PDF Oxu

Siyasət

  • 708

Qubadlıya qayıdan Zəfər: azadlıq və dirçəliş

Qubadlıya qayıdan Zəfər: azadlıq və dirçəliş

Azərbaycanın müasir tarixində xalqımızın milli qürurunu, əzmini və torpaqlarına bağlılığını əks etdirən mühüm hadisələrdən biri də Qubadlı rayonunun işğaldan azad edilməsidir. Hər il oktyabrın 25-də qeyd olunan Qubadlı Şəhəri Günü ədalətin bərpasını, tarixi torpaqlarımıza qayıdış ümidinin gerçəkləşməsini və Azərbaycan xalqının sarsılmaz iradəsini təcəssüm etdirir. Bu əlamətdar gün Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, qazilərimizin fədakarlığını qiymətləndirmək və gələcək nəsillərə Zəfər tariximizi çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində yerləşən, zəngin təbiəti, əlverişli coğrafi mövqeyi və qədim yaşayış məskənləri ilə seçilən bölgələrimizdən biridir. Rayonun mərkəzi olan Qubadlı şəhəri uzun illər özünəməxsus tarixi-mədəni mühiti, əməksevər insanları və gözəl təbiəti ilə tanınıb. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Qubadlı 1993-cü il avqustun 31-də işğal edildi. Rayonun əhalisi doğma yurdlarından didərgin düşdü, yaşayış evləri və sosial infrastruktur dağıntılara məruz qaldı. Minlərlə insanın taleyində dərin iz buraxan bu hadisə xalqımızın yaddaşında ağrılı səhifələrdən biri kimi qaldı.
İşğal illərində Qubadlı sakinləri doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirmədilər. Onlar yaşadıqları çətinliklərə baxmayaraq, milli-mənəvi dəyərlərini qorudular, Vətən sevgisini gələcək nəsillərə ötürdülər. Azərbaycan dövləti isə ərazi bütövlüyünün bərpasını əsas məqsədlərindən biri kimi müəyyənləşdirərək ordunun gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması və beynəlxalq hüquqa əsaslanan mövqeyin müdafiəsi istiqamətində ardıcıl siyasət həyata keçirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində bir sıra şəhər və kəndlərimizi işğaldan azad etdi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad olunması bu əməliyyatların mühüm uğurlarından biri kimi tarixə düşdü. Həmin gün Azərbaycan xalqı üçün böyük sevinc və qürur mənbəyinə çevrildi. Qubadlı şəhərinin azad edilməsi ilə yanaşı, rayonun digər yaşayış məntəqələrinin də azad olunması istiqamətində hərbi əməliyyatlar davam etdirildi və nəticədə rayonun ərazisi işğaldan tamamilə azad edildi.
Qubadlının azad olunması yalnız hərbi qələbə deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşməsinə doğru atılmış mühüm addım idi. Bu hadisə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin edilməsi yolunda mühüm əhəmiyyət daşıdı. Eyni zamanda, Qubadlı istiqamətində əldə edilən uğurlar müharibənin sonrakı gedişinə də təsir göstərərək Azərbaycanın strateji mövqeyini gücləndirdi.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıya səfəri zamanı şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması xüsusi tarixi məna daşıyırdı. Bu hadisə Qubadlının yenidən Azərbaycanın suveren ərazisi kimi inkişaf yoluna qədəm qoymasının rəmzinə çevrildi. Dövlət başçısının həmin əraziyə səfərləri və verdiyi tapşırıqlar bölgənin bərpası, infrastrukturun qurulması və sakinlərin doğma yurdlarına qayıdışı istiqamətində görülən işlərə təkan verdi.

Qubadlıda hazırda həyata keçirilən bərpa və quruculuq işləri Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Şəhərin gələcək inkişafı üçün yolların, yaşayış məhəllələrinin, təhsil və səhiyyə müəssisələrinin, inzibati binaların tikintisi və yenidən qurulması istiqamətində tədbirlər görülür. Məqsəd Qubadlını müasir şəhərsalma prinsiplərinə uyğun inkişaf etdirmək, sakinlərin rahat yaşayışı üçün lazımi şərait yaratmaq və bölgənin iqtisadi potensialını reallaşdırmaqdır. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi də bu istiqamətdə atılan mühüm addımlardandır.
Qubadlı Şəhəri Gününün hər il qeyd edilməsi azadlıq uğrunda mübarizənin, şəhidlərimizin qəhrəmanlığının və xalqımızın birliyinin unudulmaması deməkdir. Bu gün həm də doğma torpaqlarından ayrı düşmüş insanların illərlə qoruyub saxladıqları qayıdış arzusunun rəmzidir. Qubadlı uğrunda döyüşlərdə iştirak edən hərbçilərimizin şücaəti, şəhidlərimizin fədakarlığı və qazilərimizin göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında daim yaşayacaq.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 25 oktyabr tarixinin Qubadlı Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin əbədiləşdirilməsinə xidmət edir.
25 Oktyabr – Qubadlı Şəhəri Günü Azərbaycan tarixində azadlığın, milli iradənin və doğma yurda bağlılığın təcəssümüdür. Qubadlının işğaldan azad edilməsi Vətən müharibəsində qazanılan Zəfərin mühüm mərhələlərindən biri olmaqla xalqımızın gələcəyə inamını daha da gücləndirdi. Bu gün qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş torpaqlarda həyatın tam bərpası, məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi və bölgənin davamlı inkişafına nail olmaqdır. Qubadlı yenidən qurulduqca, onun küçələrində həyat canlandıqca, bu torpağın tarixi yaddaşı da gələcək nəsillərə ötürüləcək. Qubadlı azaddır və onun gələcəyi quruculuq, inkişaf və doğma yurda qayıdış ümidləri ilə bağlıdır.

Nicat Əsədli

YAP Ordubad rayon təşkilatının əməkdaşı

Digər xəbərlər