23 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Kolxəlfəli kənd” Ərazi Partiya Təşkilatında 25 oktyabr “Qubadlı şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, Hər bir xalqın tarixində onun milli qürurunu, iradəsini və azadlıq əzmini təcəssüm etdirən əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün belə tarixi günlərdən biri də 25 Oktyabr – Qubadlı şəhəri günüdür. Bu əlamətdar tarix xalqımızın Vətən sevgisinin, torpaqlarımızın azadlığı uğrunda göstərilən qəhrəmanlığın və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilən tarixi nailiyyətlərin rəmzidir. Qubadlının azad edilməsi ölkəmizin Zəfər salnaməsində mühüm yer tutur və hər il böyük qürur, ehtiram və minnətdarlıq hissləri ilə qeyd olunur.
Tədbirdə çıxış edən digər natiqlər – partiya fəalı Jalə Əmrahova və Kolxəlfəli kənd tam orta ümumtəhsil məktəbin müəllimi Elçin Məmmədov bildiriblər ki, Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla zəngin tarixi, özünəməxsus mədəniyyəti, füsunkar təbiəti və doğma torpağa bağlı insanları ilə seçilir. Bu diyarın hər bir guşəsi xalqımızın yaddaşında xüsusi yer tutur. Qubadlı yalnız coğrafi ərazi deyil, həm də minilliklər boyu formalaşan milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin və tarixi irsimizin ayrılmaz hissəsidir. Buna görə də Qubadlının azadlığı Azərbaycan xalqı üçün təkcə hərbi-siyasi hadisə deyil, həm də tarixi ədalətin bərpası və doğma yurda bağlılığın təntənəsidir.