“Övladlarımızın sağlamlığı, təhsili, mədəniyyəti, xoşbəxt gələcəyi və layiqli vətəndaş kimi yetişdirilməsi dövlətlə yanaşı, hər birimizin düşüncəsində və gündəlik fəaliyyətində əsas yer tutmalıdır. Gələcəyin cəmiyyətini formalaşdıran uşaqların fiziki və mənəvi sağlamlığının qorunması, onların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərə bağlı, müasir dünyagörüşünə malik şəxsiyyətlər kimi yetişdirilməsi ailənin, məktəbin və bütövlükdə cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdəndir”.Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, bu baxımdan ailə, məktəb və cəmiyyət məsələyə xüsusi həssaslıqla yanaşmalı, hər bir fürsəti dəyərləndirməli, təlim və tərbiyə prosesində boşluqlara, laqeydliyə yol verməməlidir:”Çünki bu, təkcə təhsil deyil, həm də gələcəyin insanının formalaşdırılması məsələsidir. Övladlarımızın həyatına, təhsilinə və davranışına mənfi təsir göstərən yad meyillər vaxtında müəyyənləşdirilməli, onların qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməlidir.Bu məsələnin aktuallığı müasir dövrdə daha da artır. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin uşaqların dünyagörüşünə təsiri, müxtəlif ideoloji təsirlərin geniş yayılması valideynlərin və təhsil müəssisələrinin məsuliyyətini daha da artırır. Uşaqların düzgün istiqamətləndirilməsi, onlarda müstəqil düşüncə, sağlam mühakimə, milli kimliyə bağlılıq və cəmiyyət qarşısında məsuliyyət hissinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə əsas məqsəd yalnız mənfi təsirlərin qarşısını almaq deyil, həm də gənc nəslin elmi biliklərə, sağlam düşüncəyə, qarşılıqlı hörmətə və mənəvi dəyərlərə əsaslanan dünyagörüşünün inkişafına nail olmaqdır.Çünki bu gün uğurlarımızı gözü götürməyən, müstəqilliyimizi və qələbələrimizi həzm edə bilməyən, hər vasitə ilə ictimai sabitliyimizi pozmağa, milli-mənəvi dəyərlərimizə kölgə salmağa çalışan qüvvələr az deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında bu baxımdan bildirmişdi ki, ölkəmiz hərbi təxribatlarla yanaşı, ideoloji təxribatlarla da üzləşir. Azərbaycan ən çətin mübarizələrdən qalib çıxıb və öz inkişaf yolunu davam etdirir. Bu reallıq göstərir ki, dövlət müstəqilliyinin və milli maraqların qorunması yalnız siyasi, iqtisadi və hərbi güclə məhdudlaşmır. Eyni zamanda, cəmiyyətin ideoloji dayanıqlığı, milli özünüdərkin möhkəmləndirilməsi və gənc nəslin sağlam dünyagörüşü əsasında yetişdirilməsi də mühüm əhəmiyyət kəsb edir.Ölkəmizdə bəzi xarici mərkəzlər dini amillərdən təsir vasitəsi kimi istifadə edərək Azərbaycanı inkişaf və tərəqqi yolundan döndərməyə çalışırlar. Həmçinin Azərbaycanda bəzi Yaxın Şərq ölkələrinin teokratik idarəetmə modelini tətbiq etməyə çalışan qüvvələr var. Belə cəhdlərə qarşı cəmiyyətin mövqeyi hüquqi dövlət prinsiplərinə, milli maraqlara, dünyəvi təhsil sisteminə və qarşılıqlı hörmətə əsaslanmalıdır. Azərbaycanın inkişaf modeli milli-mənəvi dəyərlərin qorunmasını, müasir təhsilin təşviqini və dünyəvi dövlətçilik prinsiplərinin möhkəmləndirilməsini özündə birləşdirir. Bu prinsiplərin qorunması həm ictimai sabitliyin, həm də gələcək nəsillərin sağlam inkişafının vacib şərtlərindəndir.Azərbaycanda dini ayinlərin və mərasimlərin həyata keçirilməsi ilə məktəblərdə vahid geyim qaydalarının tətbiqini eyniləşdirmək əsassızdır. Ölkədə dinə qadağa qoyulmayıb. Məktəblərimizdə vahid məktəbli forması tətbiq olunur və şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi təhsil mühitində ümumi nizam-intizamın təmin edilməsinin tərkib hissəsidir. Məktəblilərin geyimi eyni olmalıdır. Onlar geyimlərinə görə bir-birindən fərqlənməməli, sosiallaşmalı, özlərini sərbəst hiss etməli və təcrid olunmamalıdırlar. Geyimlərinə görə çəkinməməli, utanmamalıdırlar.Vahid məktəbli formasının mahiyyəti yalnız xarici görünüşün standartlaşdırılması ilə məhdudlaşmır. Bu yanaşma şagirdlər arasında sosial fərqlərin vizual təsirini azaltmağa, məktəb mühitində bərabərlik və kollektivə aidlik hissini gücləndirməyə xidmət edir. Təhsil müəssisəsi hər bir uşağın özünü təhlükəsiz, rahat və bərabərhüquqlu hiss etdiyi məkan olmalıdır. Burada əsas diqqət şagirdin geyiminə deyil, onun bilik və bacarıqlarına, davranışına, mənəvi keyfiyyətlərinə və şəxsi inkişafına yönəlməlidir. Məktəb mühitində qaydaların ardıcıl və hamıya eyni şəkildə tətbiqi də bu baxımdan mühüm əhəmiyyət daşıyır.Mən hicab məsələsini din və əxlaqla əlaqələndirən bəzi bacı və qardaşlarıma üzümü tutaraq xahiş edirəm ki, yanlış təsirlərə və fikirlərə məhəl qoymasınlar. Çünki kiçik yaşlı məktəblilər hicabın mahiyyətini tam dərk etmirlər. Bu düşüncəni onlara biz valideynlər təlqin edirik.Belə geyim məktəblilərin tədris prosesində müəyyən çətinliklərlə üzləşməsinə səbəb ola bilər. Şagirdlər dərs zamanı özlərini narahat hiss edə, müəllimləri dinləməkdə və bəzi hallarda sinif yoldaşları ilə ünsiyyət qurmaqda çətinlik çəkə bilərlər.Uşaqların tərbiyəsində valideynlərin rolu danılmazdır. Lakin bu məsuliyyət uşaqların yaş xüsusiyyətlərinin, psixoloji inkişafının və fərdi ehtiyaclarının nəzərə alınmasını da tələb edir. Kiçik yaşlı şagirdlərin dünyagörüşü hələ formalaşma mərhələsində olduğundan onların hər hansı mövzuya münasibəti ailə mühiti, ətrafdakı insanların davranışı və aldıqları məlumatlarla sıx bağlıdır. Buna görə də valideynlər övladlarına istiqamət verərkən onların təhsil hüququnu, məktəb mühitinə uyğunlaşmasını, sosial inkişafını və psixoloji rahatlığını diqqətdə saxlamalıdırlar. Müxtəlif məsələlərə yanaşmada qarşılıqlı anlaşma, maarifləndirmə və qanunvericiliyin tələblərinə hörmət əsas götürülməlidir.Övladlarımızın hər biri bizim üçün əzizdir. Onların xoşbəxt gələcəyi, mükəmməl təhsil alması, təhlükəsizliyi və sağlamlığı haqqında ciddi düşünürük. Məktəblərdə ciddi nizam-intizam yaratmağa, vahid məktəbli forması tətbiq etməklə məktəblərimizi daha da ictimailəşdirməyə və şagirdlərimizin geyimdə nümunəvi olmasına çalışırıq. Belə bir zamanda yersiz söz-söhbətə yol verməməliyik.Məktəbin əsas missiyası yalnız bilik vermək deyil, həm də şəxsiyyət formalaşdırmaqdır. Təhsil müəssisələrində yaradılan sağlam psixoloji mühit, müəllim-şagird münasibətlərinin düzgün qurulması, valideynlərlə əməkdaşlıq və nizam-intizam qaydalarına əməl olunması uşaqların gələcək həyatına birbaşa təsir göstərir. Şagirdin özünü kollektivin bərabərhüquqlu üzvü kimi hiss etməsi onun təlim nəticələrinə, sosial münasibətlərinə və özünəinamına müsbət təsir edə bilər. Bu baxımdan məktəblərdə vahid qaydaların tətbiqi ilə yanaşı, uşaqların fərdi xüsusiyyətlərinə hörmət, pedaqoji yanaşmanın düzgün seçilməsi və sağlam ünsiyyət mühitinin yaradılması da vacibdir.Birliyimizlə, amalımızla və mənəvi keyfiyyətlərimizlə əsl azərbaycanlı, layiqli vətəndaş olduğumuzu sübut etməliyik. Düşmənlərimizin niyyətlərini puça çıxarmalı, yad meyilləri təbliğ edənlərin arzularını gözlərində qoymalı və övladlarımızın xoşbəxt gələcəyini təmin etməliyik. Bu yol məktəbdən, nizam-intizamdan və elmlərə yiyələnməkdən keçir.Milli-mənəvi dəyərlərin qorunması, dünyəvi təhsilin inkişafı və gənc nəslin layiqli vətəndaş kimi yetişdirilməsi bir-birini tamamlayan proseslərdir. Güclü dövlətin təməli savadlı, sağlam düşüncəli, milli kimliyinə bağlı və cəmiyyət qarşısında məsuliyyətini dərk edən vətəndaşlardan formalaşır. Bu məqsədə çatmaq üçün dövlətin həyata keçirdiyi siyasətlə yanaşı, ailənin, məktəbin və ictimaiyyətin birgə səyləri də zəruridir. Hər bir valideyn, müəllim və cəmiyyət üzvü anlamalıdır ki, uşaqların bu günü onların sabahını müəyyənləşdirir. Onların təhsilə yiyələnməsi, sağlam sosial mühitdə böyüməsi və mənəvi dəyərlər əsasında tərbiyə olunması Azərbaycanın gələcək inkişafına verilən ən mühüm töhfələrdən biridir”.
Müəllif: Günay Hacıyeva