PDF Oxu

Siyasət

  • 1 230

Zəngilan şəhəri günü: Zəfərdən böyük qayıdışa

Zəngilan şəhəri günü: Zəfərdən böyük qayıdışa

20 oktyabr Azərbaycan tarixində Zəngilanın işğaldan azad edildiyi, tarixi ədalətin bərpasına və doğma torpaqlara qayıdışa aparan yolun mühüm mərhələsinin başlandığı gündür. Bu tarix milli iradənin, dövlət suverenliyinin və xalqımızın yurd sevgisinin rəmzidir.

Azərbaycanın cənub-qərbində, Araz çayı boyunca yerləşən Zəngilan zəngin təbiəti, əlverişli coğrafi mövqeyi və qədim tarixi ilə seçilir. Şərifan abidələri, Məmmədbəyli türbəsi, Hacallı dairəvi bürcü və digər tarixi tikililər rayonun çoxəsrlik mədəni irsini yaşadır. XIX əsrdə Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra bölgənin inzibati quruluşu dəyişdirilmişdir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb Bu proses bölgənin tarixi-coğrafi bütövlüyünə ciddi təsir göstərmişdir.
1993-cü ilin oktyabrında Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan 67 gün mühasirədə qaldı. Rayonun müdafiəçiləri sonadək müqavimət göstərsələr də, 25–29 oktyabr tarixlərində əhali doğma yurdunu tərk etməyə məcbur oldu. 235 nəfər şəhid və itkin verildi, sakinlər Araz çayını keçərək İran ərazisindən Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdılar. İşğal illərində yaşayış məntəqələri, sosial obyektlər və tarixi abidələr dağıntılara məruz qaldı, mədəni irsə ciddi zərər vuruldu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Zəngilanın taleyində dönüş nöqtəsi oldu. Oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin və altı kəndin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlının azad edildiyini elan etdi. Sonrakı əməliyyatlarla rayonun digər yaşayış məntəqələri də azad olundu.
Zəngilanın azad edilməsi ilə Azərbaycan–İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa edildi. Rayonun strateji mövqeyi Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin inkişafı üçün də mühüm imkanlar yaratdı. “Zəngilanın azad olunmasına görə” medalı ilə 6974 hərbi qulluqçunun təltif edilməsi bu tarixi qələbədə iştirak edən hərbçilərin xidmətlərinə dövlət ehtiramının ifadəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis edildi.
Bu gün Zəngilan azadlığın quruculuqla davam etdiyi bir məkandır. Böyük Qayıdış çərçivəsində şəhərin və kəndlərin bərpası, yaşayış şəraitinin yaradılması, yeni iş yerlərinin açılması və sosial xidmətlərin təşkili istiqamətində işlər görülür. Bu prosesin ilk nümunəsi olan Ağalı ağıllı kəndində müasir yaşayış evləri, məktəb, uşaq bağçası, tibb məntəqəsi və rəqəmsal xidmətlər yaradılıb. Günəş panelləri, su elektrik stansiyası və enerji səmərəliliyini artıran texnologiyalar dayanıqlı inkişaf modelini dəstəkləyir.
2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Şəhərdə 104 mənzilli ilk yaşayış kompleksinin 2026-cı ildə istifadəyə verilməsi qayıdış prosesinin mühüm mərhələsidir. Zəngilanın 2040-cı ilədək inkişafına dair Baş plan əsasında yeni yaşayış məhəllələri, yollar və sosial infrastruktur yaradılır.
Tarixi irsin bərpası da diqqət mərkəzindədir. İşğal dövründə zərər görmüş Zəngilan şəhər məscidi konservasiya edilib, onun yanında yeni məscid inşa olunub və 2024-cü il mayın 18-də açılıb. Bu, şəhərin dini-mədəni həyatının dirçəldilməsi ilə yanaşı, tarixi yaddaşın qorunmasına xidmət edir. Zəngilanın regional əhəmiyyətini artıran əsas layihələrdən biri 2022-ci ildə istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanıdır. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu və Horadiz–Ağbənd dəmir yolu isə yük və sərnişin daşımalarını genişləndirmək, Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısını gücləndirmək və regional iqtisadi əlaqələri inkişaf etdirmək üçün mühüm əhəmiyyət daşıyır.
Rayonun iqtisadi dirçəlişində yaşıl enerji, kənd təsərrüfatı və turizm də xüsusi yer tutur. “Cahangirbəyli”, “Sarıqışlaq”, “Zəngilan” və “Şayıflı” su elektrik stansiyaları enerji potensialının istifadəsinə, “Dost Aqropark” isə kənd təsərrüfatı istehsalının və məşğulluğun genişlənməsinə xidmət edir. Ağalı hotelinin açılması, Zəngilan İstirahət Kompleksinin tikintisi və yeni hotel layihələri rayonun turizm imkanlarını artırır.
Prezident İlham Əliyevin Zəngilana mütəmadi səfərləri bərpa və quruculuq işlərinin ardıcıllığını nümayiş etdirir. Ağalı ağıllı kəndindən hava limanına, enerji obyektlərindən yaşayış komplekslərinə qədər həyata keçirilən layihələr rayonun yenidən qurulmasının kompleks xarakter daşıdığını göstərir.
20 oktyabr – Zəngilan şəhəri günü həm tarixi Zəfərin, həm də gələcəyə inamın rəmzidir. Bu gün Zəngilan dağıntılardan dirçəlişə, məcburi köçkünlükdən doğma yurda qayıdışa doğru irəliləyir. Burada yeni evlər tikilir, iqtisadi imkanlar yaranır, tarixi irs qorunur və müasir yaşayış mühiti formalaşır. Zəngilanın dirçəlişi Azərbaycanın suverenliyinin, milli yaddaşının və quruculuq iradəsinin təcəssümüdür.

Pərvin Kərimzadə
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər xəbərlər