlər zamanı Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq və fədakarlıq göstərdilər. Cəbrayıl uğrunda döyüşlərdə şəhid olan hərbçilərin xatirəsi xalqımız üçün daim əzizdir.
Cəbrayılın azad edilməsi təkcə hərbi hadisə deyil, həm də tarixi ədalətin bərpası baxımından mühüm mərhələ oldu. 4 oktyabr 2020-ci ildə şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması illərlə doğma torpaqlarından ayrı düşmüş insanların böyük sevincinə səbəb oldu. Həmin gün Cəbrayılın azad edilməsi ilə bağlı xalqa müraciətində Prezident İlham Əliyev şəhərin azad olunmasını tarixi hadisə kimi qiymətləndirərək Cəbrayılın Azərbaycana məxsus olduğunu vurğuladı.
Lakin azad edilmiş Cəbrayılı qarşıda yalnız hərbi qələbənin deyil, həm də böyük quruculuq və bərpa prosesinin gözlədiyi aydın idi. İşğal dövründə şəhərin yaşayış və ictimai infrastrukturu ciddi şəkildə dağıdılmışdı. Buna görə də azadlıqdan sonra qarşıya qoyulan əsas vəzifələrdən biri Cəbrayılın yenidən qurulması, müasir şəhər infrastrukturu ilə təmin edilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunmasıdır.
Cəbrayılın gələcəyi həm də Böyük Qayıdış konsepsiyasının mühüm istiqamətlərindən biridir. Yeni yaşayış məhəllələrinin, sosial obyektlərin, yolların və digər infrastrukturun yaradılması şəhərin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verir. 2021-ci ildə Cəbrayıl şəhərinin bərpasının təməli qoyulmuş, şəhərin tarixi və müharibə yaddaşının qorunması məqsədilə memorial və muzey komplekslərinin yaradılması ilə bağlı layihələr təqdim edilmişdir.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü həm keçmişi xatırlamaq, həm də gələcəyə baxmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu tarix 27 illik ayrılığın başa çatdığı, Cəbrayılın yenidən Azərbaycanın nəzarətinə qayıtdığı gün kimi tariximizdə xüsusi yer tutur. Eyni zamanda, bu gün şəhidlərin xatirəsini ehtiramla yad etmək, müharibə iştirakçılarının göstərdiyi qəhrəmanlığı xatırlamaq və azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərinin əhəmiyyətini dərk etmək üçün bir fürsətdir.
Cəbrayılın azadlığı ilə başlayan yeni mərhələ bu qədim şəhərin yenidən dirçəlməsi ilə davam edir. Vaxtilə insanları doğma yurdlarından didərgin salınan Cəbrayıl bu gün yenidən qurulur, yaşayış üçün müasir imkanlar yaradılır və şəhərin gələcək inkişafı üçün geniş layihələr həyata keçirilir. 4 oktyabr artıq yalnız keçmişdə baş vermiş bir hərbi hadisənin tarixi deyil, həm də Cəbrayılın dirçəlişinin, Böyük Qayıdışın və yeni inkişaf mərhələsinin rəmzidir
Nicat Əsədli
YAP Ordubad rayon təşkilatının əməkdaşı