2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib. Dövlət başçısının çıxışı Azərbaycanın region ölkələri ilə münasibətlərinin inkişaf perspektivlərini, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini, qarşılıqlı investisiyaların artırılmasını, nəqliyyat və enerji sahələrində birgə fəaliyyətin gücləndirilməsini əhatə edib. Görüş region dövlətləri arasında siyasi dialoqun dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb, ticarət-iqtisadi əməkdaşlıq möhkəmlənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması bu əlaqələrin iqtisadi müstəvidə də genişləndiyini göstərən mühüm göstəricidir. Hazırda Mərkəzi Asiya ölkələrinin kapitalı əsasında yaradılmış 400-dən çox şirkətin Azərbaycanda fəaliyyət göstərməsi də tərəfdaşlığın real iqtisadi əsaslara söykəndiyini təsdiqləyir.
Azərbaycanın regional əməkdaşlıqda mövqeyini möhkəmləndirən mühüm hadisələrdən biri 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatına tamhüquqlu üzv qəbul edilməsi olub. Prezident İlham Əliyev bu qərara görə həmkarlarına təşəkkürünü bildirib, xüsusilə Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsünü qeyd edib. Azərbaycanın bu platformaya qoşulması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha geniş siyasi və iqtisadi çərçivədə inkişafı üçün yeni imkanlar yaradır. Bu, həmçinin Xəzər hövzəsində əməkdaşlığın genişləndirilməsi, ortaq maraqların uzlaşdırılması və regionun beynəlxalq iqtisadi əlaqələrdə rolunun artırılması baxımından əhəmiyyətlidir.
Dövlət başçısının çıxışında xüsusi diqqət yetirilən məsələlərdən biri birgə investisiya təşəbbüsləri olub. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb və bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir. Prezident İlham Əliyev həmin maliyyə imkanlarından daha fəal istifadə edilməsinin vacibliyini vurğulayaraq birgə layihələrin həyata keçirilməsini, yeni istehsal müəssisələrinin yaradılmasını və sənaye əməkdaşlığının genişləndirilməsini prioritet istiqamətlər kimi diqqətə çatdırıb. Dövlət başçısının yanaşmasına görə, əməkdaşlıq yalnız qarşılıqlı ticarətin artırılması ilə məhdudlaşmamalı, ölkələr birgə investisiya qoymalı, istehsal etməli və beynəlxalq bazarlara birlikdə çıxmalıdırlar. Belə bir model iqtisadi əlaqələrin davamlılığını gücləndirməklə yanaşı, yeni istehsal imkanlarının və ixrac istiqamətlərinin formalaşmasına xidmət edə bilər.
Nəqliyyat və logistika sahəsi də çıxışın əsas istiqamətlərindən biri olub. Prezident İlham Əliyev Xəzər dənizinin ölkələr arasında nəqliyyat bağlantılarının təmin edilməsində artan rolunu vurğulayıb. Dəniz limanlarına, hava limanlarına, dəmir yollarına və avtomobil yollarına yatırılan investisiyalar daşımaların həcminin artırılmasına və marşrutların rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlib. Orta Dəhlizin əhəmiyyətinin artması, eləcə də Transxəzər nəqliyyat imkanlarının genişləndirilməsi Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin inkişafına və beynəlxalq bazarlara çıxışın asanlaşmasına şərait yaradır. Rəqəmsal İpək Yolu layihəsi və Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi istiqamətində görülən işlər isə əməkdaşlığın rəqəmsal bağlantılar sahəsində də genişləndiyini göstərir.
Enerji sahəsində əməkdaşlıq da qarşılıqlı tərəfdaşlığın mühüm istiqamətidir. Azərbaycan Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara nəqlində iştirak edir, Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə daşınması davam edir. Eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində işlər aparılır. Bu təşəbbüslər ənənəvi enerji əməkdaşlığı ilə yanaşı, bərpaolunan enerji sahəsində də yeni imkanların formalaşmasına xidmət edir.
Prezident İlham Əliyevin Türkmənbaşı şəhərindəki çıxışı Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin siyasi dialoqdan iqtisadi inteqrasiyaya, birgə investisiyalardan nəqliyyat və enerji layihələrinə qədər geniş istiqamətləri əhatə etdiyini nümayiş etdirir. Dövlət başçısının vurğuladığı kimi, region ölkələrinin əldə etdiyi nailiyyətlərin təməlində sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik dayanır. Qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin gələcək inkişafı üçün mühüm zəmin yaradır.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı