YAP Salyan rayon təşkilatının Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı növbəti tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib..
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov VIII Qurultayın Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini, Prezident İlham Əliyevin nitqinin partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən proqram xarakterli sənəd olduğunu vurğulayıb. O, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində hər bir sahənin üzərinə mühüm məsuliyyət düşdüyünü qeyd edərək aqrar sahədə əldə olunan nailiyyətlərin ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, kənd təsərrüfatının inkişafına və əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyini bildirib. Elmar Əhmədov partiya üzvlərinin üzərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılmasının və fəal vətəndaş mövqeyinin nümayiş etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Tariel Atamalıyev çıxışında aqrar sahənin ölkə iqtisadiyyatında tutduğu mövqedən, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları və islahatlardan bəhs edib. O, Prezident İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi vəzifələrin hər bir sahədə çalışan insanlar üçün fəaliyyət istiqaməti olduğunu bildirərək aqrar sahədə qarşıya qoyulan hədəflərə çatmaq üçün peşəkarlığın, təşəbbüskarlığın və məsuliyyətli fəaliyyətin vacibliyini vurğulayıb. Tariel Atamalıyev qeyd edib ki, kənd təsərrüfatının davamlı inkişafı, fermerlərə göstərilən dəstəyin səmərəliliyinin artırılması və müasir yanaşmaların tətbiqi ölkənin iqtisadi potensialının gücləndirilməsinə töhfə verir.
Tədbirdə çıxış edən digər iştirakçılar VIII Qurultayın əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin rolundan danışıb, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Çıxışlarda aqrar sahənin inkişafı, dövlət siyasətinin dəstəklənməsi, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının əhəmiyyəti qeyd olunub.
Tədbir çərçivəsində Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Tariel Atamalıyev uzunmüddətli səmərəli fəaliyyətinə, YAP Salyan rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 65 illik yubileyi münasibətilə rayon təşkilatı tərəfindən Təşəkkürnamə və hədiyyə ilə təltif edilib.
Sonda ərazi partiya təşkilatının fəaliyyəti ilə bağlı təşkilati məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.