PDF Oxu

Siyasət

  • 897

Regional əməkdaşlıq və birgə investisiyalar yeni imkanlar yaradır - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib. Görüş region ölkələri arasında siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin son illərdə dinamik inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, siyasi əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı səfərlərin intensivləşməsi, ticarət dövriyyəsinin və investisiyaların artması, birgə layihələrin həyata keçirilməsi regional tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev ötən il Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatında tamhüquqlu iştirakçıya çevrilməsinə göstərilən dəstəyə görə həmkarlarına minnətdarlığını bildirib.
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi çıxışın əsas istiqamətlərindən birini təşkil edib. Prezident İlham Əliyevin diqqətə çatdırdığı kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, həmin ölkələrin kapitalı ilə yaradılmış 400-dən artıq şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu göstəricilər qarşılıqlı iqtisadi münasibətlərin genişləndiyini və biznes əlaqələrinin inkişafı üçün yeni imkanların yarandığını nümayiş etdirir.
Dövlətimizin başçısı birgə investisiyaların artırılmasının xüsusi əhəmiyyətini vurğulayaraq Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratdığını bildirib. Hər bir fondun kapitalının yüz milyonlarla dollar təşkil etdiyini qeyd edən Prezident bu imkanlardan daha fəal istifadə olunmasının vacibliyini diqqətə çatdırıb. Onun fikrincə, əməkdaşlıq yalnız qarşılıqlı ticarətin artırılması ilə məhdudlaşmamalı, yeni istehsal müəssisələrinin yaradılmasını, sənaye kooperasiyasının genişləndirilməsini və birgə istehsal olunan məhsulların xarici bazarlara çıxarılmasını da əhatə etməlidir. Belə yanaşma region ölkələrinin iqtisadi potensialının birləşdirilməsinə və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə şərait yaradır.
Çıxışda nəqliyyat və tranzit əlaqələrinin inkişafına da geniş yer ayrılıb. Xəzər dənizinin Mərkəzi Asiya ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının təmin edilməsində artan rolu vurğulanıb. Dəniz limanlarına, hava limanlarına, dəmir yollarına və avtomobil yollarına yatırılan investisiyalar regionun tranzit imkanlarının genişləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev Orta Dəhlizin əhəmiyyətinin getdikcə artdığını qeyd edərək ötən il bu marşrut üzrə tranzit yükdaşımalarının 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artdığını bildirib. Rəqəmsal İpək Yolu layihəsi və Xəzər dənizinin dibi ilə fiber-optik kabellərin çəkilməsi istiqamətində görülən işlər də regional bağlantıların inkişafında mühüm yer tutur.
Enerji sahəsində əməkdaşlıq da regional tərəfdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında mühüm rol oynayır. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə daşınması, eləcə də Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər qarşılıqlı əməkdaşlığın yeni perspektivlərini müəyyənləşdirir.
Görüşün yekununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Tacikistan prezidentləri “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı imzalayıblar. Bu sənədlər dövlətlərarası dialoqun davam etdirilməsi və əməkdaşlıq formatının institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışı göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq siyasi münasibətlərlə yanaşı, iqtisadiyyat, investisiya, nəqliyyat, logistika və enerji sahələrini də əhatə edən geniş tərəfdaşlıq modelinə əsaslanır. Qarşılıqlı etimadın möhkəmləndirilməsi, mövcud imkanlardan səmərəli istifadə və birgə layihələrin həyata keçirilməsi regionun iqtisadi əlaqələrinin daha da inkişafına və beynəlxalq nəqliyyat-logistika sistemində mövqeyinin güclənməsinə töhfə verə bilər.

Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər