2020-ci il oktyabrın 17-si Azərbaycanın hərb tarixinə mühüm Qələbə günü kimi yazıldı. Həmin gün Füzuli şəhərinin işğaldan azad edilməsi xalqımızın uzun illər davam edən yurd həsrətinə son qoyan, Vətən müharibəsində ordumuzun üstünlüyünü möhkəmləndirən böyük uğur oldu. Bu Qələbədə Azərbaycan hərbçisinin peşəkarlığı, Vətənə bağlılığı və ən çətin döyüş tapşırıqlarını yerinə yetirmək əzmi öz ifadəsini tapdı. Füzulinin azadlığı dövlətin siyasi iradəsinin, ordunun döyüş qabiliyyətinin və xalqın birliyinin yaratdığı tarixi nəticə idi.
Füzuli istiqamətində döyüşlərin mürəkkəbliyini anlamaq üçün uzun illər ərzində burada yaradılmış hərbi maneələri nəzərə almaq lazımdır. İşğal dövründə qurulan müdafiə mövqeləri, mühəndis istehkamları və minalanmış sahələr Azərbaycan Ordusunun irəliləməsini dayandırmağa hesablanmışdı. Qarşı tərəf bu mövqelərə arxalanaraq işğalı davam etdirə biləcəyini düşünürdü. Lakin Vətən müharibəsi göstərdi ki, torpağını azad etmək uğrunda döyüşən ordunun iradəsini və hazırlığını heç bir istehkam sarsıda bilməz. Azərbaycan hərbçiləri mürəkkəb şəraitdə qarşıya qoyulan vəzifələri yerinə yetirərək düşmənin müdafiə sistemini sarsıtdılar.
Bu uğurun əsasında illərlə aparılmış məqsədyönlü ordu quruculuğu dayanırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə müdafiə qabiliyyətinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdi. Ordunun maddi-texniki təminatının yaxşılaşdırılması, müasir silah və texnologiyaların tətbiqi, şəxsi heyətin hazırlığının yüksəldilməsi döyüş meydanında öz nəticəsini verdi. Azərbaycan iqtisadi imkanlarını hərbi potensiala çevirərək ərazi bütövlüyünü təmin etmək üçün zəruri güc yaratmışdı. Füzuli uğrunda döyüşlər bu hazırlığın real sınaqlarından biri oldu.
Vətən müharibəsi zamanı qazanılan uğurlarda müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyəti xüsusi əhəmiyyət daşıyırdı. Düşmən mövqelərinin müəyyənləşdirilməsi, atəş vasitələrinin sıradan çıxarılması və quru bölmələrinin irəliləyişi vahid məqsədə xidmət edirdi. Müasir texniki imkanlardan səmərəli istifadə şəxsi heyətin peşəkarlığı ilə tamamlanırdı. Döyüşün nəticəsini isə verilən tapşırığı sonadək yerinə yetirən, təhlükə qarşısında geri çəkilməyən Azərbaycan əsgər və zabiti müəyyənləşdirirdi. Füzulidə əldə edilmiş Qələbə bu hərbi hazırlıqla mənəvi gücün vəhdətini nümayiş etdirdi.
2020-ci il oktyabrın 17-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərinin, eləcə də rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərinin azad olunduğunu xalqa çatdırdı. Bu xəbər bütün Azərbaycanda böyük sevinc və qürurla qarşılandı. İllərlə işğal altında qalmış yaşayış məntəqələrinin adları həmin gün Qələbə xəbərlərində səsləndi. Öz yurdlarının taleyini nigaranlıqla izləyən insanlar doğma torpaqlarına qayıtmaq ümidinin gerçəkləşdiyini gördülər.
Füzulinin azad edilməsi cənub istiqamətində hərbi əməliyyatların inkişafında mühüm rol oynadı. Ordumuz əldə etdiyi uğurlarla təşəbbüsü möhkəmləndirir, qarşı tərəfin müqavimət imkanlarını zəiflədirdi. Hər bir azad edilmiş mövqe növbəti əməliyyat üçün yeni imkan yaradırdı. Bu baxımdan Füzuli Qələbəsi 44 günlük Vətən müharibəsinin ümumi gedişində mühüm yer tutur. Azərbaycan Ordusu ardıcıl uğurları ilə müharibənin nəticəsini müəyyənləşdirən üstünlüyünü artırır, torpaqlarımızın azadlığına doğru inamla irəliləyirdi.
Füzuli döyüşlərinin mənəvi əhəmiyyəti də böyük idi. Uzun illər işğalın yaratdığı ağrını yaşamış xalqımız öz ordusunun gücünü görür, hər yeni Qələbə xəbəri ilə daha sıx birləşirdi. Cəbhədə döyüşən hərbçi arxasında ona inanan xalqın dayandığını bilirdi. Azərbaycan cəmiyyətinin həmrəyliyi, şəhid ailələrinin mətanəti, valideynlərin övladlarına verdiyi mənəvi dəstək ümumi mübarizə əzmini gücləndirirdi. Xalqla ordunun birliyi döyüş meydanındakı iradəni daha da möhkəmləndirən mühüm amil idi.
Bu tarixi uğurdan danışarkən şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik. Azad Füzulinin hər qarışında Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın haqqı var. Döyüşlərdə sağlamlığını itirən qazilərimiz, çətin əməliyyatlarda iştirak edən hərbçilərimiz xalqımıza böyük qürur yaşatdılar. Onların xidmətlərinin unudulmaması, döyüş yollarının öyrənilməsi və gənc nəslə çatdırılması ümummilli məsuliyyətdir. Qəhrəmanlığın yaddaşlarda yaşaması onun konkret insan taleləri, göstərilmiş şücaət və yerinə yetirilmiş döyüş tapşırıqları ilə birlikdə tanıdılmasından keçir.
Füzulinin azadlığına görə təsis edilmiş medal bu döyüşlərdə fərqlənən hərbçilərin xidmətlərinə verilən dövlət qiymətinin ifadəsidir. Belə təltiflər xalqın minnətdarlığını və dövlətin ehtiramını özündə birləşdirir. Hər bir təltifin arxasında çətin sınaqdan keçmiş bir ömür, döyüş yoldaşına sədaqət və Vətən qarşısında yerinə yetirilmiş borc dayanır. Bu xidmətlərin öyrənilməsi gənclərdə hərbi peşəyə hörmətin, vətənpərvərlik hissinin və məsuliyyət duyğusunun güclənməsinə kömək edir.
Azərbaycan Ordusunun azad etdiyi Füzulidə qarşılaşdığı dağıntılar işğalın ağır nəticələrini üzə çıxardı. Şəhərin yaşayış mühiti məhv edilmişdi. Bu mənzərə hərbçilərimizin qazandığı Qələbənin xalqımız üçün nə qədər həyati əhəmiyyət daşıdığını bir daha göstərirdi. Torpaqlarımızın azadlığı insanların öz yurdlarına sahib çıxmaq, dağıdılmış evlərini və şəhərlərini bərpa etmək imkanını qaytardı. Ordumuzun yaratdığı bu imkan sonrakı illərdə geniş quruculuq işlərinin başlanmasına zəmin oldu.
Bu gün Füzulidə yeni yaşayış binalarının, məktəblərin və sosial obyektlərin yaradılması, sakinlərin doğma şəhərinə qayıtması Qələbənin nəticələrini gündəlik həyatda görünən edir. Uşaqların azad şəhərdə təhsil alması, ailələrin öz yurdlarında yenidən məskunlaşması qəhrəmanlarımızın uğrunda döyüşdükləri məqsədin gerçəkləşməsidir. Füzulinin dirçəlişi ilə onun azadlığı uğrunda aparılmış mübarizə arasında qırılmaz mənəvi bağ var. Bu bağı qorumaq həm quruculuğun, həm də vətənpərvərlik tərbiyəsinin vacib hissəsidir.
17 Oktyabr – Füzuli şəhəri günü xalqımıza bu həqiqətləri yenidən xatırladır. Bu tarix hərbi peşəkarlığın, siyasi iradənin və milli birliyin yaratdığı Qələbənin rəmzidir. Azərbaycan Ordusu Füzulini azad etməklə xalqımızın yaddaşına yeni qəhrəmanlıq səhifəsi yazdı. Həmin səhifənin müəllifləri Vətən qarşısında borcunu şərəflə yerinə yetirən əsgər və zabitlərimizdir. Onların qazandırdığı azadlığı qorumaq, bu torpaqlarda həyatı inkişaf etdirmək və qəhrəmanlıq irsini gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
Yusif Abdullayev,
Vətən müharibəsi qazisi