Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Tədbir Ş.Axundov küçəsi 7 ünvanında yerləşən ərazi partiya təşkilatında təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan direktor səlahiyyətlərini icra edən Aygün Fətullayeva YAP-ın VIII Qurultayının ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və partiyanın qarşısında duran vəzifələrin dəqiqləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, qurultayda səsləndirilən fikirlərin partiya təşkilatlarının gündəlik fəaliyyətində əsas istiqamət kimi nəzərə alınmasının vacibliyini vurğulayıb. Aygün Fətullayeva qeyd edib ki, dövlətçilik prinsiplərinin qorunması, milli maraqların müdafiəsi və cəmiyyətin inkişafına töhfə verilməsi hər bir partiya üzvünün məsuliyyətli fəaliyyətini tələb edir.
Tarix üzrə fəlsəfə doktoru, dosent, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru və qurultay iştirakçısı Leyla Məcidova çıxışında Azərbaycanın müasir inkişaf mərhələsinin tarixi köklərinə və milli dövlətçilik ənənələrinin qorunmasının əhəmiyyətinə toxunub. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirilməsi ölkəmizin əldə etdiyi uğurların əsas amillərindəndir. Leyla Məcidova vurğulayıb ki, YAP-ın VIII Qurultayında səsləndirilən müddəalar yalnız siyasi fəaliyyət baxımından deyil, həm də cəmiyyətin milli-mənəvi dəyərlər ətrafında birləşdirilməsi və gələcək nəsillərin dövlətçilik ruhunda yetişdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. O, tariximizin öyrənilməsi və təbliğinin, xüsusilə gənclərdə milli kimlik və vətənə bağlılıq hissinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
YAP fəalı, direktor müavini Aqil Sadıyev çıxışında partiyanın qarşısında duran vəzifələrin yerli təşkilatlar səviyyəsində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, qurultayda müəyyənləşdirilən hədəflərə nail olmaq üçün partiya üzvləri təşəbbüskar olmalı, fəaliyyət göstərdikləri sahələrdə ictimai məsuliyyət və fəallıq nümayiş etdirməlidirlər. Aqil Sadıyev bildirib ki, dövlətin həyata keçirdiyi siyasətin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması, vətəndaşlarla müntəzəm əlaqələrin qurulması və cəmiyyətin aktual məsələlərinə həssas yanaşılması partiya fəaliyyətinin səmərəliliyini artıran əsas amillərdəndir. O, birlik və həmrəyliyin qorunmasının, ümumi məqsədlər naminə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb.
YAP fəalı Məharət Abdullayeva çıxışında partiyanın VIII Qurultayında irəli sürülən çağırışların cəmiyyətin müxtəlif təbəqələri arasında fəal və ardıcıl maarifləndirmə işinin aparılmasını zəruri etdiyini bildirib. O, milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi, gənclərin ictimai həyata cəlb olunması və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məsələlərinə diqqət çəkib. Məharət Abdullayeva qeyd edib ki, dövlətə və milli maraqlara sədaqət hər bir vətəndaşın gündəlik davranışında və fəaliyyətində öz əksini tapmalıdır. O, partiya üzvlərinin cəmiyyət üçün nümunəvi mövqe nümayiş etdirməsinin, sağlam ictimai mühitin formalaşmasına və ölkənin tərəqqisinə töhfə verməsinin əhəmiyyətini qeyd edib.
Görüş zamanı YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, tarixi irsin və milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda vurğulanıb ki, qurultayda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi partiya üzvlərinin fəallığından, məsuliyyətindən və vahid məqsədlər naminə birgə fəaliyyətindən bilavasitə asılıdır. Dövlətçilik ənənələrinin yaşadılması, milli maraqların qorunması və Azərbaycanın davamlı inkişafına dəstək verilməsi hər bir partiya üzvünün əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.