Oktyabrın 8-də Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir.
Çıxışın əsas siyasi mesajlarından biri Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq ayrı-ayrı ikitərəfli əlaqələr çərçivəsindən çıxaraq çoxtərəfli və institusional xarakter almasıdır. Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi bu baxımdan mühüm yenilikdir. Beləliklə, Azərbaycan artıq Mərkəzi Asiyanın çoxtərəfli əməkdaşlıq mexanizmlərinin fəal iştirakçısına çevrilib. Bu nailiyyət iqtisadi münasibətlərin genişlənməsi üçün əlverişli mühit formalaşdırır. Prezidentin qeyd etdiyi kimi, son dövrdə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşməsi tərəflərin strateji dialoqa marağını nümayiş etdirir.
Bu prosesin mühüm xüsusiyyəti ondan ibarətdir ki, münasibətlər yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi və Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə yüzlərlə şirkətin fəaliyyət göstərməsi iqtisadi əlaqələrin real məzmun qazandığını göstərir. Başqa sözlə, siyasi yaxınlaşma iqtisadi əməkdaşlıq üçün zəmin yaradır.
Xüsusilə birgə investisiya fondlarının yaradılması əməkdaşlığın növbəti mərhələsinə keçid baxımından əhəmiyyətlidir. Burada söhbət yalnız hazır məhsulların alqı-satqısından deyil, birgə istehsalın qurulmasından, sənaye kooperasiyasından və üçüncü ölkələrin bazarlarına birlikdə çıxışdan gedir. Bu yanaşma Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əlaqələrin daha dayanıqlı modelə keçməsinə imkan yarada bilər.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya dövlətlərinin iştirakı regional həmrəyliyin nümunəsi olaraq əməkdaşlığın humanitar və siyasi ölçüsünü gücləndirən və bu əməkdaşlığa ayrıca mənəvi məzmun qazandıran mühüm amildir. Belə layihələr Azərbaycan ilə Mərkəzi Asiya xalqları arasında tarixi, mədəni və mənəvi bağların siyasi münasibətlərə çevrilməsinin göstəricisidir.
Çıxışın ən mühüm istiqamətlərindən biri nəqliyyat və logistika məsələsidir. Xəzər dənizi Azərbaycan ilə Mərkəzi Asiya arasında təbii əlaqələndirici məkan kimi çıxış edir. Azərbaycanın liman, dəmir yolu, avtomobil yolları və hava nəqliyyatı infrastrukturuna yatırdığı investisiyalar ölkənin Şərq-Qərb nəqliyyat əlaqələrində rolunu artırır. Bu kontekstdə Azərbaycanın geoiqtisadi rolunun artasında mühüm amilə çevrilən Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Çin, Mərkəzi Asiya, Azərbaycan, Cənubi Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrinin inkişafı bu marşrutu yalnız kommersiya layihəsi deyil, həm də geniş geoiqtisadi platformaya çevirir.
Energetika Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında digər strateji istiqamətdir. Azərbaycan öz coğrafi mövqeyindən istifadə etməklə Mərkəzi Asiyanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında tranzit və logistika imkanlarını təqdim edir. Burada Azərbaycanın rolu təkcə enerji istehsalçısı və ixracatçısı kimi deyil, həm də enerji tranziti və regional enerji inteqrasiyasının təşkilatçılarından biri kimi formalaşır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam təhlükəsizlik və sabitliyin iqtisadi inkişafın əsas şərti kimi təqdim edilməsidir. Bu yanaşma təsadüfi deyil. Nəqliyyat dəhlizlərinin, enerji layihələrinin və investisiya təşəbbüslərinin davamlı fəaliyyəti üçün regionda siyasi sabitlik və təhlükəsizlik vacibdir.
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması bu baxımdan yalnız iqtisadi maraqlara söykənmir. Ölkələr arasında siyasi koordinasiyanın güclənməsi Xəzər hövzəsi və Mərkəzi Asiya arasında daha sıx geosiyasi əlaqələrin formalaşmasına şərait yaradır.
Əli Hüseynli
Milli Məclisin deputatı