PDF Oxu

Siyasət

  • 606

Cəbrayılın azadlığı: Zəfər tariximizin şanlı səhifəsi - ŞƏRH

image

4 Oktyabr – Cəbrayıl şəhəri günü Azərbaycanın ərazi bütövlüyünün bərpasını, xalqımızın tarixi torpaqlarına qayıdışını və Zəfər salnaməmizin parlaq səhifələrindən birini təcəssüm etdirən əlamətdar tarixdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi təsis edilməsi bu tarixi hadisənin milli yaddaşımızda əbədiləşdirilməsinə xidmət edir.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, rayonun yerli əhalisi doğma yurdlarından didərgin salınmış, yaşayış məntəqələri, tarixi-mədəni irs nümunələri və sosial infrastruktur dağıdılmışdır. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 1050 kvadratkilometr ərazini əhatə edən və 52 min nəfər əhalinin yaşadığı Cəbrayıl ağır humanitar və maddi itkilərlə üzləşmişdir. İşğal nəticəsində 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı və çoxsaylı yaşayış məntəqələri dağıdılmış, rayon iqtisadiyyatına milyardlarla dollar həcmində ziyan vurulmuşdur.
Cəbrayılın işğalı həm də insan talelərində silinməz izlər buraxmışdır. Birinci Qarabağ müharibəsində rayonun yüzlərlə sakini şəhid olmuş, yüzlərlə insan yaralanaraq əlilliklə üzləşmiş, altı cəbrayıllı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Lakin bütün bu ağrılı illər ərzində cəbrayıllıların doğma torpağa qayıtmaq əzmi və Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası istiqamətindəki iradəsi heç vaxt sarsılmamışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın haqq və ədalətin bərpası uğrunda mübarizəsinin həlledici mərhələsinə çevrildi. Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri sentyabrın 27-də, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri isə oktyabrın 3-də azad edildi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri ilə yanaşı, rayonun doqquz kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl işğaldan azad olundu.
Cəbrayıl şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində xüsusi strateji və mənəvi əhəmiyyət daşıdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Cəbrayıl müharibə zamanı azad edilən ilk şəhər oldu və bu Qələbə Azərbaycan Ordusunun sonrakı uğurlu əməliyyatları üçün mühüm imkanlar yaratdı. Cəbrayıl istiqamətində əldə olunan uğurlar Xocavənd, Hadrut, Zəngilan, Qubadlı və digər istiqamətlərdə hərbi əməliyyatların davam etdirilməsi üçün əlverişli şərait formalaşdırdı.
Cəbrayıl əməliyyatı düşmənin qurduğu çoxsaylı istehkamların yarılması, mürəkkəb relyef və şiddətli döyüşlərlə müşayiət olunmuşdur. Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və peşəkarlıq nəticəsində 27 illik işğala son qoyulmuş, şəhər və rayonun böyük hissəsi azad edilmişdir. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin azad edilməsi isə xalqımızın Zəfər yolunda mühüm dönüş nöqtələrindən biri kimi tarixə düşmüşdür.
Cəbrayılın azadlığından sonra Azərbaycan dövlətinin qarşısında yeni vəzifə – dağıdılmış şəhərin yenidən qurulması, əhalinin doğma yurduna qayıdışının təmin edilməsi və bölgənin dayanıqlı inkişafının formalaşdırılması dayanırdı. Bu istiqamətdə görülən işlər qısa müddətdə öz miqyasını və nəticələrini göstərməyə başladı.
Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri də bu prosesin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. 16 noyabr 2020-ci ildə dövlət başçısı Xudafərin körpüsündə Azərbaycan Dövlət Bayrağını ucaltdı, Cəbrayıl şəhərinə səfər edərək burada Ermənistanın polis idarəsinin yerləşdiyi binaya və dağıdılmış şəhər mərkəzinə baxdı. 2021-ci il fevralın 14-də Cəbrayıl rayonunda görülən kənd təsərrüfatı işləri ilə tanışlıq, aprelin 26-da isə rayonun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsinin bərpası, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı və hərbi qulluqçularla görüş həyata keçirildi.
2021-ci ilin oktyabrında Cəbrayılın gələcək inkişafının təməli daha geniş miqyaslı layihələrlə qoyuldu. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin, Rayon Mərkəzi Xəstəxanasının, məktəbin və ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu, Cəbrayıl şəhərinin bərpası və Memorial Kompleksin yaradılması ilə bağlı mühüm addımlar atıldı.
Beləliklə, Cəbrayılın tarixində yeni mərhələ – Zəfərdən quruculuğa, dağıntılardan dirçəlişə keçid mərhələsi başladı. Bu gün Cəbrayıl yalnız azad edilmiş şəhər kimi deyil, Böyük Qayıdışın, müasir şəhərsalmanın və Qarabağda yeni həyatın rəmzlərindən biri kimi formalaşır. İşğaldan sonra şəhərdə yaşayış komplekslərinin inşası və sakinlərin mərhələli şəkildə doğma yurda qayıdışı bu prosesin mühüm nəticələrindəndir.
4 Oktyabr – Cəbrayıl şəhəri günü bu baxımdan yalnız bir tarixi hadisənin ildönümü deyil. Bu gün 27 illik həsrətin sona çatmasını, Azərbaycan Ordusunun qəhrəmanlığını, dövlətimizin qətiyyətini və doğma torpaqlarda həyatın yenidən bərpa olunmasını özündə birləşdirən Zəfər rəmzidir. Cəbrayılın azadlığı ilə başlayan yeni tarix doğma yurda qayıdan insanların sevincində, ucalan yeni binalarda, çəkilən yollar və yaradılan müasir infrastrukturda davam edir. Bu gün Cəbrayılın simasında Azərbaycanın Zəfəri və quruculuq iradəsi bir arada görünür.

Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər