Prezident İlham Əliyev: “İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir”
“Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir”. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir”. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb. “Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur”, - deyə dövlətimizin başçısı əlavə edib. Qeyd edək ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana səfəri zamanı keçirilmiş görüş və mətbuata verilmiş bəyanat iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqlədi. Bu görüş gələcək əməkdaşlığın strateji istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu gün Azərbaycanın xarici siyasət kursunda demokratik ölkələrlə çoxtərəfli münasibətlər sistemi üstünlük təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu günü-gündən yüksəlir və dünya dövlətləri ilə dostluq münasibətləri möhkəmlənir. Bu kontekstdə Türkmənistan ilə münasibətlər də xüsusi əhəmiyyət kəsb edir.
Məlumdur ki, Azərbaycanla Türkmənistanı bir-birinə ortaq din, tarix, dil və mədəniyyət bağlayır və bu amillər iki ölkə münasibətlərinin möhkəm təməl üzərində qurulmasına şərait yaradıb. Tarixi köklərə bağlı olan Azərbaycan-Türkmənistan münasibətləri hələ sovetlər dövründə dinamik inkişaf edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, Türkmənistan 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb və həmin dövrdən etibarən iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılıb. Tərəflər arasında imzalanmış sənədlər əlaqələrin normativ-hüquqi bazasını təşkil etməklə, siyasi və iqtisadi sahələrdə birgə mübadilələri genişləndirib. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı imzaladılar.
“İQTİSADİ-TİCARİ ƏMƏKDAŞLIQ GÜCLƏNİR, QARŞILIQLI İNVESTİSİYALAR ARTIR VƏ BİRGƏ LAYİHƏLƏR HƏYATA KEÇİRİLİR”
Bildiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşü keçirilir. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatı ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib. İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi görüşün keçirilməsi bu platformanın region dövlətləri arasında siyasi dialoqun və əməkdaşlığın mühüm mexanizmlərindən birinə çevrildiyini göstərir. Azərbaycanın bu formata tamhüquqlu şəkildə qoşulması isə regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ yaradıb. Azərbaycanın Məşvərət Görüşü formatı ilə əlaqələri tamhüquqlu iştirak qərarından əvvəl də ardıcıl şəkildə inkişaf edib. Prezident İlham Əliyev 2023-cü ildə Düşənbədə keçirilən 5-ci, 2024-cü ildə isə Astanada keçirilən 6-cı Məşvərət Görüşündə fəxri qonaq qismində iştirak və çıxış edib. Bu iştirak Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqa və regional əməkdaşlıq proseslərinə artan marağının göstəricilərindən biri olub. 2025-ci il noyabrın 16-da Özbəkistanın Daşkənd şəhərində keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı barədə qərarın qəbul edilməsi münasibətlərin institusional baxımdan yeni mərhələyə keçməsinə şərait yaradıb. Bununla da əvvəllər “C5” formatında olan əməkdaşlıq platforması Azərbaycanın iştirakı ilə faktiki olaraq “C6” formatında daha geniş regional məzmun qazanıb.
Region ölkələrinin liderlərini bir araya gətirən bu toplantı Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. “Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib”. Bu barədə Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm hal aldığını qeyd edib. “İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir”, - deyə Prezident əlavə edib.
“AZƏRBAYCANIN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İLƏ TİCARƏT DÖVRİYYƏSİNİN ÖTƏN İL 50 FAİZDƏN ÇOX ARTIB”
Dövlətimizin başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artdığini bildirib: “Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir”. Azərbaycan Prezidenti, ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadənin zəruriliyini qeyd edib. “Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”, - deyə o əlavə edib.
“XƏZƏR DƏNİZİ ÖLKƏLƏRİMİZ ARASINDA QARŞILIQLI NƏQLİYYAT ƏLAQƏLƏRİNDƏ GETDİKCƏ DAHA VACİB ROL OYNAYIR”
Avrasiya məkanında iqtisadi və nəqliyyat əlaqələrinin istiqamətləri sürətlə dəyişir. Yeni ticarət marşrutlarının axtarılması, enerji resurslarının alternativ istiqamətlər üzrə daşınması və ölkələrin xarici bazarlara çıxış imkanlarını genişləndirmək cəhdləri regionlararası əməkdaşlığın əhəmiyyətini əvvəlkindən daha da artırıb. Bu prosesdə Xəzər hövzəsi xüsusi mövqeyə malikdir. Çünki bu məkan Şərqlə Qərbi birləşdirən mühüm coğrafi xətt olmaqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üçün də imkanlar yaradır. Son illərdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsi məhz bu reallıqlar fonunda baş verir. Siyasi dialoqun genişlənməsi iqtisadi münasibətləri, nəqliyyat-logistika layihələrini və enerji əməkdaşlığını da hərəkətə gətirir. İkitərəfli münasibətlərlə yanaşı, bu əlaqələr getdikcə daha geniş regional əməkdaşlıq formatında da yeni məzmun qazanır. “ Nəqliyyat Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir”, - deyə Prezident İlham Əliyev bildirib. Dövlətimizin başçısı qeyd edib: “Xəzər dənizi ölkələrimiz arasında qarşılıqlı nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox vacibdir”. Prezident, həmçinin qeyd edib ki, bizim ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir.
Azərbaycanın Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin inkişafında rolu yalnız infrastruktur imkanları ilə məhdudlaşmır. Xəzərin iki sahilində yerləşən dövlətlərin eyni əməkdaşlıq platformasında təmsil olunması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır. Bu da regionlararası ticarət və logistika zəncirlərinin daha sıx əlaqələndirilməsinə şərait yarada bilər. Mərkəzi Asiya və Azərbaycanın əsas logistika və enerji inkişaf mərkəzləri kimi rolu durmadan artır, Asiya və Avropadakı tərəfdaşlarla əməkdaşlıq üçün geniş perspektivlər açır. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır. Türkmənistanla münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur. Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri də məhz bu əməkdaşlıq gündəliyi fonunda diqqət çəkir. Səfər çərçivəsində dövlətimizin başçısının Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı Azərbaycanın regional əməkdaşlıq prosesində artan rolunun növbəti göstəricisidir.
Nəzakət ƏLƏDDİNQIZI