PDF Oxu

Siyasət

  • 866

23 ilin salnaməsi: güclü lider, qalib dövlət, bütöv Azərbaycan

image

2003-cü il oktyabrın 15-də xalqın yekdil iradəsi ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi altında keçən 23 il — iqtisadi intibahın, sarsılmaz milli birliyin və 30 illik həsrətə son qoyan Böyük Zəfərin şanlı salnaməsidir.
Tarixdə elə anlar olur ki, bir millətin taleyi gələcək onilliklər üçün məhz həmin anda həll edilir. 2003-cü il oktyabrın 15-i Azərbaycanın müasir dövlətçilik xəritəsində məhz belə bir cəsarətli və taleyyüklü səhifə açdı. Müstəqil Azərbaycanın banisi Heydər Əliyevin siyasi məktəbini keçmiş, gənc, enerjili və uzaqgörən xadim İlham Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq dövlət başçısı seçildi. Həmin gün verilən hər bir vəd, irəli sürülən hər bir strategiya sadəcə seçki platforması deyil, addım-addım həyata keçiriləcək milli missiyanın xəritəsi idi. Ötən 23 il göstərdi ki, Azərbaycan xalqı öz taleyini sarsılmaz polad iradəyə, dərin zəkaya və Vətən sevgisinə əmanət etməkdə tamamilə haqlı idi.
“Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” — 2003-cü ildə səslənən bu tarixi kəlam ötən 23 ildə sadəcə şüar olaraq qalmadı, hər bir vətəndaşın rifahına, təhlükəsizliyinə və qüruruna xidmət edən dövlət siyasətinin ana xəttinə çevrildi.
Siyasi müstəqilliyin möhkəm təməli yalnız güclü iqtisadiyyatdan keçir. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft-qaz strategiyası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi transmilli layihələr Azərbaycanı təkcə regionun deyil, Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevirdi. Ölkə iqtisadiyyatı dəfələrlə böyüdü, valyuta ehtiyatlarımız artdı, xarici borcdan asılılıq minimuma endirildi. İqtisadi müstəqillik sayəsində Azərbaycan Ordusu dünyanın ən müasir, texnoloji və döyüş qabiliyyətli ordularından birinə çevrildi. Eyni zamanda, Azərbaycan BMT Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatına uğurla sədrlik edərək beynəlxalq arenada öz sözünü diktə edən müstəqil aktora çevrildi.
İlham Əliyevin 23 illik prezidentlik fəaliyyətinin ən ali zirvəsi, xalqımızın çoxəsrlik tarixinin ən parlaq səhifəsi — 2020-ci ilin Payızında qazanılan 44 günlük Vətən Müharibəsi və ardınca həyata keçirilən uğurlu əməliyyatlardır. 30 il diplomatik masalarda kağız üzərində unudulan BMT qətnamələrini Azərbaycan Prezidenti öz siyasi zəkası, sarsılmaz iradəsi və Qalib Ordusunun gücü ilə döyüş meydanında tarixin ən böyük ədalətinə çevirdi!
“Biz nəyi, necə, neçə və nə vaxt etməli olduğumuzu yaxşı bilirik.” Müzəffər Ali Baş Komandanın bu sözləri təkcə hərbi strategiyanın deyil, həm də dövlət idarəçiliyindəki dəmir məntiqin və təmkinin təcəssümü idi. Şuşada, Xankəndidə, Xocalıda, Laçında və işğaldan azad edilmiş bütün müqəddəs torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız İlham Əliyevin xalqı qarşısında verdiyi ən böyük vədin — Ərazi Bütövlüyümüzün və Suverenliyimizin Tam Bərpasının təntənəsidir.
Bu gün Azərbaycan təkcə müharibədə qalib gəlmiş dövlət deyil, həm də dünyada analoqu olmayan bərpa və quruculuq modeli ortaya qoyan dövlətdir. Viran qalmış şəhərlər, minlərlə minalanmış ərazilər fonunda Qarabağ və Şərqi Zəngəzurda möcüzələr yaradılır. Füzuli, Zəngilan və Laçında ucalan beynəlxalq hava limanları regionun gələcək iqtisadi və turizm mərkəzinə çevrilməsinin təməlini qoyur. Ən müasir texnologiyaların tətbiq edildiyi "Ağıllı Kənd" və "Ağıllı Şəhər" konsepsiyaları ilə keçmiş məcburi köçkünlərimiz doğma ocaqlarına qürurla və yüksek yaşayış standartları ilə qayıdır. Zəngəzur Dəhlizi isə regionun nəqliyyat xəritəsini yenidən cızan, Türk dünyasını və Avrasiyanı birləşdirən qlobal strateji layihəyə çevrilməkdədir.
23 il öncə başlayan bu şərəfli yol Azərbaycanı addım-addım regional liderlikdən qlobal nüfuz sahibinə, məğlubiyyət acısından Zəfər qüruruna ucaltdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən qüdrətli, ən başıuca və ən təhlükəsiz dövrünü yaşayır. Sarsılmaz xalq-iqtidar birliyi, Liderə olan dərin inam və Liderin xalqına olan sonsuz sevgisi Azərbaycanın gələcək yüzilliklərdə də yalnız və yalnız zirvələri fəth edəcəyinə zəmanətdir.
Bu tarixi qürur günün mübarək olsun, qalib xalq, qüdrətli lider, böyük Azərbaycan!

Yalçın Əliyev
YAP Lənkəran rayon təşkilatının əməkdaşı

Digər xəbərlər