PDF Oxu

Siyasət

  • 630

Ortaq maraqlar və strateji əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə səsləndirdiyi fikirlər ölkəmizin regional əməkdaşlıq siyasətinin prioritetlərini və gələcək hədəflərini aydın şəkildə ortaya qoyur. Görüş Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşmış dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və ortaq maraqlara əsaslanan təşəbbüslərin genişləndirilməsi baxımından mühüm platformadır.
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, təşəbbüskar dövlət və regional proseslərə mühüm töhfə verən ölkə kimi tanınır. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənib, müxtəlif regionlarla əlaqələri yeni məzmun qazanıb. Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi də bu siyasətin əhəmiyyətli nəticələrindən biridir. Bununla ölkəmizin region dövlətləri ilə əməkdaşlığı daha geniş siyasi və iqtisadi müstəviyə keçib, ortaq təşəbbüslərin həyata keçirilməsi üçün əlavə imkanlar yaranıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi münasibətlərin dinamik inkişafına diqqət çəkib. Ötən il ticarət dövriyyəsinin 50 faizdən çox artması əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi də qarşılıqlı iqtisadi maraqların genişliyini təsdiqləyir. Bu göstəricilər dövlətlər arasında əməkdaşlığın yalnız siyasi dialoqla məhdudlaşmadığını, konkret iqtisadi nəticələrlə müşayiət olunduğunu nümayiş etdirir.
İqtisadi tərəfdaşlığın dərinləşdirilməsində investisiya mexanizmləri xüsusi yer tutur. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması regionda iqtisadi inteqrasiyanın gücləndirilməsi istiqamətində atılmış mühüm addımdır. Bu fondlar birgə layihələrin maliyyələşdirilməsi, istehsal sahələrinin inkişafı, yeni müəssisələrin yaradılması və qarşılıqlı sərmayə qoyuluşunun genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Dövlətimizin başçısının vurğuladığı kimi, mövcud potensialdan səmərəli istifadə etməklə əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq mümkündür.
Azərbaycanın coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin inkişafında ölkəmizin rolunu daha da artırır. Orta Dəhlizin imkanlarının genişləndirilməsi, tranzit daşımaların həcminin artırılması və logistika infrastrukturunun təkmilləşdirilməsi region dövlətlərinin beynəlxalq bazarlara çıxışını asanlaşdırır. Bu istiqamətdə həyata keçirilən layihələr təkcə iqtisadi səmərəliliyə deyil, həm də dövlətlər arasında qarşılıqlı asılılığın və etimadın möhkəmlənməsinə xidmət edir. Rəqəmsal bağlantıların inkişafı da regional əməkdaşlığın müasir tələblərə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Energetika sahəsində əməkdaşlıq da qarşılıqlı fayda prinsiplərinə əsaslanır. Azərbaycanın Türkmənistan və Qazaxıstan neftinin dünya bazarlarına nəqlində oynadığı tranzit rolu ölkəmizin regional enerji təhlükəsizliyinə verdiyi töhfəni göstərir. Eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi bərpaolunan enerji mənbələrindən səmərəli istifadəyə və gələcəkdə yeni enerji marşrutlarının formalaşdırılmasına zəmin yaradır.
Türkmənbaşı görüşünün mühüm nəticələrindən biri də əməkdaşlığın hüquqi və institusional əsaslarının möhkəmləndirilməsinə yönəlmiş sənədlərin imzalanmasıdır. Görüş çərçivəsində “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar” imzalanıb. Bu sənədlər dövlətlər arasında siyasi dialoqun davamlılığının təmin edilməsi, ortaq fəaliyyətin əlaqələndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Müasir dövrdə regional inkişafın təmin olunması dövlətlər arasında həmrəyliyin, qarşılıqlı etimadın və ortaq maraqların qorunmasını tələb edir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərində məhz bu prinsiplərə əsaslanaraq əməkdaşlığın genişləndirilməsinə, iqtisadi potensialın birləşdirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına xüsusi önəm verir.
Türkmənbaşı görüşü bir daha göstərdi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlər strateji əhəmiyyət daşıyan yeni mərhələyə qədəm qoyur. Bu tərəfdaşlığın gücləndirilməsi regionda sabitliyin qorunmasına, iqtisadi əlaqələrin genişlənməsinə və xalqların rifahının yüksəldilməsinə mühüm töhfə verəcəkdir.

Səxavət Həsənov
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər