PDF Oxu

Siyasət

  • 813

İdeoloji təhlükəsizlik, milli-mənəvi dəyərlər və təhsilin keyfiyyəti: güclü dövlətin və sağlam cəmiyyətin əsasları - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi ideoloji təhlükəsizliklə bağlı fikirlər müasir Azərbaycanın inkişaf prioritetlərini, milli maraqlarının qorunmasını və cəmiyyətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji yanaşmadır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizin əldə etdiyi iqtisadi və siyasi güc, beynəlxalq nüfuz, cəmiyyətdə mövcud olan birlik və həmrəylik daxili risklərin aradan qaldırılması üçün mühüm zəmin yaratmışdır. Hazırda qarşıda duran əsas vəzifələrdən biri isə xaricdən qaynaqlanan risklərə qarşı cəmiyyətin güclü mənəvi-ideoloji immunitetinin formalaşdırılmasıdır.

İdeoloji təhlükəsizlik yalnız dövlət sərhədlərinin, siyasi institutların və milli maraqların qorunması ilə məhdudlaşmır. Bu anlayış, eyni zamanda, milli kimliyin, tarixi yaddaşın, mədəniyyətin, mənəvi dəyərlərin, vətəndaş həmrəyliyinin və gənc nəslin sağlam dünyagörüşünün müdafiəsini əhatə edir. Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin ictimai rəyə ciddi təsir göstərdiyi bir şəraitdə ideoloji təhlükəsizliyin təmin olunması dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Bu baxımdan təhsil müəssisələri, ailə, ictimai institutlar və kütləvi informasiya vasitələri arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi, sosial və hərbi sahələrdə genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi potensialı gücləndirilmiş, infrastrukturu yenilənmiş, beynəlxalq əlaqələri genişləndirilmiş, müdafiə qabiliyyəti yüksəldilmiş və əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bu inkişafın əsas xüsusiyyətlərindən biri milli maraqlara əsaslanan müstəqil siyasətin iqtisadi imkanlarla və güclü dövlətçilik iradəsi ilə uzlaşdırılmasıdır.
Ötən 23 ildə ölkəmizin enerji strategiyası, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi və regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin mühüm istiqamətlərini təşkil etmişdir. Yeni yolların, körpülərin, elektrik stansiyalarının, su təchizatı sistemlərinin, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikintisi insanların gündəlik həyatına müsbət təsir göstərmişdir. İnfrastruktur layihələri regionların iqtisadi fəallığının artırılmasına, əhalinin xidmətlərə çıxışının yaxşılaşdırılmasına və ölkənin inkişaf imkanlarının genişləndirilməsinə xidmət etmişdir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsi də bu siyasətin mühüm nəticələrindəndir. Ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirmiş, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əlaqələr qurmuş, regional nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində fəal iştirak etmişdir. Azərbaycanın sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə yönəlmiş təşəbbüsləri onun beynəlxalq nüfuzunun artmasına töhfə vermişdir.
Bu inkişaf yolunun ən parlaq tarixi nəticəsi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasıdır. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etmişdir. Noyabrın 8-də Şuşanın azad olunması xalqımızın tarixində xüsusi yer tutan hadisəyə çevrilmiş, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat müharibənin başa çatmasını təmin etmişdir. Bu Zəfər Azərbaycan xalqının milli iradəsinin, ordumuzun döyüş qabiliyyətinin və dövlət-xalq birliyinin təntənəsi olmuşdur.
2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun və dövlət suverenliyinin bərpası istiqamətində mühüm mərhələ tamamlanmışdır. 2024-cü ildə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi bu tarixi nailiyyətin dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha təsdiqləmişdir.
Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, yolların, yaşayış məntəqələrinin, məktəblərin, sosial obyektlərin və mühəndis-kommunikasiya infrastrukturunun yaradılması Böyük Qayıdış prosesinin əsasını təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yalnız fiziki infrastrukturun bərpası deyil, həm də insanların doğma yurdlarına qayıtması, milli-mədəni irsin qorunması və həyatın yenidən canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın qazandığı uğurların davamlı olması üçün iqtisadi və hərbi güclə yanaşı, cəmiyyətin mənəvi dayanıqlığı, milli birliyi və ideoloji təhlükəsizliyi də qorunmalıdır. Çünki müstəqil dövlətin gələcəyi həm onun maddi imkanlarından, həm də vətəndaşlarının milli məsuliyyətindən, vətənpərvərliyindən və sağlam düşüncəsindən asılıdır.
Dövlətin inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biri vətəndaşların həyat keyfiyyəti, sosial təminatı və gələcəyə inamıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin başlıca məqsədi iqtisadi inkişafın nəticələrinin insanların rifahında əks olunması, aztəminatlı ailələrin müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin artırılması, məşğulluq imkanlarının genişləndirilməsi və sosial xidmətlərin əlçatanlığının təmin edilməsidir.
2019-cu ildən fəaliyyət göstərən DOST mərkəzləri sosial xidmətlərin daha əlçatan və operativ göstərilməsi baxımından əhəmiyyətli yeniliklərdəndir. Vətəndaşlara müxtəlif xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi dövlət-vətəndaş münasibətlərində şəffaflığın və xidmət keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Bununla yanaşı, şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə və digər həssas qruplara göstərilən diqqət sosial həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.
Lakin sosial rifah yalnız maddi təminatla ölçülmür. Keyfiyyətli təhsil, sağlamlıq, təhlükəsiz ictimai mühit, bərabər imkanlar və mənəvi inkişaf da insanın həyat səviyyəsini müəyyən edən mühüm amillərdəndir. Buna görə də təhsilin inkişafı və gənclərin intellektual potensialının artırılması sosial siyasətin uzunmüddətli nəticələrini təmin edən əsas istiqamətlərdən hesab olunur.
Təhsil hər bir dövlətin intellektual potensialını formalaşdıran, milli kimliyini qoruyan və gələcək inkişafını təmin edən strateji sahədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi, yeni məktəblərin tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri, tədris prosesinin müasirləşdirilməsi və rəqəmsal imkanların genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Müasir məktəb yalnız şagirdlərə bilik verən müəssisə deyil, həm də şəxsiyyətin formalaşdığı, vətəndaşlıq məsuliyyətinin, milli-mənəvi dəyərlərin və sağlam dünyagörüşünün inkişaf etdiyi sosial mühitdir. Təhsilalanların müstəqil düşünmək, informasiya mənbələrini müqayisə etmək, doğru ilə yanlışı fərqləndirmək, müxtəlif fikirlərə tənqidi yanaşmaq və cəmiyyət qarşısında məsuliyyət daşımaq bacarıqlarının inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Təhsil islahatlarının səmərəliliyi müəllimin peşəkarlığı, dərsliklərin keyfiyyəti, tədris metodlarının müasir tələblərə uyğunluğu, məktəb rəhbərliyinin məsuliyyəti və valideynlərin təhsil prosesində iştirakı ilə sıx bağlıdır. Bu baxımdan müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması və təhsilalanların fərdi bacarıqlarının üzə çıxarılması əsas prioritetlərdən olmalıdır.
Dövlət qayğısı təhsilin yalnız maddi-texniki bazasının yaxşılaşdırılması ilə məhdudlaşmamalıdır. Təhsilalanların hüquqlarının qorunması, onların sosial vəziyyətindən asılı olmayaraq bərabər imkanlara malik olması, müəllim əməyinə hörmət və tədris prosesində sağlam münasibətlərin formalaşdırılması da bu qayğının mühüm tərkib hissələridir. Məktəbdə tətbiq edilən hər bir qayda məhz bu məqsədlərə xidmət etməli, şagirdin ləyaqətini qorumalı və onun təhsil almaq hüququnun həyata keçirilməsinə mane olmamalıdır.
Dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı qaydalar təhsil mühitinin vahid prinsiplər əsasında təşkil olunmasına xidmət edir. Geyim formasının tətbiqinin mahiyyətini düzgün anlamaq vacibdir. Məktəbli geyimi təhsilin keyfiyyətini öz-özlüyündə yüksəldən vasitə olmaqdan əlavə, təhsil prosesini dəstəkləyən nizamlı mühitin yaradılmasına, şagirdlər arasında xarici görünüş və geyimlə bağlı sosial fərqlərin qabardılmasının azaldılmasına, məktəbə məxsusluq hissinin gücləndirilməsinə və ümumi intizamın təşviqinə şərait yaradır.
Müxtəlif sosial-iqtisadi imkanlara malik ailələrdən gələn şagirdlərin məktəbə uyğun vahid geyimdə gəlməsi uşaqlar arasında geyim markası, qiyməti və dəbi üzərindən müqayisələrin azalmasına kömək edir. Bu yanaşma təhsilin hamı üçün bərabər imkanlar yaratmaq prinsipini dəstəkləyir. Beləliklə, diqqət daha çox şagirdin biliyinə, davranışına, çalışqanlığına, yaradıcılığına və nailiyyətlərinə yönəlir.
Vahid geyim, eyni zamanda, məktəbin dünyəvi və ümumi təhsil xarakterinə uyğun, bütün şagirdlərə bərabər münasibət göstərilən mühitin formalaşmasına töhfə verə bilər. Burada dünyəvilik hər hansı şagirdin fərdi ləyaqətinin və qanuni hüquqlarının məhdudlaşdırılması kimi deyil, dövlət təhsilinin qanunla müəyyən edilmiş ümumi prinsiplər əsasında təşkil olunması kimi başa düşülməlidir.
Müəllimlərin geyimi də məktəb mühitinin təşkilində mühüm yer tutur. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, peşəkarlığı və xarici görünüşü ilə şagirdlər üçün nümunədir. Səliqəli və peşəkar geyim müəllimin təhsil prosesindəki roluna uyğun münasibətin formalaşmasına, məktəb mühitində ciddiliyin və qarşılıqlı hörmətin qorunmasına kömək edir.
Bu sahədə hüquqi tənzimləmə də inkişaf etdirilir. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa 7 iyul 2026-cı il tarixli dəyişikliklə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələblərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunması və təhsilalanlarla təhsilverənlərin bu tələblərə riayət etməsi müddəaları əlavə edilmişdir. Ardınca Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı ilə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələblər təsdiq edilmişdir. Bu qərar müəllimlərin geyiminə dair vahid normativ yanaşmanın formalaşdırılması baxımından əhəmiyyətlidir.
Müasir informasiya məkanında ideoloji təhlükəsizliyə təsir göstərən risklər müxtəlif formalarda meydana çıxır. Sosial şəbəkələrdə yayılan saxta xəbərlər, tarixi faktların təhrif edilməsi, milli-mənəvi dəyərlərə qarşı hörmətsizliyin təşviqi, cəmiyyətdə süni qarşıdurmalar yaratmağa yönəlmiş çağırışlar və gənclərin manipulyasiyaya məruz qalması bu risklər sırasındadır. Belə hallara qarşı mübarizə yalnız inzibati tədbirlərlə məhdudlaşa bilməz. Ən dayanıqlı müdafiə mexanizmi məlumatlı, savadlı, müstəqil və tənqidi düşünmə qabiliyyətinə malik, öz dövlətinin tarixini yaxşı bilən vətəndaşların yetişdirilməsidir.
Dövlətin vəzifəsi milli təhlükəsizliyi, qanunun aliliyini, vətəndaşların hüquqlarını və informasiya mühitində etibarlı məlumat əldə etmək imkanlarını qorumaqdır. Cəmiyyətin vəzifəsi isə məsuliyyətli davranmaq, dövlət tərəfindən verilmiş qərqrları təbliğ etmək, təsdiqlənməmiş məlumatları yaymamaq, ictimai müzakirələrdə qarşılıqlı hörməti qorumaq və milli birliyi zəiflədən təxribatlara qarşı hüquqi və maarifləndirici vasitələrlə mübarizə aparmaqdır.
Bu prosesdə ailənin, məktəbin və müəllimin rolu xüsusi əhəmiyyət daşıyır. Valideynlər uşaqlarda məsuliyyətli rəqəmsal davranış vərdişləri formalaşdırmalıdırlar. İdeoloji təhlükəsizliyimizi qorumaq, sağlam cəmiyyət formalaşdırmaq hər bir ziyalının əsas vəzifəsi olmalıdır. Bu işlərdə əsas məqsəd zərərli təxribatların qarşısını almaqla yanaşı, vətəndaşların hüquqlarını qorumaq, ictimai etimadı möhkəmləndirmək və milli maraqlar ətrafında birliyi gücləndirməkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 23 ildə əldə etdiyi iqtisadi, sosial və siyasi nailiyyətlər, tarixi Zəfərimiz və dövlət suverenliyimizin tam bərpası gələcək inkişaf üçün möhkəm təməl yaratmışdır. Bu nailiyyətlərin qorunması və davam etdirilməsi güclü iqtisadiyyatla yanaşı, savadlı, vətənpərvər, məsuliyyətli və mənəvi cəhətdən dayanıqlı gənc nəslin yetişdirilməsini tələb edir. Dövlət ümumi təhsil müəssisələrində şagird və müəllim geyimi ilə bağlı qaydalar da bu geniş məqsədlərin bir hissəsi kimi qiymətləndirilməlidir.
Şagird və müəllimlərin geyim forması üzrə tələblərə şüurlu şəkildə riayət etməsi məktəbdə nizam-intizamın güclənməsinə, xarici görünüşə görə fərqlərin azalmasına və tədris prosesinə daha çox diqqət ayrılmasına müsbət təsir göstərəcəkdir. Müəllimlərin nümunəvi davranışı, valideynlərin dəstəyi və ən başlıcası, vahid geyim tətbiqi təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən əlavə amil olmaqla yanaşı, bilik və bacarıqların inkişafına, müəllim əməyinin qiymətləndirilməsinə və hər bir uşağın keyfiyyətli təhsil almaq hüququnun təmin edilməsinə zəmin yaradacaqdır.
Güclü dövlətin, sağlam cəmiyyətin və etibarlı gələcəyin əsası milli birliyin, sosial ədalətin, keyfiyyətli təhsilin və ideoloji dayanıqlığın vəhdətindədir. Dövlətin və cəmiyyətin birgə səyləri ilə yetişən savadlı, milli dəyərlərə bağlı və müasir düşüncəli gənclik Azərbaycanın gələcək uğurlarının əsas təminatçısı olacaqdır.

Şamo Qasımov
YAP Laçın rayon təşkilatının sədr müavini

Digər xəbərlər