PDF Oxu

Siyasət

  • 953

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq yeni mərhələyə yüksəlir - ŞƏRH

image

2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyev çıxış edərək ölkəmizin region dövlətləri ilə əlaqələrinin inkişafını və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsini tarixi qərar kimi qiymətləndirib və bu dəstəyə görə iştirakçı ölkələrə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi-ticari və investisiya əlaqələrinin genişləndiyini, ötən il ölkəmizin Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artdığını qeyd edib. O, həmçinin nəqliyyat, energetika və bərpaolunan enerji sahələrində birgə layihələrin əhəmiyyətinə toxunaraq Orta Dəhlizin beynəlxalq yükdaşımalar üçün artan rolunu xüsusi vurğulayıb.
Bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoq yüksək səviyyədədir. Dövlət və hökumət başçıları arasında müntəzəm təmaslar, qarşılıqlı səfərlər və keçirilən görüşlər münasibətlərin möhkəm siyasi təməl üzərində qurulduğunu göstərir. Prezident İlham Əliyevin şəxsi diplomatik fəaliyyəti isə bu əlaqələrin inkişafında xüsusi rol oynayır. Onun təşəbbüsləri nəticəsində Azərbaycan region ölkələri ilə münasibətlərini yalnız mövcud çərçivədə saxlamaqla kifayətlənmir, yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına da fəal töhfə verir. İqtisadi sahədə əldə olunan nəticələr də diqqət çəkir.
Çıxışda qardaş ölkələrin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək də yüksək qiymətləndirilib. Özbəkistanın Füzulidə, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın Füzulidə məscid tikintisinə dəstəyi xalqlarımız arasında dostluq və həmrəyliyin bariz nümunəsi kimi qeyd olunub.
Prezident İlham Əliyev vurğulayıb ki, region ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik əsas şərtlərdir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişlənməsi ölkəmizin beynəlxalq mövqeyinin güclənməsinə, regional iqtisadi inteqrasiyanın dərinləşməsinə və ortaq strateji məqsədlərin həyata keçirilməsinə mühüm töhfə verir.
Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri

Digər xəbərlər