Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərin müzakirəsi məqsədilə Bakı Gənclər Mərkəzində gənclərlə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan gənclərin siyasi maarifləndirilməsi, onların dövlətçilik ənənələrinə bağlılığının gücləndirilməsi, ictimai təşəbbüslərinin dəstəklənməsi və fəal vətəndaş mövqeyinin təşviqi xüsusi önəm kəsb edir. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasəti gənclərin hərtərəfli inkişafı, onların bilik və bacarıqlarının artırılması, təşəbbüskarlığının dəstəklənməsi və cəmiyyət həyatında fəallığının təmin edilməsi üçün geniş imkanlar yaradır.
Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva bildirib ki, gənc nəslin nümayəndələri dövlətin inkişaf strategiyasının həyata keçirilməsində, milli həmrəyliyin möhkəmləndirilməsində və cəmiyyətin tərəqqisində fəal iştirak etməlidirlər.
Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, müasir dünyagörüşünə malik və yüksək intellektual səviyyəli vətəndaşlar kimi formalaşmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Sonda gənclərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün gənclərin siyasi biliklərinin artırılması, dövlətçilik ideyalarına bağlılığının möhkəmləndirilməsi və ictimai fəallığının yüksəldilməsi baxımından əhəmiyyəti vurğulanıb.