Dünyada azı 2,2 milyard insan yaxından və ya uzaqdan görmə pozuntusundan əziyyət çəkir. Bu hallardan ən az 1 milyardı tamamilə qarşısı alına bilən və ya hələ də müalicə olunmamış, yəni sadəcə eynək taxmaqla düzələn problemlərdir.
Qlobal miqyasda təxminən 450 milyon uşağın müalicə tələb edən göz problemi var. Onlardan təxminən 90 milyonu müxtəlif dərəcəli görmə itkisi ilə yaşayır. Bu uşaqların 1,4 ilə 2 milyona yaxını tamamilə korluqdan əziyyət çəkir. Uşaqlarda görmə zəifliyinin ən çox rast gəlinən, təxminən 77%-i miopiya-yaxından görmə son illərdə uşaqlar arasında sürətlə artır. Bunun əsas səbəbi rəqəmsal ekranlara-telefon, planşetə uzun müddət yaxından baxmaq və açıq havada az vaxt keçirməkdir.
Gözünü açıb bizi görən uşaqlar təbii ki, bizə bənzəyəcək. Biz nə qədər evdən təmiz havaya çıxmırıqsa, nə qədər serial izləyiriksə, nə qədər sosial şəbəkələrdə gəzib bəzən boş və mənasız videoların, fotoların, söhbətlərin ağuşuna düşürüksə, təbii ki, uşaqlarımızı da təmiz havaya çıxarmağa vaxtımız olmayacaq. Beləliklə, uşaqlar da təmiz havaya həsrət qalacaq, evin bir küncündə əylənməyə bir şey axtaracaq. Bunun üçün çox əziyyət çəkməyəcək. Çünki biz onun sakit dayanması, bizə mane olmaması üçün əlimzdən gələni edirik. Əllərinə telefon verib başımızdan edir, kompüteri açıb yaşına, dünyagörüşünə uyğun olmayan cizgi filmlərinə baxmağa təhrik edirik. O cizgi filmləri ki, uşağa yalnız vahimə, çığır-bağır, qan-qada aşılayır. O videolara uşaqlar baxır ki, ona qətiyyən baxmamalıdır.
Maraqlıdır, sosial şəbəkələrin iyrənc bir məkana çevrildiyi bir dövrdə biz uşaqlara necə telefon verə bilirik, onları necə nəzarətsiz qoya bilirik? Axı özümüz dəfələrlə gözlənilməz anda belə əxlaqsız videolarla qarşılamalı oluruq. Bəs bunu necə düşünməyəsən ki, həmin videolar uşağın da qarşısına çıxa bilər?
Uşaq nə üçün oyunu kompüterdə və yaxud telefonda oynamalıdır? Bizim çoxsaylı uşaq oyunlarımız ola-ola, həm də təmiz havada oynanılan oyunlar, nə üçün onları övladımıza çox görmüşük? Nə üçün uşaqları öz maraq və istəklərimizin qurbanı edirik? Biz işimiz, serialımız var deyə onları təmiz havaya çıxarmırıq. Uşaq oyunlarını onlara öyrətmirik. Nə üçün onları öz qurbanımıza çeviririk?..
Həm uşaqlara, həm də uşaq oyunlarına, gəlin, rəhm edək. İnanın, çox qısa zamanda uşaqlara etdiyimiz sitəmin nəticələrini görəcəyik. Onların xəstəhal olduğunu, ruhsuz, duyğusuz böyüdüyünü, sonrakı illərdə özünə dost, rəfiqə tapmaqda çətinlik çəkəcəyini gördükcə ürəyimiz sızlayacaq. Bu zaman kimi təqsir hesab edəcəyik. Heç inanmıram ki, bunun üçün özümüzü tənbeh edək. Bu günahları da zamanın və zəmanənin üzərinı yükləyəcəyik. Lakin nə zaman dəyişir, nə də zəmanə. Onları dəyişdirən biz insanlarıq. Şüursuzcasına düşüncələrimiz, hərəkətlərimiz zamana öz “töhfə”sini verir. Bir də baxırıq ki, dünənlə bu gün arasında o qədər fərq var ki... Belə olanda isə zəmanədən gileylənirik. Lakin zəmanənin də zaman kimi heç bir günahı yoxdur.
Bütün yeniliklərə qapımızı açan, onları yuxarı başda əyləşdirən bizik. Bütün yenilikləri acgözlüklə qarşılayan, özümüzün olanını yaddan çıxaran, unudan da bizik. Müasirlik adı altında dünənimizin üzərindən xətt çəkən də bizik. Eləcə də uşaqları öz uşaqlığımızdan fərqli şəkildə böyüdən də bizik.
Söz yox ki, biz istəsək, həyatımızı elə istədiyimiz şəkildə qura bilərik. Lakin “müasirliyə” boyun əyirik. Həyatımıza nə qədəm qoydusa, ondan asılı vəziyyətə düşürük. Sanki beynimizi yuyurlar, yeniliklər adı altında əslində bizə keçmişimizi unutdururlar. Elə özümuzün oynadığımız onlarla uşaq oyunları kimi.
Beləliklə, harada bir eynəkli uşaq görürəmsə, dərhal onun kor valideynləri gözlərim önündə canlanır. Xeyr, kor deyərkən onların fiziki çatışmazlığından deyil, əsla, sadəcə baxıb, lakin görə bilmədiklərindən bəhs etmək istəyirəm.
Lakin gəlin, dərindən düşünək: həm uşaqlara, həm də uşaq oyunlarına rəhm edək. Övladlarımızın sağlam, təşəkkürlü, duyğulu, dostlu, rəfiqəli böyüməsi üçün onlardan uşaq oyunlarını əsirgəməyək. Öyrədək, aşılayaq ki, onları həm də unudulmağa qoymayaq. Bu, həm də onların təhlükə qarşısında qalan sağlamlığı üçün əlverişli olar.
Mətanət Məmmədova
“Bütün ölkəni sağaldan” şəfaçı, demək olar ki, heç bir miras qoymayıb..?
Qalanları isə əlavə iş saatları ilə işləməyə məcbur edirlər...
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...