PDF Oxu

Siyasət

  • 564

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru - ŞƏRH

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru - ŞƏRH

Müasir dünyada dövlətlərarası münasibətlərin inkişafı yalnız siyasi dialoq və diplomatik təmaslarla deyil, həm də qarşılıqlı iqtisadi maraqların reallaşdırılması, humanitar əlaqələrin genişləndirilməsi və ortaq məqsədlər naminə birgə fəaliyyətin gücləndirilməsi ilə ölçülür. Bu baxımdan Azərbaycanın müxtəlif regionlarla, o cümlədən Asiya ölkələri ilə əməkdaşlığın inkişafına verdiyi önəm xüsusi əhəmiyyət daşıyır. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyması baxımından mühüm siyasi hadisə kimi diqqət çəkir.

Səfər Azərbaycan ilə Laos arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin möhkəmləndirilməsi, siyasi dialoqun iqtisadi və humanitar əməkdaşlıqla tamamlanması, eləcə də qarşılıqlı maraq doğuran yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Dövlət başçılarının görüşü bir daha göstərdi ki, mövcud siyasi etimadın konkret layihələrə və real nəticələrə çevrilməsi üçün hər iki tərəfdə iradə və maraq mövcuddur.
Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Ötən dövr ərzində iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan əlaqələr formalaşıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və siyasi dialoq davam etdirilib. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri isə münasibətlərin tarixində yeni səhifə açmaqla yanaşı, mövcud əlaqələrin daha geniş məzmun qazanmasına imkan yaradıb.
Səfər zamanı tarixi bağlara da xüsusi diqqət yetirilib. Prezident Thonqlun Sisulit ötən əsrin 80-ci illərində Azərbaycanda olduğunu xatırladıb. O, həmçinin Ümummilli Lider Heydər Əliyevin 1986-cı ildə Laosda keçirilən Laos Xalq İnqilabı Partiyasının IV qurultayında iştirakını qeyd edib. Bu faktlar iki ölkə arasında münasibətlərin müəyyən tarixi ənənələrə söykəndiyini göstərir.
Bu gün əsas məsələ həmin ənənələri müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirmək, qarşılıqlı etimadı daha geniş əməkdaşlıq imkanları ilə zənginləşdirməkdir. Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli xarici siyasəti müxtəlif regionlarla əlaqələrin inkişafına, yeni tərəfdaşların qazanılmasına və qarşılıqlı faydalı münasibətlərin qurulmasına əlverişli zəmin yaradır. Laosla münasibətlərin inkişafı da bu strategiyanın mühüm istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin bəyanatında diqqət mərkəzində olan əsas məsələlərdən biri siyasi münasibətlərin mövcud səviyyəsinin iqtisadi əməkdaşlıqda da əksini tapmasıdır. Dövlət başçısı iki ölkə arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini, lakin mövcud ticarət dövriyyəsinin tərəflərin potensialını və niyyətlərini tam əks etdirmədiyini vurğulayıb.
Bu yanaşma qarşıdakı dövr üçün konkret vəzifələri müəyyənləşdirir. Belə ki, qarşılıqlı ticarətin artırılması, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, investisiya imkanlarının araşdırılması və yeni iqtisadi layihələrin həyata keçirilməsi münasibətlərin inkişafına mühüm töhfə verə bilər.
Bakıda keçirilməsi nəzərdə tutulan Laos–Azərbaycan biznes-forumu bu istiqamətdə əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilir. Forumun hər iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin qurulmasına, bazar imkanlarının öyrənilməsinə və qarşılıqlı maraq doğuran layihələrin müəyyənləşdirilməsinə şərait yaradacağı gözlənilir. Azərbaycan investorlarına Laos tərəfindən konkret layihələrin təqdim olunması da iqtisadi tərəfdaşlığın genişlənməsinə imkan verə bilər.
Azərbaycanın istehsal, xidmət, energetika və digər sahələrdə topladığı təcrübə əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün imkanlar yaradır. Bununla yanaşı, hər bir təşəbbüsün iqtisadi səmərəliliyi və qarşılıqlı faydası nəzərə alınmalı, əldə olunan razılaşmalar praktik nəticələrlə müşayiət olunmalıdır.
Azərbaycan–Laos münasibətlərinin inkişafında kənd təsərrüfatı da perspektivli istiqamətlərdən biridir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mübadiləsi bu istiqamətdə institusional əlaqələrin genişləndirilməsinə zəmin yaradır.
Dövlətlərarası münasibətlərin davamlılığını təmin edən mühüm amillərdən biri də xalqlar arasında humanitar əlaqələrin inkişafıdır. Bu baxımdan təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycan–Laos münasibətlərinin perspektivli istiqamətlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyev bəyanatında sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu ənənənin bərpasını təklif edib. Dövlət başçısı Laosdan olan tələbələrin ölkəmizdə təhsil almasını dəstəkləmək üçün təqaüd mexanizminin də təklif olunduğunu bildirib. Bu təşəbbüsün reallaşması Laos gənclərinin Azərbaycan təhsil sistemi ilə tanışlığına, iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasına və elmi-mədəni mübadilənin genişlənməsinə şərait yarada bilər. Təhsil sahəsində formalaşan əlaqələr yalnız bugünkü münasibətlərin inkişafına deyil, gələcək nəsillər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə də xidmət edir. Beləliklə, humanitar əməkdaşlıq Azərbaycan ilə Laos arasındakı dostluğun daha möhkəm təməllər üzərində qurulmasına, ölkələrimizin bir-birini daha yaxından tanımasına və qarşılıqlı etimadın güclənməsinə imkan yaradır.
Azərbaycan ilə Laosun qarşılaşdığı ortaq problemlərdən biri də mina və partlamamış hərbi sursat təhlükəsidir. Prezident İlham Əliyev bəyanatında Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərində bir milyondan çox minanın basdırıldığını, son 5–6 il ərzində 400-dən çox azərbaycanlının mina partlayışları nəticəsində həyatını itirdiyini və ya ağır yaralandığını bildirib.
Mina təhlükəsi insanların həyatına və sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsinə, kənd təsərrüfatının inkişafına və təhlükəsiz məskunlaşmaya da mane olur. Bu problemin həlli Azərbaycanın qarşısında duran mühüm humanitar və sosial vəzifələrdəndir.
Laosun da müharibələrdən qalmış partlamamış hərbi sursatlarla bağlı uzunmüddətli təcrübəyə malik olması iki ölkə arasında bu sahədə əməkdaşlığı əhəmiyyətli edir. Müasir texnologiyaların tətbiqi, mütəxəssislərin hazırlanması, təhlükəli ərazilərin müəyyənləşdirilməsi və əhali arasında maarifləndirmə tədbirləri qarşılıqlı təcrübə mübadiləsinin mümkün istiqamətləridir.
Bu sahədə əməkdaşlıq insanların həyatının qorunmasına, ərazilərin təhlükəsiz istifadəsinə və sosial-iqtisadi inkişafın sürətlənməsinə töhfə verə bilər. Belə təşəbbüslər dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını, eyni zamanda insan təhlükəsizliyini və rifahını əhatə etdiyini nümayiş etdirir.
Oktyabrın 13-də keçirilən görüşlər zamanı Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat qəbul edilib, iki sənədin mübadiləsi həyata keçirilib. Bunlardan biri kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, digəri isə xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında hökumətlərarası sazişdir.
Bu sənədlər ikitərəfli münasibətlərin hüquqi və institusional əsaslarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, parlamentlərarası əlaqələr və siyasi dialoq iki ölkə arasında əməkdaşlığın mühüm dayaqları olaraq qalır.
Lakin əldə olunan razılaşmaların əhəmiyyəti onların praktik icrası ilə daha da artacaq. Qarşıdakı dövrdə ticarət dövriyyəsinin yüksəldilməsi, investisiya layihələrinin müəyyənləşdirilməsi, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi, eləcə də təhsil və humanitar əməkdaşlığın gücləndirilməsi əsas prioritetlər sırasında olmalıdır.
Azərbaycanın xarici siyasətində müxtəlif regionlarla qarşılıqlı faydalı münasibətlərin qurulması ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə və iqtisadi əlaqələrinin şaxələndirilməsinə xidmət edir. Laosla əməkdaşlığın inkişafı da bu baxımdan yeni imkanlar yaradır.
Azərbaycan ilə Laos arasında mövcud olan siyasi etimadın iqtisadi, humanitar və institusional əməkdaşlıqla zənginləşdirilməsi hər iki ölkənin imkanlarından daha səmərəli istifadə etməyə şərait yaradacaq. Tarixi dostluğun müasir tərəfdaşlığa çevrilməsi isə xalqlarımız arasında əlaqələrin genişlənməsinə və ikitərəfli münasibətlərin uzunmüddətli perspektivdə möhkəmlənməsinə xidmət edəcək.

Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər