Beynəlxalq münasibətlərdə dövlətlər arasında əməkdaşlığın davamlı inkişafı yalnız qarşılıqlı maraqların mövcudluğu ilə deyil, həm də həmin maraqların ortaq qərarlar və razılaşdırılmış fəaliyyət mexanizmləri vasitəsilə möhkəmləndirilməsi ilə bağlıdır. Bu baxımdan, çoxtərəfli əməkdaşlıq platformaları ölkələrin bir-birinə yaxınlaşması, ümumi məsələlərin müzakirəsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm imkanlar yaradır. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi də məhz bu prosesin tərkib hissəsidir. Son illərdə genişlənən siyasi dialoq, iqtisadi əlaqələr və qarşılıqlı səfərlər ölkəmizin region dövlətləri ilə əməkdaşlığının daha sistemli xarakter almasına şərait yaradıb.
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət başçıları iştirak ediblər. Dövlət rəhbərlərinin bir araya gəlməsi regionda siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və ortaq maraq doğuran məsələlər üzrə razılaşmaların əldə olunması üçün mühüm şərait yaradıb. Görüşün nəticəsi olaraq iki sənədin – “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nın və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ın imzalanması isə tədbirin siyasi və institusional əhəmiyyətini daha da artırıb.
Azərbaycanın bu formatda iştirakı ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafında mühüm mərhələdir. Ötən ilin noyabrında Azərbaycanın Məşvərət görüşü formatının tamhüquqlu iştirakçısına çevrilməsi regionda əməkdaşlığın coğrafiyasını genişləndirən əhəmiyyətli qərar olub. Prezident İlham Əliyev Türkmənbaşı görüşündə bu qərarı yekdilliklə dəstəkləyən dövlət başçılarına təşəkkürünü bildirib, Azərbaycanın tamhüquqlu iştirakının təşəbbüskarı kimi Türkmənistanın və şəxsən Qurbanqulu Berdiməhəmmədovun rolunu xüsusi qeyd edib. Bu münasibət Azərbaycanın regional əməkdaşlığa verdiyi önəmi, eləcə də tərəfdaş dövlətlərlə qarşılıqlı hörmət və etimad əsasında əlaqələr qurmaq niyyətini əks etdirir.
Məşvərət görüşünün Birgə Bəyanatı dövlətlərin ümumi mövqelərinin ifadə olunması və qarşıdakı dövrdə əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm sənəddir. Belə sənədlər ölkələr arasında siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün ortaq yanaşmaların formalaşmasına kömək edir. Dövlət başçılarının razılaşdırılmış mövqelərinin sənəddə əks olunması regional məsələlərə münasibətdə qarşılıqlı anlaşmanın gücləndirilməsi və birgə təşəbbüslərin dəstəklənməsi baxımından əhəmiyyətlidir. Azərbaycan üçün bu, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın daha geniş siyasi çərçivədə inkişaf etdirilməsi, ortaq maraqların beynəlxalq müstəvidə uzlaşdırılması və regional proseslərdə fəal iştirak imkanlarının artırılması deməkdir.
İmzalanan ikinci sənəd – Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar isə formatın institusional əsaslarının təkmilləşdirilməsi baxımından diqqət çəkir. Çoxtərəfli əməkdaşlığın inkişafı üçün yalnız dövlət başçılarının müntəzəm görüşləri deyil, həm də bu görüşlərin fəaliyyət çərçivəsini müəyyənləşdirən qaydaların və mexanizmlərin aydın olması vacibdir. Belə yanaşma dialoqun ardıcıllığını qorumağa, əməkdaşlıq prosesini daha sistemli təşkil etməyə və qəbul edilən qərarların gələcək fəaliyyətlə əlaqəsini gücləndirməyə imkan verir. Azərbaycanın bu formatda tamhüquqlu iştirakı şəraitində tənzimləyici sənədlərin əhəmiyyəti daha da artır, çünki ölkəmiz artıq regional gündəliyin formalaşmasında və ortaq təşəbbüslərin müzakirəsində tamhüquqlu tərəf kimi iştirak edir.
Məşvərət görüşündə iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat bağlantılarının gücləndirilməsi və enerji sahəsində birgə təşəbbüslərin inkişafı da diqqət mərkəzində olub. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud olan bu əlaqələr regionun tranzit imkanlarının artırılması, qarşılıqlı investisiyaların təşviqi və yeni iqtisadi layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İmzalanmış sənədlər isə bu istiqamətlər üzrə əməkdaşlığın ümumi siyasi çərçivəsinin möhkəmləndirilməsinə və qarşılıqlı fəaliyyətin yeni sahələrə genişlənməsinə zəmin yaradır.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri də regionda sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitliyin qorunmasının vacibliyidir. Dövlət başçısının qeyd etdiyi kimi, bu amillər ölkələrin gələcək inkişafı və qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi üçün əsas şərtlərdir. Sabit siyasi mühit iqtisadi layihələrin həyata keçirilməsinə, nəqliyyat əlaqələrinin genişləndirilməsinə və uzunmüddətli investisiyaların cəlb olunmasına əlverişli şərait yaradır. Buna görə də Məşvərət görüşü çərçivəsində siyasi dialoqun davam etdirilməsi və ortaq məsələlərə dair müzakirələrin aparılması regional əməkdaşlığın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.
Türkmənbaşı görüşündə imzalanan sənədlərin əhəmiyyəti həm də Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin gələcək inkişafına verdiyi yeni imkanlarla bağlıdır. Ölkəmizin tamhüquqlu iştirakı regional əməkdaşlıq gündəliyinin daha geniş coğrafiyanı əhatə etməsinə, Xəzər dənizinin hər iki sahilində yerləşən dövlətlərin imkanlarının uzlaşdırılmasına və birgə layihələrin irəli aparılmasına şərait yaradır. Azərbaycan özünün əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu, enerji potensialı və beynəlxalq əlaqələri ilə bu əməkdaşlığa mühüm töhfə verir. Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişlənməsi isə ölkəmizin yeni iqtisadi tərəfdaşlıqlar qurması və regional layihələrdə iştirakını artırması üçün əlavə perspektivlər açır.
Bu sənədlər çərçivəsində müəyyənləşən yanaşmaların gələcəkdə konkret təşəbbüslərlə tamamlanması, dövlət qurumları və iqtisadi subyektlər arasında əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı maraqların uzlaşdırılması, mövcud imkanların birləşdirilməsi və ortaq qərarların ardıcıl icrası əməkdaşlığın nəticəyönümlü olmasına xidmət edəcək. Azərbaycanın Məşvərət görüşü formatında tamhüquqlu iştirakı da ölkəmizə bu proseslərdə daha fəal mövqe tutmaq, regional təşəbbüslərin inkişafına töhfə vermək və Mərkəzi Asiya dövlətləri ilə əlaqələri yeni məzmunla zənginləşdirmək imkanı yaradır.
Elçin Kazımov,
YAP Salyan rayon təşkilatının gənc fəalı