Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Tarixi bağlılıq, ortaq milli-mənəvi dəyərlər, qarşılıqlı etimad və dövlət başçıları arasında formalaşmış siyasi dialoq bu əməkdaşlığın əsasını təşkil edir. Bu gün Azərbaycan Qafqaz ilə Mərkəzi Asiya arasında mühüm əlaqələndirici rol oynayaraq regional əməkdaşlığın genişlənməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə və beynəlxalq nəqliyyat marşrutlarının inkişafına mühüm töhfə verir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafında mühüm hadisələrdən biri ölkəmizin 2025-ci ilin noyabr ayında Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması olub. Bu addım region ölkələri arasında əməkdaşlığın coğrafiyasını genişləndirib, Xəzər hövzəsində vahid iqtisadi və geosiyasi məkanın formalaşmasına yeni imkanlar yaradıb. 2026-cı il oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən VIII Məşvərət Görüşü də dövlətlər arasında siyasi dialoqun və qarşılıqlı fəaliyyətin davamlı xarakter daşıdığını göstərib.
İqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın genişlənməsi də diqqətəlayiqdir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı investisiyaların artırılmasına, birgə müəssisələrin yaradılmasına, sənaye və istehsal sahələrində tərəfdaşlığın inkişafına xüsusi önəm verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ilin oktyabrında səsləndirdiyi məlumata əsasən, 2025-ci ildə ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə Azərbaycanda 400-dən artıq şirkət fəaliyyət göstərir. Bu göstəricilər iqtisadi münasibətlərin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, real iqtisadi nəticələrlə müşayiət olunduğunu təsdiqləyir.
Nəqliyyat və logistika sahəsi Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının strateji istiqamətlərindən biridir. Xəzər dənizi vasitəsilə əlaqələrin genişləndirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının artırılması, dəmir yollarının və avtomobil yollarının inkişafı Orta Dəhlizin əhəmiyyətini daha da yüksəldir. Bu marşrut Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışını asanlaşdırmaqla yanaşı, Azərbaycanın beynəlxalq tranzit və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir. Rəqəmsal bağlantıların və Xəzər dənizinin dibi ilə fiber-optik kabel xətlərinin yaradılması istiqamətində görülən işlər də regionun gələcək iqtisadi inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Energetika sahəsində əməkdaşlıq isə yeni perspektivlər açır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji sahəsində strateji tərəfdaşlıq və yaşıl enerjinin ötürülməsi üzrə birgə təşəbbüslər həyata keçirilir. Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsi çərçivəsində regionda istehsal olunan elektrik enerjisinin Azərbaycan vasitəsilə beynəlxalq bazarlara, o cümlədən Avropaya çatdırılması imkanları araşdırılır. 2026-cı ilin sentyabrında Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının genişləndirilməsi üzrə 2026–2028-ci illəri əhatə edən Yol Xəritəsinin imzalanması bu istiqamətdə fəaliyyətin ardıcıl davam etdiyini göstərir.
Münasibətlərin inkişafında humanitar və mədəni əməkdaşlıq da xüsusi yer tutur. Xalqlarımızı birləşdirən ortaq tarixi köklər, türk dünyasına mənsubluq, dil və mədəniyyət yaxınlığı qarşılıqlı əlaqələrin möhkəmlənməsinə əlverişli zəmin yaradır. Mərkəzi Asiya ölkələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfələr bu dostluğun konkret təzahürlərindəndir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb tikməsi, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini yaratması və Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi xalqlarımız arasında həmrəyliyin və qarşılıqlı dəstəyin rəmzi kimi qiymətləndirilə bilər.
Bütün bunlar göstərir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq çoxşaxəli xarakter alaraq siyasi, iqtisadi, nəqliyyat, energetika, rəqəmsallaşma və humanitar sahələri əhatə edir. Qarşılıqlı investisiyaların artırılması, birgə istehsalın təşviqi, yeni nəqliyyat marşrutlarının inkişafı və yaşıl enerji layihələrinin həyata keçirilməsi gələcək əməkdaşlığın əsas prioritetləri sırasındadır.
Nəticə etibarilə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin genişlənməsi ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, regional sabitliyin və iqtisadi inkişafın təşviqinə xidmət edir. Ortaq maraqlara, qarşılıqlı hörmətə və strateji tərəfdaşlığa əsaslanan bu münasibətlər gələcəkdə daha geniş imkanların yaranmasına zəmin yaradır. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin birgə səyləri regionun beynəlxalq əhəmiyyətini artırmaqla yanaşı, xalqlarımızın rifahına və gələcək nəsillər üçün dayanıqlı inkişafın təmin olunmasına da mühüm töhfə verə bilər.
Rəvanə Seyidova
YAP Ordubad rayon təşkilatı fəalı