Müstəqillik tariximizdə xüsusi yeri olan Yeni Azərbaycan Partiyası ölkənin mürəkkəb tarixi sınaqlardan keçdiyi bir dövrdə formalaşaraq sonrakı illərdə Azərbaycanın siyasi həyatının əsas iştirakçılarından birinə çevrilmişdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və onun siyasi məktəbini uğurla davam etdirən partiyanın sonrakı dövrlərdə də fəaliyyətinin əsas istiqamətləri ölkədə siyasi sabitliyin möhkəmləndirilməsi, hərtərəfli inkişaf və milli maraqların qorunması oldu. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyası öz sıralarını genişləndirdi, dövlətçiliyimizin inkişafına mühüm töhfələr verdi.
Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkənin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Yeni ictimai-siyasi vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2 oktyabr 2026-cı il tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı gələcək inkişaf prioritetlərini ortaya qoydu. Dövlət başçısı Qurultayda proqram xarakterli geniş çıxış etdi. Burada ölkənin və partiyanın keçdiyi tarixi yola nəzər salmaqla yanaşı, həm də Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərini təqdim etdi. Cənab Prezidentin çıxışına əsaslanaraq deyə bilərik ki, əgər əvvəlki dövrlərdə Azərbaycanın qarşısında duran əsas məsələ işğalda olan torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzün bərpası idisə, bu gün artıq prioritetlər tamamilə dəyişib. İndi əsas hədəflər əldə etdiyimiz möhtəşəm Zəfəri davamlı inkişafa çevirmək, azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri aparmaq, insanların öz ata-baba yurdlarına ləyaqətli qayıdışını uğurla həyata keçirməkdən ibarətdir. Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafı ölkənin ümumi inkişaf strategiyasının bir parçasıdır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın qarşıdakı dövrdə təhlükəsizlik və müdafiə qabiliyyətinin daha da gücləndirilməsini mühüm vəzifələrdən biri kimi göstərdi. Qeyd edildi ki, dünyada geosiyasi proseslərin sürətlə dəyişməsi, müxtəlif regionlarda münaqişələrin davam etməsi dövlətlərin təhlükəsizlik məsələlərinə münasibətini də dəyişir. Bu baxımdan Azərbaycanın hərbi potensialının gücləndirilməsi yalnız hərbi məqsəd daşımır; həm də ölkənin əldə etdiyi sülh və sabitliyin qorunması baxımından dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident çıxışında gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün 9 milyard manata yaxın vəsait nəzərdə tutulduğunu bildirdi ki, bu da təhlükəsizlik məsələlərinin daim ön planda olduğunun göstəricisidir.
Çıxışda Azərbaycanın yeni geosiyasi reallıq şəraitində təhlükəsizliyinin təmin edilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və müstəqil xarici siyasət kursunun davam etdirilməsi də mühüm prioritetlər kimi önə çəkildi. Müasir dünyamızın ən aktual məsələlərindən olan təhlükəsizlik məsələsi yaşadığımız regionda da təhdidlərlə qarşı-qarşıyadır və Azərbaycan da bölgənin aparıcı güclərindən biri olaraq gedən proseslərə çevik reaksiya verir. Cənab Prezident bununla bağlı dedi: “Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil – nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır”. Cənab Prezident xüsusi vurğuladı ki, partiya fəalları ideoloji işdə aktiv olmalı, ölkəmizdə gedən proseslərin, quruculuq işlərinin müasir dövrün tələblərinə uyğun şəkildə təbliğində fəal iştirak etməlidirlər.
Prezident İlham Əliyev təhlükəsizlik və müdafiə məsələləri ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların artırılması, enerji və nəqliyyat imkanlarından daha səmərəli istifadə, Qarabağ və Şərqi Zəngəzurun bərpası, sosial rifahın yüksəldilməsi, təhsil və insan kapitalının inkişafı kimi məsələlərlə bağlı da mövqeyini bildirdi. Qurultayda bu məsələlərlə bağlı səslənən fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
İqtisadi inkişaf məsələləri də xüsusi vurğulandı və bildirildi ki, son iki ildə keçirilmiş Azərbaycan Beynəlxalq İnvestisiya Forumlarında imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çox olub. Bu, Azərbaycanın iqtisadi potensialına beynəlxalq investorların marağının artdığının göstəricilərindən biridir.
Ölkə başçısının çıxışında enerji məsələləri də ayrıca bir başlıq kimi diqqəti cəlb etdi. Azərbaycanın enerji potensialı gələcək inkişaf strategiyasının mühüm dayaqlarından biri olaraq qalır. Qeyd olundu ki, Azərbaycan nadir ölkələrdəndir ki, dünya miqyasında bütün növ enerji resurslarını istehsal edir. Neft və qaz ehtiyatları ilə yanaşı, neft məhsulları, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalı ölkənin regional və beynəlxalq enerji bazarlarında rolunu müəyyənləşdirən amillər sırasındadır. Prezident çıxışında enerji resurslarına tələbatın artması fonunda Azərbaycanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətinin yüksəldiyini qeyd etdi. Bununla yanaşı, Azərbaycanın qarşıdakı illərdə iqtisadi inkişafını yalnız enerji amili üzərində qurması mümkün deyil. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər göstərir ki, dayanıqlı inkişaf üçün iqtisadiyyatın şaxələndirilməsi, innovasiyaların tətbiqi, rəqəmsallaşma, insan kapitalının inkişafı və yeni texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu mənada investisiya siyasətinin əsas məqsədlərindən biri ölkəyə kapital gətirməklə yanaşı, müasir texnologiyaların və yeni idarəetmə təcrübələrinin də gətirilməsinə şərait yaratmaq olmalıdır.
Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişafında nəqliyyat və logistika imkanlarının əhəmiyyətindən də danışdı. Həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasının qarşıdakı illərin ən böyük quruculuq layihələrindən biri olacağını qeyd etdi. Bütün bunlarla yanaşı, çıxışda qeyd olundu ki, sosial rifah məsələsi də gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Prezident çıxışında minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirdi və sosial siyasətin davam etdirilməsini iqtisadi inkişafla əlaqələndirdi.
Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı həm Azərbaycanın, həm də partiyanın müasir tarixində mühüm hadisə kimi yadda qaldı. Qurultayda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan öz qarşısında duran tarixi vəzifələrin bir çoxunu reallaşdıraraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələdə əsas vəzifələr əldə edilmiş nailiyyətlərin qorunması və möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpasının davam etdirilməsi, ölkənin iqtisadi potensialının daha da gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi və sosial rifahın yüksəldilməsidir. Prezidentin Qurultayda səsləndirdiyi mesajların ümumi məzmunu da göstərir ki, qarşıdakı dövr üçün əsas məqsədlərdən biri güclü, təhlükəsiz və iqtisadi baxımdan daha dayanıqlı Azərbaycanın formalaşdırılmasıdır. Bu baxımdan VIII Qurultay yalnız partiyanın qarşıdakı fəaliyyət istiqamətlərini deyil, Zəfərdən sonrakı dövrdə Azərbaycanın inkişafının əsas prioritetlərini də aydın şəkildə ortaya qoydu.
Nuray Əliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru