"Ümummilli liderimizin qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Təbii ki, hər bir dövlətin öz milli maraqları və siyasəti var. Şübhəsiz ki, qardaş dövlətlər də məhz bu müstəqil siyasətə qarşılıqlı hörmətlə yanaşmalıdırlar".Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.Deputat bildirib ki, Azərbaycan və Türkiyə arasında uzun müddətdir strateji yaxınlıq mövcuddur:"Çox təəssüf ki, son zamanlar Türkiyədəki bəzi qüvvələr Azərbaycan əleyhinə kampaniyalara başlayaraq, əsassız və qərəzli addımlarla ölkəmizi nüfuzdan salmağa cəhd göstərdilər. Bütün bunlar, təbii ki, Azərbaycan cəmiyyəti tərəfindən xoş qarşılanmadı.Türkiyə Prezidentinin Azərbaycan Prezidentinə zəng etməsindən və onu zirvə toplantısına dəvət etməsindən sonra ümid edirik ki, Türkiyədəki qərəzli və eyni zamanda təxribatçı qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini dayandıracaqlar.Çünki Azərbaycan türk dünyasında birləşdirici körpü rolunu oynayır. Türk dünyasının birliyi və bütövlüyü birbaşa Azərbaycanla münasibətlərin hansı səviyyədə qurulmasından və Azərbaycanın dövlət maraqlarına hörmətlə yanaşılmasından asılıdır".
Müəllif: Lətifə Musayeva