PDF Oxu

Siyasət

  • 580

Sarsılmaz birlik, güclü iradə: AZƏRBAYCAN-TÜRKİYƏ!

Sarsılmaz birlik, güclü iradə: AZƏRBAYCAN-TÜRKİYƏ!

Prezident İlham Əliyev: “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək"

Müasir dünyamızda tarixi sınaqlardan çıxmış Güclü Azərbaycan - Güclü Türkiyə liderlərinin qardaşlıq birliyi bütün dünya üçün örnəkdir. Danılmaz faktordur ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr. Ən əsas amil isə ən çətin anlarda bir-birinin yanında olmaq. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlar atan, mənəviyyatsızlıqları sərhəd tanımayanlar bu gücü və biriyi bir daha görürlər. Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib. Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib. Prezident İlham Əliyev telefon zənginə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərinə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib. Dövlətimizin başçısı öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

TÜRK BİRLİYİ MESAJI: "BUNDAN SONRA GÜCLƏNƏN BİR AZƏRBAYCAN, GÜCLƏNƏN BİR TÜRKİYƏ VARDIR"

Bildiyimiz kimi, Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. Azərbaycan Xarici İşlər Nazirliyi məlumatına əsasən, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub. Əlbəttə ki, bu bir neçə insanın Azərbaycana qarşı münasibəti idi. Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İllər öncə Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı "Şərq Tərəfdaşlığı" sammitində çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev "Türkiyə burada yoxsa da, mən buradayam və sizin cavabınızı verəcəyəm", söyləməklə dünyaya qardaşlıq mesajını vermişdi. Eyni zamanda, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan "Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır", "Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq", mövqeyi ilə Türk birliyi mesajını da dünyaya nümayiş etdirdi.

MÜTTƏFİQLİK SƏVİYYƏSİNƏ QƏDƏR YÜKSƏLƏN MÜNASİBƏTLƏR

Beynəlxalq birliyin ən fəal üzvlərindən olan Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdərək, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, irimiqyaslı infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Əlbəttə ki, Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz dostluq və qardaşlığa söykənir, uğurla davam etdirilir. Əsrlər boyu Azərbaycan və Türkiyə həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Ulu Öndər Heydər Əliyevin dövlətlərarası yaratdığı qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Əlbəttə ki, son illərdə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi mövcud əlaqələrin möhkəmliyinə, sarsılmazlığına əsaslanır. Mövcud münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib.

AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏ KEYFİYYƏTCƏ YENİ DÖVR

Regionda yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb. Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Azərbaycan Prezidenti çıxışlarının birində belə demişdir: "İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur". Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi əhəmiyyətli rola malikdir. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu: "Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, "Bir millət iki dövlət" şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir", - deyə Prezident bildirib. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir. Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə, eləcə də Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanır. Əminliklə bildirək ki, Azərbaycanla Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivləri, o cümlədən, tərəflərin siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsi münasibətlərin inkişafında əhəmiyyət kəsb edir. Təbii ki, Bəyannamədə diqqətimizi çəkən məqamlardan biri də hərbi əməkdaşlıq və milli təhlükəsizlik ilə bağlıdır. Sözügedən Sənəd bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını nümayiş etdirdi. Belə ki, Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi kimi məsələlər də yer alıb. Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə, türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsində əhəmiyyət kəsb edir.

DÜNYA ÇAPINDA NADİR ƏMƏKDAŞLIQ

Siyasi həmrəylik möhkəmləndikcə, qardaş ölkələrin müxtəlif platformalarda, o cümlədən bir sıra beynəlxalq təşkilatlarda üst-üstə düşən mövqedə çıxışları əməkdaşlığın yeni bağlarla daha da güclənməsini şərtləndirir. Azərbaycan və Türkiyə geosiyasi baxımdan strateji tərəfdaş olaraq, regional və qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edirlər. Bu əlaqələr, həmçinin Türk dünyası çərçivəsində birliyin və əməkdaşlığın təmin edilməsi istiqamətində bir model kimi çıxış edir. Ölkələrimiz arasındakı iqtisadi əlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da güclənib. Birgə əməkdaşlıq şəraitində reallaşdırılan qlobal layihələr isə iki qardaş ölkənin gücünü daha da artırır. İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi isə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin növbəti ifadəsidir. Türk coğrafiyası üçün mühüm əhəmiyyət daşıyan Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından bu kəmər xüsusi önəm kəsb edir. İki dost və qardaş ölkələrin prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi mərasimində çıxışları zamanı mühüm mesajlar verdilər. İki ölkə arasında ticarət əlaqələri, enerji və nəqliyyat sahələrində əməkdaşlıq diqqəti çəkəndir. Azərbaycan enerji ixracatı sahəsində Türkiyə vasitəsilə Avropaya açılan yeni yollar əldə edib, bu da hər iki ölkə üçün strateji baxımdan əhəmiyyətli olub. Ölkələrimiz arasındakı iqtisadi əlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da güclənib. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükü edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi də Azərbaycanın qazını Türkiyə vasitəsilə Avropaya ixrac etmək üçün mühüm bir imkan yaradıb. TANAP Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biridir və bu, yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmir, həm də Azərbaycanın enerji ehtiyatlarını Avropaya çıxarmaq üçün geniş imkanlar təqdim edir. Bu layihələr, həm də Azərbaycanın və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır. Ölkələrimizin hərbi sahədəki əməkdaşlığı da hər zaman böyük önəm daşıyıb.

Əlbəttə ki, Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik yaradır. Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm də regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib. Hazırda milli maraqlara və müasir çağırışlara əsaslanan birgə fəaliyyət və ortaq təşəbbüslər ölkələrə inkişaf, regiona isə firavanlıq və sabitlik vəd edir. Türk dünyası üçün parlaq perspektivlər yaradır. Bütün bu reallıqlar Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu bir daha təsdiqləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər