PDF Oxu

Siyasət

  • 773

Azərbaycan–Türkmənistan: qardaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

image

Türkmənbaşıda keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin bugünkü səviyyəsini bir daha nümayiş etdirdi. Görüşə ev sahibliyi edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi “Avaza” Kompleksində qarşıladı, görüşü açıq elan edərək ilk sözü böyük hörmətlə Azərbaycan liderinə verdi. Bu jest iki ölkə arasındakı xüsusi münasibətin rəmzi ifadəsi idi.
Prezident İlham Əliyev çıxışına dəvətə və ənənəvi qonaqpərvərliyə görə Türkmənistan Prezidentinə təşəkkür etməklə başladı və yenidən qardaş Türkmənistanda, gözəl Avazada olmaqdan məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı vurğuladı ki, son illərdə Azərbaycan–Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu rəqəm özü-özlüyündə çox şey deyir. Belə intensiv səfərlər siyasi dialoqun nə qədər canlı olduğunu və hər iki tərəfin ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətini əks etdirir.
İki ölkə arasındakı münasibətlərin təkcə siyasi və iqtisadi deyil, həm də mənəvi bir ölçüsü var. Prezident İlham Əliyev Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində inşa olunan məscidi xüsusi qeyd etdi. Keçən il liderlər bu məscidin təməlinin qoyulmasında birlikdə iştirak etmişdilər. Dövlətimizin başçısı qardaş Türkmənistanın Azərbaycana bu hədiyyəsini xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürü adlandırdı. İşğaldan azad edilmiş Füzulidə ucalan bu məscid uzun illər dağıntıya məruz qalmış torpaqlarda yenidən həyatın, imanın və qardaşlığın rəmzi olacaq.
Türkmənistanın Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulmasındakı rolu da danılmazdır. Prezident İlham Əliyev xatırlatdı ki, məhz ötən ilin avqustunda Avazada Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs qısa müddətdə bütün regional liderlər tərəfindən yekdilliklə dəstəkləndi və keçən ilin noyabrında Azərbaycan formatın tamhüquqlu üzvü oldu.
Türkmənistan tərəfi də münasibətlərə eyni səmimiyyətlə yanaşır. Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin çıxışını məzmunlu və konstruktiv adlandırdı, Türkmənistanla bağlı səslənən xoş sözlərə və irəli sürülən təkliflərə görə təşəkkür etdi. Türkmənistan Prezidenti bildirdi ki, onun ölkəsi Azərbaycanla qardaşlıq münasibətlərinə böyük əhəmiyyət verir və bu münasibətlərin ardıcıl şəkildə möhkəmləndirilməsinə hazırdır. O, çoxtərəfli əməkdaşlığın Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında mehriban qonşuluq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
İki ölkəni birləşdirən ən mühüm amillərdən biri Xəzər dənizidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirir. Türkmənbaşı limanı və Bakı limanı arasında qurulan körpü Orta Dəhlizin həyati halqasıdır. Enerji sahəsində də əməkdaşlıq genişlənir: Türkmənistan nefti Azərbaycan vasitəsilə beynəlxalq bazarlara nəql olunur və bu daşımaların həcmi artır.
İki ölkə arasındakı əməkdaşlığın çoxtərəfli formatla sıx bağlı olduğunu da qeyd etmək lazımdır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artması, ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi Türkmənistanla ikitərəfli əlaqələr üçün də yeni imkanlar açır. Xəzər vasitəsilə daşımaların həcminin artması, Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi Türkmənbaşı və Bakı limanlarını daha sıx bağlayır. Beləliklə, ikitərəfli və çoxtərəfli əməkdaşlıq bir-birini tamamlayır və gücləndirir. Türkmənistanın neytrallıq statusu və Azərbaycanın balanslı xarici siyasəti iki ölkəni regionda sülhün və sabitliyin etibarlı dayaqlarına çevirir.
Bütün bunlar göstərir ki, Azərbaycan–Türkmənistan münasibətləri ortaq tarix, dil, din və mədəniyyət üzərində qurulmuş möhkəm təməldən qidalanaraq bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ən yüksək səviyyədə müntəzəm görüşlər, Füzulidəki məscid kimi mənəvi layihələr, nəqliyyat və enerji sahəsində konkret iş birliyi bu münasibətlərin çoxşaxəli və dayanıqlı olduğunu sübut edir.
Türkmənbaşı görüşü iki qardaş xalqın bir-birinə olan etimadını bir daha təsdiqlədi. Azərbaycan 2027-ci ildə Məşvərət görüşünə sədrlik edərkən Türkmənistanla bu sıx əməkdaşlıq formatın uğurunun əsas dayaqlarından biri olacaq. Xəzərin iki sahilində yaşayan qardaş xalqlar birlikdə daha güclüdür və bu birlik bütün region üçün sülh və inkişaf mənbəyidir.

Abbas Pənahov,

Yeni Azərbaycan Partiyası

Nəsimi rayon təşkilatının sədr müavini

Digər xəbərlər