Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş növbəti tədbir Lənkəran şəhəri Səidəli Kazımbəyov adına 6 saylı liseydə keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri açan liseyin direktoru Akif Xalıqov deyib:= YAP-ın VIII Qurultayında irəli sürülən fikirlərin ölkənin siyasi həyatında və partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rolu vardı. Prezident İlham Əliyevin qurultaydakı nitqi dövlətin inkişaf strategiyasını, milli maraqların qorunmasını və cəmiyyət qarşısında duran prioritet vəzifələri əks etdirir. Bu hədəflərin həyata keçirilməsində təhsil müəssisələrinin və partiya təşkilatlarının üzərinə böyük məsuliyyət düşür.
Daha sonra çıxış edən YAP-ın VIII Qurultayının iştirakçısı Reyhanə Sadıxova Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji istiqamətlərin partiya üzvləri üçün fəaliyyət proqramı olduğunu bildirərək, siyasi həmrəyliyin möhkəmləndirilməsi, dövlətçilik dəyərlərinin təbliği və cəmiyyətlə əlaqələrin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
VIII Qurultayda qarşıya qoyulan vəzifələrin gündəlik fəaliyyətə tətbiqindən, partiya üzvlərinin ictimai fəallığının artırılmasından və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin əhəmiyyətindən söz açan YAP fəalları Zamin Baxşıyev və Könül Nəhmətova onu da bildiriblər ki, dövlət siyasətinin əsas istiqamətlərinin ictimaiyyətə çatdırılması, əhali ilə səmərəli ünsiyyətin qurulması və partiya üzvlərinin təşəbbüslərinin dəstəklənməsi qarşıya qoyulan məqsədlərə çatmaqda mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələr, təhsilin inkişafı, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, dövlətçilik prinsiplərinin təbliği və YAP Lənkəran rayon təşkilatının qarşısında duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qurultayda müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında hər bir partiya üzvünün fəallığının və məsuliyyətinin vacibliyi vurğulanıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü