PDF Oxu

Siyasət

  • 423

Təhsil mühitində vahid geyim qaydaları və milli dəyərlərin qorunması - ŞƏRH

image

Müasir dövrdə təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri yalnız savadlı deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətlərə, möhkəm vətəndaşlıq mövqeyinə və milli dəyərlərə bağlı düşüncə tərzinə malik gənc nəslin yetişdirilməsidir. Bu məqsədə nail olmaq üçün tədrisin keyfiyyəti ilə yanaşı, məktəbdə yaradılan mühit, davranış normaları, daxili intizam və ümumi mədəniyyət də mühüm rol oynayır. Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyiminə dair müəyyən edilmiş tələblər məhz məktəb həyatının təşkilinə, təhsil prosesinin nizamlı şəkildə həyata keçirilməsinə və vahid yanaşmanın formalaşdırılmasına xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ideoloji təhlükəsizliklə bağlı səsləndirdiyi fikirlər bu məsələnin yalnız təhsil və intizam çərçivəsində deyil, həm də dövlətçilik və milli maraqlar baxımından əhəmiyyətini göstərir. Prezident vurğulamışdır ki, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacibdir. İnformasiya məkanının genişləndiyi, sosial şəbəkələrin insanların düşüncəsinə təsir imkanlarının artdığı bir zamanda cəmiyyətin, xüsusilə də gənc nəslin zərərli təbliğatdan qorunması mühüm vəzifəyə çevrilir. Dövlət başçısının qeyd etdiyi kimi, təhsil və vətənpərvərlik bu istiqamətdə əsas dayaqlardandır.
Qloballaşma şəraitində uşaqlar müxtəlif məlumatlarla qarşılaşır, fərqli düşüncə və həyat tərzlərinin təsirinə məruz qalırlar. Belə bir şəraitdə onların düzgün istiqamətləndirilməsi, milli kimliklərinin qorunması və müstəqil düşünmə qabiliyyətlərinin inkişaf etdirilməsi ailə ilə yanaşı, məktəbin də üzərinə mühüm məsuliyyət qoyur. Məktəb mühitində tətbiq edilən qaydalar uşaqlara birgəyaşayış normalarını, kollektiv məsuliyyəti və ümumi prinsiplərə hörmət etməyi öyrədən vasitələrdən biridir. Buna görə də geyim məsələsinə yalnız zahiri görünüş kimi deyil, təhsil müəssisəsində nizamın və təşkilati mədəniyyətin tərkib hissəsi kimi yanaşmaq lazımdır.
Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında bərabərlik mühitinin möhkəmləndirilməsinə də töhfə verir. Geyimin dəbə uyğunluğu, qiyməti və müxtəlifliyi üzərindən yarana biləcək müqayisələrin azalması uşaqların diqqətinin əsas məqsədə — bilik əldə etməyə və şəxsi inkişaflarına yönəlməsinə şərait yaradır. Eyni zamanda, məktəbli forması şagirdlərdə təhsil müəssisəsinə mənsubiyyət hissini gücləndirir, onların məktəbin daxili qaydalarına münasibətini formalaşdırır. Müəyyən edilmiş geyim normalarına riayət edilməsi valideynlərin, şagirdlərin və məktəb kollektivinin birgə məsuliyyəti kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı ilə təhsilalanların geyim formalarına dair tələblərə əlavə və dəyişikliklər edilmişdir. Müəyyən olunmuş qaydalara əsasən, məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Bununla yanaşı, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi irsi ilə bağlı tədbirlər zamanı pedaqoji şuranın qərarı əsasında milli geyimlərdən və ya onların ayrı-ayrı elementlərindən istifadə oluna bilər. Bu yanaşma məktəb mühitində vahidliyin qorunması ilə yanaşı, milli mədəniyyətimizin təbliğinə də imkan yaradır.
Təhsil müəssisəsində nümunəvi mühitin formalaşması müəllimlərin şəxsi nümunəsindən də birbaşa asılıdır. Pedaqoq yalnız dərs deyən şəxs deyil, həm də şagirdlərin davranışına, ünsiyyət tərzinə və mədəni baxışlarına təsir göstərən nüfuz sahibidir. Müəllimin geyimində səliqə, sadəlik və işgüzarlıq onun peşəsinə münasibətini ifadə edən amillərdəndir. Bu baxımdan təhsilverənlər üçün vahid yanaşmanın müəyyənləşdirilməsi məktəbdə peşəkar fəaliyyət standartlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Müəllimlər üçün müəyyən edilmiş geyim normalarının məqsədi onların fərdi seçimlərini əsassız şəkildə məhdudlaşdırmaq deyil, təhsil müəssisəsində peşəkar görünüş və ümumi davranış mədəniyyəti yaratmaqdır. İşgüzar üslub dərs prosesinin təşkilinə, müəllim-şagird münasibətlərində qarşılıqlı hörmətin möhkəmlənməsinə və məktəbin ictimai nüfuzunun qorunmasına müsbət təsir göstərir. Bu qaydaların tətbiqi məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi və kollektivdə ortaq məsuliyyət anlayışının gücləndirilməsi ilə də bağlıdır.
Məsələnin hüquqi əsasını təşkil edən mühüm müddəalardan biri “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununda təsbit olunmuş millilik və dünyəvilik prinsipidir. Bu prinsiplər bir-birini tamamlayaraq təhsil sisteminin milli-mənəvi irsə bağlı, eyni zamanda elmi biliklərə və müasir inkişaf tələblərinə açıq olmasını nəzərdə tutur. Dünyəvi təhsilin əsas məqsədi uşaqların hər hansı dini baxışa yönəldilməsi deyil, onların müxtəlif təsirlərdən qorunan, sərbəst düşünən və bilik əsasında qərar verə bilən şəxsiyyətlər kimi yetişməsidir.
Azərbaycanın dövlət-din münasibətləri modeli dini etiqad azadlığına, qarşılıqlı hörmətə və müxtəlif inanclara malik insanların dinc yanaşı yaşamasına əsaslanır. Ölkəmizdə dini-mədəni irsin qorunması, ibadət yerlərinin bərpası və milli-mənəvi dəyərlərin yaşadılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin və digər dini abidələrin bərpası xalqımızın tarixi irsinə göstərilən diqqətin bariz nümunəsidir. Eyni zamanda, dünyəvi təhsil prinsiplərinin qorunması uşaqların hər hansı dini və ya ideoloji təsirin təzyiqi altında qalmadan inkişaf etməsi baxımından əhəmiyyətlidir.
Bu məsələdə əsas yanaşma dini inanclara münasibətlə məktəbin ümumi qaydalarını bir-birindən fərqləndirməkdir. Dini etiqad azadlığına hörmət göstərilməsi ilə dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə əməl olunması hüquqi çərçivədə uzlaşdırılmalıdır. Xüsusilə uşaqların dünyagörüşünün formalaşdığı yaş dövründə valideynlər, müəllimlər və məktəb rəhbərliyi maarifləndirici fəaliyyətə üstünlük verməli, hər bir məsələyə qanunvericiliyin tələbləri və uşaqların mənafeyi əsasında yanaşmalıdırlar. Məktəblərdə ayrı-seçkiliyə yol verilməməsi, şagirdlər arasında qarşılıqlı hörmətin qorunması və hər kəs üçün bərabər təhsil imkanlarının təmin edilməsi əsas prinsiplər olaraq qalmalıdır.
Beləliklə, məktəblərdə geyim qaydalarının məqsədyönlü və hüquqi əsaslarla həyata keçirilməsi təhsil prosesinin təşkilinə, sosial bərabərliyin qorunmasına, peşəkar davranış mədəniyyətinin inkişafına və sağlam məktəb mühitinin yaradılmasına xidmət edir. Bu istiqamətdə uğurlu nəticə əldə etmək üçün məktəb, ailə və cəmiyyət arasında əməkdaşlıq gücləndirilməli, uşaqların hüquqlarına hörmətlə yanaşılmalı və maarifləndirmə işi davamlı xarakter daşımalıdır. Çünki milli dəyərlərə bağlı, müasir biliklərə yiyələnmiş, müstəqil düşünən və vətəninə sadiq gəncliyin yetişdirilməsi Azərbaycanın gələcək inkişafının əsas şərtlərindən biridir.

Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər