Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq, qardaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan münasibətlər dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirakı və müntəzəm qarşılıqlı səfərlər əlaqələrin səviyyəsini daha da artırır. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirildi. Azərbaycan Prezidenti görüşdə iştirak etmək üçün Türkmənistana işgüzar səfər etdi. Region ölkələrinin liderlərini bir araya gətirən bu toplantı Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır. Son illərdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsi məhz bu reallıqlar fonunda baş verir. Siyasi dialoqun genişlənməsi iqtisadi münasibətləri, nəqliyyat-logistika layihələrini və enerji əməkdaşlığını da hərəkətə gətirir. İkitərəfli münasibətlərlə yanaşı, bu əlaqələr getdikcə daha geniş regional əməkdaşlıq formatında da yeni məzmun qazanır.
Prezident İlham Əliyev Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında bir daha diqqəti bu reallıqlara yönəltdi. Bildirdi ki, keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Son illərdə Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib.
Azərbaycanın Mərkəzi Asiya regionu ilə qarşılıqlı fəaliyyəti təkcə siyasi müstəvidə deyil, iqtisadi sahədə də büyük sıçrayışla müşayiət olunur. Ötən il Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi 50 faizdən çox artmışdır. Hazırda ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkətin aktiv şəkildə fəaliyyət göstərməsi, qarşılıqlı investisiyaların artması və birgə layihələrin icrası regionlararası inteqrasiyanı daha da sürətləndirir.
Bu inteqrasiyanın dərinləşdirilməsində birgə investisiya fondları həlledici rol oynayır. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla kapitalı yüz milyonlarla dollar təşkil edən birgə investisiya fondları yaradıb. Bu fondların potensialından daha fəal istifadə etməklə yeni istehsal müəssisələrinin qurulması və sənaye kooperasiyasının genişləndirilməsi əsas hədəfdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, tərəflər yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməli, həm də birgə sərmayə qoyaraq ortaq istehsal zəncirləri yaratmalı və üçüncü ölkələrin bazarlarına birgə çıxış təmin etməlidirlər.
Tərəflər arasında strateji əməkdaşlığın sütunlarından birini də nəqliyyat və loqistika sektoru təşkil edir. Xəzər dənizi Mərkəzi Asiya ilə Azərbaycanı və onların vasitəsilə beynəlxalq bazarları birləşdirən mühüm qovşaq kimi öz əhəmiyyətini durmadan artırır. Azərbaycanın dəniz limanlarına, aeroportlara, dəmir və avtomobil yollarına qoyduğu iri həcmli sərmayələr Xəzərdən keçən tranzit axınını əhəmiyyətli dərəcədə artırıb. Bu marşrutların rəqabətədavamlılığını yüksəltməklə yanaşı, Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsini nəzərdə tutan "Rəqəmsal İpək Yolu" layihəsi də uğurla davam etdirilir. Orta Dəhlizin strateji çəkisi sürətlə artır: bu marşrut üzrə tranzit yükdaşımalar ötən il 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artım nümayiş etdirib.
Vüqar İsmayılov
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı