PDF Oxu

Siyasət

  • 522

Müstəqil xarici siyasət: heç bir bloka qoşulmadan qlobal tərəfdaşlıq yolu - ŞƏRH

image

2 oktyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə oldu. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən bu qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı isə həm partiyamızın qarşısında duran vəzifələrə, həm də dövlətimizin gələcək inkişaf istiqamətlərinə aydınlıq gətirdi.
Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqillik, milli maraqların qorunması və suveren qərarların qəbul edilməsi təşkil edir. Ölkəmiz heç bir hərbi-siyasi bloka qoşulmadan, hər hansı güc mərkəzinin təsiri altına düşmədən dünya dövlətləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında münasibətlər qurur. Bu siyasət Azərbaycanın öz milli maraqlarını qoruyaraq beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutmasına imkan verir.
Müstəqil xarici siyasət ilk növbədə milli maraqlara söykənir. Azərbaycan üçün əsas meyar hər hansı dövlətin mövqeyi deyil, qəbul edilən qərarın ölkəmizin təhlükəsizliyinə, inkişafına və xalqımızın rifahına nə dərəcədə xidmət etməsidir. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan öz xarici siyasətini milli maraqlar əsasında qurur və heç bir kənar təsirin ölkənin daxili və xarici siyasətinə müdaxiləsinə imkan vermir.
Çinlə münasibətlər Azərbaycanın xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Dünyanın aparıcı iqtisadi güclərindən biri olan Çinlə əməkdaşlıq ticarət, investisiya, nəqliyyat və logistika sahələrində yeni imkanlar yaradır. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi və Şərq-Qərb nəqliyyat əlaqələrində rolunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
ABŞ ilə münasibətlər də müxtəlif istiqamətlər üzrə inkişaf edir. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik və digər sahələrdə qurulan əlaqələr Azərbaycanın beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir. Azərbaycanın həm Çin, həm ABŞ, həm də digər aparıcı dövlətlərlə münasibətlər qurması onun xarici siyasətinin balanslı və praqmatik xarakterini nümayiş etdirir.
Müstəqil xarici siyasətin digər mühüm istiqaməti çoxtərəfli əməkdaşlıqdır. Azərbaycan beynəlxalq və regional təşkilatlarda fəal iştirak etməklə öz mövqeyini ifadə edir və müxtəlif təşəbbüslərlə çıxış edir. D-8, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər platformalarla əməkdaşlıq ölkəmizin siyasi, iqtisadi və humanitar əlaqələrinin genişlənməsinə mühüm töhfə verir.
Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafı da Azərbaycanın regional siyasətində mühüm yer tutur. Ortaq tarixi və mədəni bağlarla yanaşı, nəqliyyat, enerji, ticarət və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevirir. Xüsusilə Orta Dəhliz üzrə əməkdaşlıq ölkəmizin tranzit imkanlarının və regional əhəmiyyətinin daha da artmasına şərait yaradır.
İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlər də Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan İslam dünyasında həmrəyliyin gücləndirilməsinə, müsəlman ölkələri arasında əməkdaşlığın inkişafına və islamofobiyaya qarşı mübarizəyə öz töhfəsini verir. Ölkəmizin bu platformadakı fəallığı Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricilərindən biridir.
Bütün bu istiqamətlər bir daha göstərir ki, müstəqil xarici siyasət təcrid olunmaq deyil. Əksinə, bu siyasət dünyanın müxtəlif dövlətləri ilə açıq dialoq qurmaq, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək və beynəlxalq proseslərdə fəal iştirak etmək deməkdir. Azərbaycan heç bir qütbün arxasınca getmədən, öz milli maraqlarını əsas götürərək müxtəlif tərəfdaşlarla münasibətlərini inkişaf etdirir.
Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artması, yeni iqtisadi və nəqliyyat imkanlarının yaranması, regional proseslərdə rolunun güclənməsi həyata keçirilən müstəqil və məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmiz artıq yalnız regional proseslərin iştirakçısı deyil, həm də mühüm beynəlxalq təşəbbüslərə öz töhfəsini verən dövlət kimi çıxış edir.
Nəticə etibarilə, Azərbaycanın müstəqil xarici siyasət kursu dövlətimizin suverenliyinin möhkəmləndirilməsinə, milli maraqlarımızın qorunmasına və ölkəmizin beynəlxalq mövqeyinin daha da güclənməsinə xidmət edir. Heç bir hərbi-siyasi bloka qoşulmadan bütün tərəfdaşlarla qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında əməkdaşlıq etmək Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindəndir. Bu kursun davam etdirilməsi ölkəmizin təhlükəsizliyi, inkişafı və gələcək uğurları üçün mühüm əhəmiyyət daşıyır.

Gülnar Əlizadə
YAP Şahbuz rayon Təhsil Şöbəsinin ərazi partiya təşkilatının sədri, Şahbuz rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

Digər xəbərlər