PDF Oxu

Siyasət

  • 545

Azərbaycan – Laos dostluq və etimadın yeni mərhələsi - ŞƏRH

Azərbaycan – Laos dostluq və etimadın yeni mərhələsi - ŞƏRH

Azərbaycan və Laos arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulub. Ötən dövr ərzində iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi, beynəlxalq platformalarda qarşılıqlı əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində addımlar atılıb.

2026-cı il oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin tarixində əlamətdar hadisə olub. Bu, 1995-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra Laos dövlət başçısının Azərbaycana ilk dövlət başçısı səviyyəli səfəri idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Laos Prezidenti Thonqlun Sisulitin görüşlərində ikitərəfli münasibətlərin mövcud vəziyyəti, siyasi əlaqələrin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Prezidentlərin görüşü bir daha göstərdi ki, coğrafi baxımdan bir-birindən uzaqda yerləşən dövlətlər arasında da ortaq maraqlar, qarşılıqlı hörmət və konstruktiv dialoq əsasında səmərəli tərəfdaşlıq qurmaq mümkündür.
Azərbaycan ilə Laos arasında münasibətlərin əsas istiqamətlərindən biri siyasi əməkdaşlıqdır. Hər iki ölkə beynəlxalq münasibətlərdə dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinin əhəmiyyətini vurğulayır.
2025-ci il dekabrın 8–9-da Azərbaycan nümayəndə heyətinin Laos səfəri zamanı iki ölkənin xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Bu görüşlər qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi, diplomatik əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.
2026-cı ilin aprelində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Laosun xarici işlər naziri Thonqsavan Fomvihan arasında keçirilən görüşdə də siyasi, iqtisadi, humanitar, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
Azərbaycan–Laos münasibətlərinin inkişafında iqtisadi əməkdaşlığın xüsusi yeri var. Hər iki ölkənin iqtisadi potensialı və fərqli coğrafi mövqeyi qarşılıqlı faydalı ticarət əlaqələrinin genişləndirilməsi üçün imkanlar yaradır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və beynəlxalq logistika imkanları Laosla iqtisadi əlaqələrin inkişafına töhfə verə bilər. Laosun isə Cənub-Şərqi Asiya bazarları ilə əlaqələri Azərbaycan şirkətləri üçün yeni əməkdaşlıq istiqamətlərinin araşdırılmasına şərait yaradır.
2026-cı il oktyabrın 13-də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun yaratdığı imkanlardan istifadə etməklə tərəflər mütəxəssislər arasında təcrübə mübadiləsini genişləndirə, innovativ yanaşmaları araşdıra və qarşılıqlı faydalı təşəbbüslər həyata keçirə bilərlər.
2026-cı ilin aprelində Azərbaycan və Laos xarici işlər nazirlərinin görüşündə Orta Dəhlizin əhəmiyyəti də vurğulanıb. Bu mövzunun müzakirə olunması nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanlarına göstərilən marağın ifadəsidir.
Dövlətlər arasında münasibətlərin möhkəmlənməsində yalnız siyasi və iqtisadi amillər deyil, insanlar arasında əlaqələr, təhsil və mədəniyyət də mühüm rol oynayır. Qarşılıqlı anlaşmanın gücləndirilməsi xalqların bir-birini daha yaxından tanımasına və uzunmüddətli dostluq münasibətlərinin formalaşmasına kömək edir.
Azərbaycan ilə Laos arasında təhsil sahəsində əlaqələrin inkişafı üçün mövcud təcrübə xüsusi əhəmiyyət daşıyır. Laosun xarici işlər naziri 2026-cı ilin aprelində keçirilən görüş zamanı təhsil əməkdaşlığının əhəmiyyətini vurğulayaraq Bakıda təhsil almış Laos vətəndaşlarının iştirakı ilə Azərbaycan–Laos Dostluq Assosiasiyasının yaradıldığını qeyd edib.
Bu fakt təhsil əlaqələrinin yalnız akademik biliklərin əldə edilməsi ilə məhdudlaşmadığını, eyni zamanda insanlar arasında dostluq körpüləri yaratdığını göstərir.
2026-cı il oktyabrın 13-də iki ölkə arasında xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş də imzalanıb.
Bu sənəd xidməti səfərlərin təşkilini asanlaşdırmaq və rəsmi nümayəndə heyətləri arasında təmasların inkişafına şərait yaratmaq baxımından əhəmiyyətlidir. Belə addımlar diplomatik əlaqələrin praktiki məzmununu zənginləşdirir və dövlət qurumları arasında əməkdaşlığın genişlənməsinə kömək edir.
Diplomatik münasibətlərin 30 ildən artıq tarixi, ilk siyasi məsləhətləşmələrin keçirilməsi, dövlət başçıları səviyyəsində təmaslar və 2026-cı ilin oktyabrında əldə olunmuş razılaşmalar ikitərəfli əlaqələrin inkişafında yeni imkanlar yaradıb.
Qarşıdakı dövrdə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, nəqliyyat, logistika, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi münasibətlərin inkişafına xidmət edə bilər.
Azərbaycan və Laos arasında əməkdaşlığın gələcək nəticələri əldə edilmiş razılaşmaların ardıcıl icrasından, sahibkarlar və müvafiq qurumlar arasında birbaşa əlaqələrin gücləndirilməsindən, həmçinin qarşılıqlı maraqlara uyğun layihələrin həyata keçirilməsindən asılı olacaqdır. Bu tərəfdaşlıq iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.

Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər