PDF Oxu

Siyasət

  • 600

Milli dəyərlərin qorunması və dünyəvi təhsil ideoloji təhlükəsizliyi təmin edir - ŞƏRH

image

Azərbaycan müstəqil siyasəti, dinamik inkişafı və sülhməramlı missiyası ilə beynəlxalq aləmdə böyük nüfuz qazanan, regionda yeni reallıqlar yaradan aparıcı dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək milli təhlükəsizliyini daha da gücləndirib.Hazırda əsas vəzifə cəmiyyətin xaricdən gələn ideoloji təhdidlərə və kibertəxribatlara dözümlülüyünü artırmaqdır. Dövlət rəhbərinin də vurguladığı kimi, bu təsirlərdən qorunmağın başlıca yolu yüksək təhsil, elmi savadlılıq və milli vətənpərvərlikdir. Müəyyən xarici mərkəzlər din amilindən, media resurslarından və baş örtüyü kimi məsələlərin süni qabardılmasından istifadə edərək cəmiyyətimizdə xurafatı yaymağa, məzhəblərarası nifaq salmağa çalışırlar. Bu ideoloji hücumların əsas məqsədi milli birliyimizi sarsıtmaq, Azərbaycanı müstəqil inkişaf yolundan döndürmək və xarici təsir altına salmaqdır.

Milli-ideoloji təhlükəsizliyin və vətənpərvərlik tərbiyəsinin təməli məktəbdə qoyulduğundan, dövlət ümumi təhsil müəssisələrində nizam-intizamın və vahid mühitin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Məktəb yalnız bilik verən məkan deyil, həm də gəncləri cəmiyyətə hazırlayan sosial institutdur. Bu çərçivədə tətbiq edilən vahid geyim forması və daxili nizam-intizam qaydaları şagirdlərdə məsuliyyət və kollektivə aidlik hissini gücləndirir, eyni zamanda sosial-iqtisadi fərqlərdən doğan ayrı-seçkiliyin qarşısını alır. Buna görə də müəyyən olunmuş qaydalara riayət edilməsi hər bir şagird və valideyn üçün mühüm öhdəlikdir.
Bununla yanaşı, tək şagirdlərin deyil, müəllimlərin də geyimində vahid qaydaların olması məktəb mühiti üçün çox vacibdir. Müəllimin səliqəli və işgüzar üslubda geyinməsi məktəbin nüfuzunu artırır və şagirdlərə yaxşı nümunə olur. Sərbəst və sadə geyim həm müəllimin rahat işləməsinə kömək edir, həm də şagirdlərin diqqətinin dərsdən yayınmasının qarşısını alır. Bir sözlə, müəllimin görünüşü məktəbdə intizamı gücləndirir və uşaqlarda geyim mədəniyyəti formalaşdırır.
Nazirlər Kabinetinin son qərarları ilə həm şagirdlər, həm də müəllimlər üçün dünyəvilik prinsipinə tam uyğun, vahid və işgüzar geyim tələbləri müəyyən olunub. Müəllimlərin görünüşü səliqəli, sadə və peşəkar fəaliyyətə uyğun olmalı, şagirdlər isə məktəbin daxili intizamına, geyim və gigiyena normalarına riayət etməlidirlər. Bu qaydaların gözlənilməsi məktəbdə sağlam və bərabər təhsil mühitinin qorunmasına xidmət edir.
Beynəlxalq təcrübəyə nəzər saldıqda görünür ki, mərkəzi və şərqi Asiya ölkələrində də analoji addımlar atılıb. Məsələn, Qazaxıstan (2016-cı il), Qırğızıstan (2015-ci il), Özbəkistan (2018-ci il) və Türkmənistan (2019-cu il) kimi dövlətlər müvafiq hüquqi qərarlarla orta təhsil müəssisələrində vahid məktəbli forması və geyim standartlarını rəsmən tətbiq ediblər. Bu da məktəblərdə vahid geyim sisteminin qlobal təcrübədə geniş qəbul olunmuş model olduğunu göstərir.
Azərbaycan dünyəvi dövlətdir, lakin eyni zamanda milli-mənəvi və İslam dəyərlərinə böyük ehtiramla yanaşır. Ümumilikdə ölkədə dindar qadınların baş örtüsü (hicab) və ya geyimi ilə bağlı heç bir məhdudiyyət yaxud qadağa yoxdur. Vətəndaşların istədikləri dini həyat tərzini seçmək hüququ Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tam təmin edilir. İşğaldan azad edilən ərazilərdə məscidlərin bərpası da dövlətin dini-mənəvi irsimizə qayğısının bariz nümunəsidir. Dünyəvilik prinsipi dini dəyərlərə zidd deyil, əksinə, etiqad azadlığının qorunmasına xidmət edir.
Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır. Məktəblərdə vahid geyim formasının tətbiqi dini ayrı-seçkilik deyil, şagirdlər arasında sosial bərabərliyin qorunması məqsədi daşıyır. Məktəb yaşlı qız uşaqlarının müəyyən dini geyim normalarına (hicaba) tabe etdirilməsi onların sosiallaşmasına və həmyaşıdları arasında fərqlənməsinə sabəb ola bilər. Məktəbin əsas vəzifəsi uşaqları kənar ideoloji təsirlərdən qorumaq və onların azad, vətənpərvər ruha yiyələnməsini təmin etməkdir.
Qız uşaqlarına israrla dini baş örtüyünün (hicabın) bağlanmasını təbliğ edən xarici radikal ideoloji mərkəzlərin təsir imkanları məhdudlaşdırılmalı, valideynlərlə maarifləndirici iş aparılmalıdır. İslam dininin əsas prinsiplərindən biri də “dində məcburiyyətin olmaması”dır və fərd dinə münasibətini yetkinlik yaşına çatdıqdan sonra özü müəyyən etməlidir. Hazırda başlıca məqsəd xaricdən gələn ideoloji təhdidləri neytrallaşdırmaq və gənc nəsli zərərli təsirlərdən müdafiə etməkdir.
Dövlətin dini-mənəvi irsimizə göstərdiyi diqqətin bariz nümunəsi olaraq, hazırda ölkəmizdə fəaliyyət göstərən 2389 məscidlə yanaşı, 2020–2026-cı illərdə dövlət dəstəyi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı, Şəki, Şamaxı, İsmayıllı, Naxçıvan və Gəncədə, eləcə də işğaldan azad edilmiş Şuşa, Ağdam, Zəngilan və Hadrutda onlarca tarihi məscid və ziyarətgah təmir-bərpa olunaraq istifadəyə verilib. Şuşa, Cəbrayıl, Füzuli və Laçında yeni ibadət ocaqlarının inşasının davam etdirilməsi göstərir ki, məscidlərin bərpası yalnız tikinti işi deyil, milli-mənəvi yaddaşın və mədəni irsin qorunmasına xidmət edən mühüm dövlət siyasətidir.
Dövlətin dini sahəyə diqqətinin digər göstəricisi din xadimlərinə və dini icmalara göstərilən sistemli dəstəkdir. Mənəvi Dəyərlərin Təbliği Fondu xətti ilə maddi yardım alan din xadimlərinin sayı 1200-dən çox şəxsə çatdırılmış, dini konfessiyalara ayrılan illik dövlət dəstəyi isə son illərdə iki dəfəyədən çox artaraq 6,3 milyon manata yüksəlmişdir. Eyni zamanda, ölkədə fəaliyyət göstərən dini icmaların sayı 994-ə çatıb ki, bu da Azərbaycanda dini etiqad azadlığının və multikultural mühitin hüquqi müstəvidə uğurla qorunduğunu sübut edir.
Dini sahədə peşəkar kadrların hazırlanması və maarifləndirmə işi də dövlətin diqqət mərkəzindədir. Bu məqsədlə fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecində təhsil tam ödənişsiz həyata keçirilir və tələbələr üçün müxtəlif təqaüd proqramları tətbiq olunur. Bununla yanaşı, din xadimlərinin bilik və bacarıqlarının artırılması, cəmiyyətin maariflənməsi üçün “Hər məsciddə kitabxana” layihəsi uğurla icra edilir, layihə çərçivəsində yüzlərlə məscid və ibadət otağı müvafiq ədəbiyyatla təmin olunub.
Azərbaycan xarici siyasətində İslam həmrəyliyinin təşviqi, mədəniyyətlərarası dialoqun inkişafı, islamofobiya və dini radikalizmə qarşı mübarizəyə xüsusi önəm verir. Bu xətt üzrə ölkəmiz Dini Liderlərin Qlobal Bakı Sammiti (COP29 çərçivəsində), Rabatda keçirilən “Dinlərarası harmoniya” konfransı və 2026-cı ildə Şuşada Türk Dövlətləri Təşkilatının dini qurum rəhbərlərinin Birinci Görüşü kimi mötəbər tədbirlərə ev sahibliyi edib. Eyni zamanda, BMT, İƏT, ICESCO və digər nüfuzlu beynəlxalq təşkilatlarla tərəfdaşlıq çərçivəsində Azərbaycanın multikulturalizm və dinc birgəyaşayış modeli qlobal miqyasda uğurla təbliğ olunur.
Ümumilikdə, Azərbaycanın dövlət-din münasibətləri və təhsil siyasəti dünyəvilik, milli-mənəvi dəyərlərə ehtiram və qanunun aliliyi prinsipləri üzərində qurulub. Təhsil müəssisələrində vahid nizam-intizamın tətbiqi, dini irsin bərpası və gənc nəslin yad ideoloji təsirlərdən qorunması ölkəmizin daxili sabitliyini və ideoloji təhlükəsizliyini təmin edən mühüm strateji addımlardır.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər