Müasir dövrdə Azərbaycan Respublikasının xarici siyasət xətti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən parlaq və zəfər dolu mərhələsini yaşayır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan regional çərçivələri aşaraq, qlobal miqyasda söz sahibi olan, geosiyasi proseslərin yönləndirilməsində fəal iştirak edən strateji mərkəzə çevrilmişdir. Dövlət başçımızın uzaqgörən diplomatik gedişləri, sülh və əməkdaşlığa yönəlmiş təşəbbüsləri xalqlar arasında dostluq körpülərini möhkəmləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunu misilsiz dərəcədə yüksəltmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu diplomatik strategiyanın ən mühüm istiqamətlərindən birini Türk dünyası və Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin keyfiyyətcə yeni müstəviyə qaldırılması təşkil edir. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu baxımdan tarixi əhəmiyyət kəsb edən mühüm addımlardan biridir. Prezident İlham Əliyevin bu mötəbər sammitdəki proqram xarakterli çıxışı və səsləndirdiyi təşəbbüslər bir daha sübut etdi ki, Azərbaycan ilə Mərkəzi Asiya regionu arasında sarsılmaz tarixi, mədəni və strateji bağlar mövcuddur.
Azərbaycan və Türkmənistanı əsrlər boyu formalaşmış ortaq köklər, dini və mədəni dəyərlər, Xəzər dənizinin birləşdirdiyi coğrafi yaxınlıq bağlayır. Son illərdə Prezident İlham Əliyevin şəxsi iradəsi və Türkmənistan rəhbərliyi ilə qurduğu yüksək səviyyəli dostluq münasibətləri sayəsində ikitərəfli əlaqələr dinamik şəkildə inkişaf edərək tamamilə yeni mərhələyə qədəm qoymuşdur. İki ölkə arasında strateji tərəfdaşlıq prinsiplərinə söykənən münasibətlər siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə yüksələn xətlə inkişaf edir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan və Türkmənistan arasında qurulan dialoq təkcə ikitərəfli fayda vermir, həm də bütün regionun təhlükəsizliyinə, sabitliyinə və iqtisadi tərəqqisinə xidmət edir. Bakı və Aşqabad arasında imzalanmış çoxsaylı müqavilələr, xüsusilə Xəzər dənizində enerjidaşıyıcılarının nəqli və karbohidrogen resurslarının birgə işlənilməsi sahəsindəki razılaşmalar regional inteqrasiyanı sürətləndirir. Prezident İlham Əliyevin baxış bucağına görə, Türkmənistanla əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın Türk dövlətləri və Mərkəzi Asiya regionu ilə ümumi strateji həmrəyliyinin vacib tərkib hissəsidir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, daimi siyasi məsləhətləşmələr və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verilməsi bu dinamik inkişafın real göstəricisidir.
Dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi və logistik marşrutların yenidən qurulduğu müasir dövrdə nəqliyyat və tranzit dəhlizləri xüsusi strateji əhəmiyyət kəsb edir və əməkdaşlığımızın əsas sahələrindən birini təşkil edir. Prezident İlham Əliyevin uzaqgörən iqtisadi strategiyası nəticəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ən etibarlı və mühüm qovşağa çevrilmişdir. Mərkəzi Asiya ölkələri, o cümlədən Türkmənistan üçün Avropa bazarlarına ən qısa, təhlükəsiz və səmərəli çıxış yolu məhz Azərbaycan ərazisindən keçir. Prezident İlham Əliyevin Məşvərət görüşündəki çıxışında xüsusi vurğuladığı kimi, nəqliyyat-logistika sahəsindəki əməkdaşlıq tərəflər üçün nəhəng iqtisadi imkanlar açır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, modernləşdirilmiş xəzərdəniz ticarət donanması və regionda inşa edilən müasir hava limanları vahid və çevik nəqliyyat infrastrukturu yaradır. Mərkəzi Asiya yüklərinin Azərbaycan vasitəsilə dünya bazarlarına daşınması həcminin ilbəil artması ölkəmizin tranzit potensialını daha da gücləndirir. Zəngəzur dəhlizinin açılması istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət isə regionun nəqliyyat xəritəsini köklü şəkildə dəyişəcəkdir. Bu dəhliz Mərkəzi Asiya ölkələrini, Türkmənistanı, Azərbaycanı və Türkiyəni bir-birinə bağlayan ən qısa quru yoluna çevrilərək, ticarət dövriyyəsini dəfələrlə artıracaq, region xalqlarının rifahına xidmət edəcəkdir.
Türkmənistanın Türkmənbaşı şəhərində baş tutan Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü yalnız strateji müzakirələrlə deyil, həm də gələcək əməkdaşlığın hüquqi bazasını möhkəmləndirən mühüm sənədlərin imzalanması ilə yadda qaldı. Sammit çərçivəsində imzalanmış bəyanatlar, sazişlər və memorandumlardan ibarət paket Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirdi. Sənədlərin imzalanması mərasimi Azərbaycanın region ölkələri ilə çoxşaxəli tərəfdaşlığa verdiyi böyük dəyərin təzahürü oldu. İmzalanan sənədlər ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini, investisiya qoyuluşlarının təşviqini, enerjidaşıyıcılarının tranzitini, rəqəmsallaşma, gömrük prosedurlarının sadələşdirilməsi və humanitar mübadilələrin artırılmasını əhatə edir. Dövlət başçısı İlham Əliyevin diplomatik səyləri nəticəsində əldə olunan bu razılaşmalar regionda iqtisadi inteqrasiyanı sürətləndirməklə yanaşı, Azərbaycanın Avrasiya məkanındakı strateji mövqeyini daha da sarsılmaz edir. İmzalanan sənədlər gələcək birgə layihələrin yol xəritəsini müəyyənləşdirir və tərəflər arasında etimad mühitini ən yüksək zirvəyə qaldırır.
Prezident İlham Əliyevin Türkmənbaşı şəhərinə səfəri, 8-ci Məşvərət görüşündəki yüksək səviyyəli çıxışı və əldə olunan tarixi razılaşmalar bir daha göstərdi ki, Azərbaycan milli maraqlarını qətiyyətlə qoruyan və beynəlxalq aləmdə proseslərə yön verən lider dövlətdir. Dövlət başçımızın nümayış etdirdiyi siyasi iradə, uzaqgörənlik və diplomatik məharət Azərbaycanı Mərkəzi Asiya və Avropa arasında keçilməz bir körpüyə, sülh və əməkdaşlıq adasına çevirmişdir. Müzəffər Lider İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu genişmiqyaslı xarici siyasət kursu ölkəmizin iqtisadi qüdrətini artırır, geostrateji əhəmiyyətini yüksəldir və xalqımızın firavan gələcəyinə etibarlı zəmin yaradır. Azərbaycan dövləti bundan sonra da Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında regional və qlobal miqyasda yeni-yeni zəfərlərə, böyük uğurlara imza atmağa davam edəcəkdir.
Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi