PDF Oxu

Siyasət

  • 620

Qubadlıya öz sahibləri qayıdıb! - ŞƏRH

Qubadlıya öz sahibləri qayıdıb! - ŞƏRH

25 Oktyabr – Azərbaycanın müasir tarixinə, xalqımızın şanlı zəfər salnaməsinə qızıl hərflərlə yazılmış müqəddəs bir gündür. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik həsrətə son qoyaraq, Vətən torpaqlarını işğaldan azad etdi. Bu tarixi yürüşün ən mühüm və həlledici mərhələlərindən biri də şübhəsiz ki, Qubadlı şəhərinin azad olunması idi.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Dövlət başçısının bu fikirləri Qubadlı əməliyyatının həm hərbi-strateji, həm də mənəvi-siyasi baxımdan necə böyük əhəmiyyət kəsb etdiyini tam dolğunluğu ilə ifadə edir.
Qubadlı rayonunun azad edilməsi İkinci Qarabağ müharibəsinin gedişində dönüş nöqtələrindən biri oldu. Cəbrayıl və Zəngilan istiqamətində uğurla həyata keçirilən hücum əməliyyatlarının məntiqi davamı olaraq, ordumuz relyef baxımından mürəkkəb və düşmənin güclü istehkamlar qurduğu Qubadlı istiqamətində dəmir iradə və yüksək peşəkarlıq nümayiş etdirdi. Qubadlı şəhərinin azad edilməsi düşmənin müdafiə xəttini tamamilə çökdürdü, Laçın dəhlizinə və strateji yüksəkliklərə nəzarəti təmin etdi. Ən əsası isə Şuşa əməliyyatına gedən yolu açaraq, böyük Zəfəri birbaşa yaxınlaşdırdı. Azərbaycan əsgəri və zabiti mürəkkəb dağlıq şəraitdə, düşmənin illərlə möhkəmləndiyi mövqeləri yararaq əsl qəhrəmanlıq dastanı yazdı. Oktyabrın 25-də Qubadlı şəhərində Azərbaycanın üçrəngli dövlət bayrağının ucaldılması xalqımıza sonsuz qürur və sevinc bəxş etdi.
Otuz ilə yaxın müddətdə işğal altında qalan Qubadlı şəhəri və onun kəndləri erməni vandalizminə məruz qalmış, evlər, məktəblər, tarixi və mədəni abidələr yerlə-yeksan edilmişdi. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, torpağın əsl sahibləri artıq öz yurduna qayıdıb. Bu gün Qubadlıda analoqu olmayan bərpa və quruculuq işləri həyata keçirilir. Müasir infrastruktur layihələri çərçivəsində yeni yollar, körpülər, elektrik stansiyaları tikilir, şəhərin Baş Planı əsasında müasir yaşayış məhəllələri və sosial obyektlər inşa olunur. Tarixi və mədəni irs yenidən bərpa edilir, bölgəyə yeni həyat nəfəsi verilir.
25 Oktyabr – Qubadlı Şəhəri Günü milli birliyimizin, Silahlı Qüvvələrimizin qüdrətinin və dövlətimizin sarsılmaz iradəsinin təcəssümüdür. Bu əlamətdar gündə Qubadlı daxil olmaqla, bütün ərazilərimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Qubadlı azaddır, öz doğma sahiblərinə qovuşmuşdur və əbədi olaraq Azərbaycan Respublikasının ayrılmaz parçası kimi dirçələcək və çiçəklənəcəkdir.

Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədri

Digər xəbərlər