PDF Oxu

Siyasət

  • 610

Qubadlıya qovuşduran şanlı Zəfər - Tarixi ədalətin və milli iradənin təntənəsi

Qubadlıya qovuşduran şanlı Zəfər - Tarixi ədalətin və milli iradənin təntənəsi

Qubadlının azadlığa qovuşması Azərbaycanın müasir tarixində hərbi qüdrətin, sarsılmaz milli iradənin və tarixi ədalətin təntənəsini əks etdirən mühüm hadisələrdən biridir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət daşımaqla yanaşı, xalqımızın doğma torpaqlarına qayıdış inamını daha da gücləndirdi. Bu Zəfər Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpasına aparan yolda mühüm mərhələyə çevrildi.

Qubadlı rayonu 1930-cu ildə yaradılıb. 802 kvadratkilometr ərazini əhatə edən rayonun inzibati ərazi bölgüsünə 1 şəhər və 93 kənd daxildir. İşğaldan əvvəl burada təxminən 30 min nəfər yaşayırdı. 1993-cü ildə başlayan işğal Qubadlı sakinlərini doğma yurdlarından didərgin saldı, onların həyatını, qurduqları ailə ocaqlarını və gələcəyə dair arzularını ağır sınaq qarşısında qoydu. Lakin illərlə davam edən həsrət, doğma torpağa qayıtmaq ümidi və milli iradə heç vaxt sönmədi.

Qubadlının işğal dövründə üzləşdiyi dağıntıların miqyası faciənin ağırlığını aydın göstərir. Mövcud məlumatlara əsasən, rayonda 94 yaşayış məntəqəsi, 7 278 fərdi yaşayış evi, 64 inzibati bina və 148 sosial obyekt dağıdılmış və ya yararsız vəziyyətə salınmışdı. Bundan başqa, 161 mədəniyyət obyekti, 7 məscid və 16 körpü də dağıntılara məruz qalmışdı. Bu rəqəmlər yalnız maddi itkiləri ifadə etmir; onların arxasında dağılan ailə ocaqları, yarımçıq qalan arzular və illərlə doğma yurd həsrəti ilə yaşayan insanların taleyi dayanır. Məhz belə ağır tarixi sınaqlardan sonra Qubadlının azadlığı Azərbaycan xalqının iradəsinin və mübarizə əzminin təntənəsinə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin payızında torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi Vətən müharibəsinin mühüm hərbi-strateji uğurlarından biri olmaqla, Böyük Qələbəyə aparan yolu daha da yaxınlaşdırdı. Qubadlı uğrunda döyüşlər Azərbaycan əsgərinin Vətən sevgisini, peşəkarlığını və ən çətin şəraitdə belə qarşıya qoyulan məqsədə çatmaq əzmini nümayiş etdirdi. Şəhərin azad edilməsi ilə Azərbaycan-Ermənistan dövlət sərhədinin bu istiqamətdə bərpası üçün də mühüm imkan yarandı. Bu hadisə bir daha sübut etdi ki, xalqın birliyi, ordunun gücü və dövlət rəhbərliyinin qətiyyəti vahid məqsəd ətrafında birləşdikdə tarixi ədaləti bərpa etmək mümkündür. Qubadlının azadlığı yalnız hərbi qələbə kimi deyil, həm də Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi və gələcək inkişafının təmin olunması baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin 23 dekabr 2020-ci ildə Qubadlı rayonunun Xanlıq kəndində hərbi qulluqçularla görüşü zamanı şəhərdə Dövlət bayrağının ucaldılması müstəqil Azərbaycan dövlətinin bu torpaqlardakı suverenliyinin rəmzinə çevrildi. Sonrakı illərdə rayonda bərpa və quruculuq işlərinin aparılması azadlığın real inkişafla möhkəmləndirilməsi istiqamətində mühüm addımlar oldu.

Qubadlının gələcəyinə hesablanmış infrastruktur layihələri də xüsusi əhəmiyyət daşıyır. 25 oktyabr 2021-ci ildə Xanlıq-Qubadlı avtomobil yolunun təməli qoyuldu, “Qubadlı” yarımstansiyası istifadəyə verildi, rayon ərazisində yeni hərbi hissə kompleksi açıldı. 2022-ci ildə isə Qubadlı ərazisində yaradılması nəzərdə tutulan Zabuxçay və Bərgüşadçay su anbarlarının layihələri ilə tanışlıq keçirildi, 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyuldu. Bu layihələr nəqliyyat, enerji və su təminatının yaxşılaşdırılması, gələcək məskunlaşmanın və iqtisadi fəaliyyətin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Bu gün Qubadlı ilə bağlı əsas hədəflərdən biri Böyük Qayıdışın davamlı şəkildə həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin olunması və rayonun iqtisadi potensialının yenidən canlandırılmasıdır. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın öz torpaqlarında təhlükəsiz, müasir və firavan həyat qurmaq əzmini göstərir. Qubadlının dirçəlişi yalnız binaların və yolların yenidən qurulması deyil, həm də insanların doğma yurdlarında yeni həyata başlaması, milli yaddaşın və tarixi bağlılığın bərpasıdır. Qubadlı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Qazilərimizin qəhrəmanlığı, Azərbaycan əsgərinin fədakarlığı və xalqımızın Zəfərə gedən yolda nümayiş etdirdiyi birlik gələcək nəsillər üçün örnəkdir. Bu tarixi qələbənin arxasında böyük iradə, ağır sınaqlar və Vətənə sonsuz sevgi dayanır. Qubadlının azadlığı Azərbaycan xalqının tarixi haqqına qovuşması, milli qürurunun yüksəlişi və dövlətçilik iradəsinin təntənəsidir. 802 kvadratkilometr ərazisi, 94 yaşayış məntəqəsi və zəngin tarixi ilə seçilən bu diyarın hər qarışı Azərbaycanın ayrılmaz torpağıdır. Qubadlıya qovuşmaq keçmişin ağrılarını Zəfər qüruruna, illərin həsrətini qayıdış ümidinə çevirən tarixi hadisədir. Bu gün Qubadlı azad Azərbaycanın gələcəyə inamla baxan bölgələrindən biridir. Onun hər bir uğuru Böyük Qayıdışın əhəmiyyətini, dövlətimizin quruculuq gücünü və xalqımızın sarsılmaz birliyini nümayiş etdirir. Qubadlının azadlığı tariximizin şanlı səhifəsi, şəhidlərimizin əziz xatirəsinə ehtiram və gələcək nəsillərə ötürülən milli qürur salnaməsidir. Bu Zəfər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarına sahib çıxmaq, onları dirçəltmək və gələcək nəsillərə firavan şəkildə ötürmək əzmində olan qüdrətli dövlətdir.

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər