PDF Oxu

Siyasət

  • 923

Yeni Azərbaycan Partiyasının milli həmrəyliyin formalaşmasında rolu - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının 2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi diqqəti cəlb edir. Qurultay ölkənin müasir siyasi tarixində yeni mərhələnin formalaşdığı bir dövrə təsadüf edir və qarşıdakı illərdə dövlət qarşısında duran əsas strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tədbirin keçirildiyi mərhələ Azərbaycanın dövlət gücünün, milli həmrəyliyinin və uzunmüddətli müstəqil siyasətinin nəticələrinin daha aydın göründüyü bir dövr kimi xarakterizə olunur. VIII Qurultayın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından sonra keçirilməsidir. Bu amil qurultayın siyasi və tarixi əhəmiyyətini daha da artırır. Çünki uzun illər ərzində Azərbaycanın qarşısında dayanan başlıca milli məsələlərdən biri məhz ərazi bütövlüyünün təmin edilməsi olub. Hazırda isə Azərbaycan həmin tarixi məqsədə nail olaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlət kimi yeni inkişaf mərhələsinə daxil olub. Bu yeni reallıq ölkənin siyasi gündəliyinin məzmununa da təsir göstərir. Bu baxımdan VIII Qurultay yalnız Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi toplantı deyil. Eyni zamanda, Azərbaycanın keçdiyi Zəfər yolunun siyasi nəticələrinin təhlil edilməsi, əldə edilmiş nailiyyətlərin qorunması və gələcək strateji hədəflərin müəyyənləşdirilməsi üçün mühüm siyasi platforma kimi çıxış edir.

Qurultayda Azərbaycanın əldə etdiyi tarixi uğurların qorunması, dövlət institutlarının daha da möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və qarşıdakı dövr üçün əsas vəzifələrin müəyyən edilməsi məsələləri ön plana çıxıb. Bu mənada VIII Qurultay həm Azərbaycanın keçdiyi tarixi yolun siyasi nəticələrinin ifadəsi, həm də ölkənin yeni inkişaf mərhələsinə keçidini göstərən mühüm hadisə kimi qiymətləndirilə bilər. Yeni Azərbaycan Partiyasının VII Qurultayı isə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərdən qısa müddət sonra, ölkənin ictimai-siyasi həyatında yeni reallıqların yarandığı mərhələdə keçirilmişdi. Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında da qeyd olunduğu kimi, həmin dövrdə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi. VII Qurultay məhz həmin yeni siyasi və geosiyasi şəraitdə Partiyanın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli rol oynadı.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər ölkənin son onilliklər ərzində keçdiyi mürəkkəb inkişaf yoluna, əldə olunan nəticələrə və gələcəkdə qarşıda duran vəzifələrə geniş şəkildə nəzər salmağa imkan verdi. Çıxışda Azərbaycanın müstəqil siyasət yürüdən, milli maraqlarını müdafiə edən, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi yeni mərhələyə daxil olması əsas istiqamətlərdən biri kimi önə çəkildi.

Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin formalaşması və əldə etdiyi nəticələrin əsasları partiyanın yarandığı ilk illərə gedib çıxır. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqının tələbi və ölkənin dövlətçilik maraqları baxımından mühüm tarixi hadisə idi. Onun müəyyən etdiyi siyasi strategiya Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlət institutlarının inkişafına, iqtisadi və hərbi imkanların artırılmasına, eləcə də cəmiyyətdə milli həmrəyliyin gücləndirilməsinə yönəlmişdi. Sonrakı mərhələdə bu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. Dövlət siyasətinin müxtəlif istiqamətlərində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın iqtisadi, hərbi və siyasi imkanları genişləndi.

VIII Qurultayda səsləndirilən fikirlər Azərbaycanın əldə etdiyi Zəfərin uzunmüddətli və ardıcıl dövlət siyasətinin nəticəsi kimi təqdim edildiyini göstərir. Dövlətin siyasi iradəsi, prinsipial mövqeyi və cəmiyyətin həmrəyliyi mürəkkəb tarixi proseslərin həllində mühüm amillərdən biri olub. Azərbaycan cəmiyyətinin vahid mövqedən çıxış etməsi və dövlət siyasətinə dəstəyin yüksək səviyyədə olması Vətən müharibəsi dövründə xüsusi əhəmiyyət qazandı. 2020-ci ildə əldə edilən Zəfər Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu. Bununla belə, qarşıda ərazi bütövlüyünün və suverenliyin tam təmin edilməsi kimi mühüm vəzifə qalırdı. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində suverenliyin təmin olunması həmin prosesin mühüm nəticəsi oldu. Bununla da uzun müddət davam edən münaqişə mərhələsi başa çatdı və ölkənin qarşısında yeni siyasi reallıqlar formalaşdı.

Qurultay çərçivəsində təhlükəsizlik məsələlərinə diqqət yetirilməsi də müasir reallıqlar baxımından əhəmiyyətlidir. Əldə edilmiş nəticələrin qorunması və dövlət təhlükəsizliyinin təmin olunması üçün müdafiə imkanlarının daim inkişaf etdirilməsi aktual vəzifələrdən biridir. Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmanın olmaması və sərhədlərdə sabitliyin qorunması regionda yaranmış yeni vəziyyətin göstəricilərindəndir. Bununla yanaşı, milli təhlükəsizliyin etibarlı şəkildə təmin olunması üçün ölkənin müdafiə potensialının yüksək səviyyədə saxlanılması mühüm şərt olaraq qalır.

Yeni Azərbaycan Partiyasının fəaliyyətində ideoloji istiqamətin gücləndirilməsi də mühüm məsələlər sırasında yer alır. Partiyanın üzvləri və fəalları ölkədə baş verən proseslərin, dövlət siyasətinin və əldə olunan nəticələrin cəmiyyətə çatdırılmasında iştirak edirlər. İnformasiya mühitinin sürətlə dəyişdiyi və informasiya mübarizəsinin əhəmiyyətinin artdığı müasir dövrdə ölkə haqqında obyektiv məlumatların həm daxili, həm də beynəlxalq ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət kəsb edir.

VIII Qurultayda diqqət çəkən digər mühüm istiqamət Böyük Qayıdış prosesidir. Ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması Azərbaycanın dövlət siyasətində əsas prioritetlərdən birinə çevrilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yeni infrastruktur layihələrinin reallaşdırılması, şəhər və kəndlərin yenidən qurulması bu prosesin əsas istiqamətlərini təşkil edir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıtmasının təmin edilməsi Zəfərdən sonrakı dövrün mühüm humanitar və sosial istiqamətlərindən biridir. Böyük Qayıdışın qarşıdakı illərdə daha geniş miqyas alması ölkənin qarşısında duran əsas strateji vəzifələr sırasında qalır.

VIII Qurultayın diqqətə çatdırdığı əsas məqamlardan biri də Yeni Azərbaycan Partiyasının ölkənin gələcək siyasi inkişafında üzərinə düşən məsuliyyətin müəyyənləşdirilməsidir. Yarandığı gündən etibarən YAP dövlətçilik maraqlarının müdafiəsi, milli həmrəyliyin gücləndirilməsi və ölkənin sosial-iqtisadi inkişafında siyasi təşkilat kimi iştirak edib. Yeni tarixi şəraitdə isə partiyanın qarşısında fərqli məzmun daşıyan vəzifələr dayanır.

VIII Qurultay Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin qarşıdakı mərhələsi üçün də müəyyən istiqamətlər ortaya qoyur. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi əsasında formalaşan siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi Azərbaycanın inkişaf strategiyasının əsas elementlərindən biri kimi təqdim olunur. Yeni mərhələdə güclü dövlətin möhkəmləndirilməsi, iqtisadi dayanıqlığın qorunması, təhlükəsizliyin təmin olunması, sosial rifahın yüksəldilməsi, Böyük Qayıdış prosesinin davam etdirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin inkişaf etdirilməsi əsas istiqamətlər kimi önə çıxır.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı həm ölkənin keçdiyi tarixi mərhələnin siyasi yekunlarının ifadəsi, həm də gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hadisədir. Qurultayın əsas məzmunundan belə nəticə çıxır ki, Azərbaycanın qarşısında duran vəzifələr artıq yalnız əldə olunmuş nəticələrin qorunması ilə məhdudlaşmır. Qarşıdakı mərhələdə əsas məqsədlərdən biri əldə edilmiş imkanlardan istifadə etməklə ölkənin inkişafını davam etdirməkdir. Bu prosesdə Yeni Azərbaycan Partiyasının üzvlərinin və fəallarının iştirakı siyasi təşkilatın qarşıdakı fəaliyyətində mühüm yer tutur. Dövlətçilik ənənələrinin, milli həmrəyliyin və sosial sabitliyin qorunması istiqamətində həyata keçirilən fəaliyyət Azərbaycanın gələcək inkişaf gündəliyinin mühüm hissələrindən biri olaraq qalır.

Rail Tağızadə

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini

Digər xəbərlər