Prezident İlham Əliyevin 27 oktyabr 2026-cı il tarixində Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın müasir dünyada siyasi mövqeyini, dövlətçilik fəlsəfəsini, milli ideoloji əsaslarını və beynəlxalq münasibətlər sisteminə baxışını əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan Forumda dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan üçün mədəniyyətlərarası dialoq yalnız humanitar əməkdaşlıq istiqaməti deyil, eyni zamanda, beynəlxalq təhlükəsizliyin, qarşılıqlı etimadın, dayanıqlı inkişafın və dövlətlərarası münasibətlərin sağlam əsaslar üzərində qurulmasının mühüm vasitəsidir.
Bu baxımdan Bakı Forumunun əhəmiyyəti onun iştirakçılarının coğrafiyası və say göstəriciləri ilə məhdudlaşmır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2000-dən artıq qeydiyyatdan keçmiş iştirakçının və 100-dən çox ölkədən 500-dən artıq qonağın bir araya gəlməsi son 15 il ərzində formalaşmış beynəlxalq platformanın nüfuzunun göstəricisidir. Azərbaycanın təşəbbüsü ilə 2011-ci ildə əsası qoyulan bu Forum artıq müxtəlif sivilizasiyaların, dinlərin və mədəniyyətlərin nümayəndələrini birləşdirən, qlobal gündəlikdəki aktual məsələlərin müzakirəsinə şərait yaradan mühüm dialoq məkanına çevrilib. BMT-nin Sivilizasiyalar Alyansı və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində inkişaf edən bu platforma Azərbaycanın qlobal proseslərdə fəal iştirakının və beynəlxalq təşəbbüslərə verdiyi töhfənin təzahürüdür. Müasir dünyada geosiyasi qarşıdurmaların, müharibələrin, dini və etnik zəmində ayrı-seçkiliyin, ideoloji qütbləşmənin gücləndiyi bir şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da artır. Təcrübə göstərir ki, qarşılıqlı anlaşmanın zəiflədiyi, fərqli kimliklərin qarşıdurma vasitəsinə çevrildiyi cəmiyyətlərdə sabitliyi qorumaq çətinləşir. Buna görə də dialoq yalnız fikir mübadiləsi deyil, həm də münaqişələrin qarşısının alınmasına, etimad mühitinin formalaşmasına və ortaq maraqların müəyyənləşdirilməsinə xidmət edən siyasi və mənəvi mexanizmdir. Azərbaycanın bu istiqamətdə ardıcıl təşəbbüsləri ölkəmizin beynəlxalq münasibətlərdə körpülərin qurulmasına, qarşılıqlı hörmətin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə əsaslanan yanaşmasını nümayiş etdirir. Cənab Prezidentin çıxışında Azərbaycanın tarixən mədəniyyətlərin qovuşduğu coğrafiyada yerləşməsi və bu mövqeyin ölkənin ictimai-siyasi həyatında yaratdığı xüsusiyyətlər xüsusi vurğulanıb. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qarşılıqlı təsir göstərdiyi, dini və etnik müxtəlifliyin birgəyaşayış ənənələri ilə müşayiət olunduğu məkan olub. Bu tarixi təcrübə müasir Azərbaycan dövlətinin multikulturalizm siyasətinin formalaşmasında mühüm rol oynayır. Bununla belə, ölkəmizin üstünlüyü yalnız coğrafi mövqeyi və tarixi irsi ilə müəyyənləşmir. Əsas məsələ həmin irsin müasir dövlətçilik prinsipləri, hüquqi təminatlar və cəmiyyətin birliyini möhkəmləndirən siyasi iradə ilə uzlaşdırılmasıdır. Azərbaycanın multikulturalizm modeli etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınmasına, milli-mənəvi dəyərlərə hörmətə və ictimai həmrəyliyin qorunmasına əsaslanır. Cənab Prezidentin çıxışında cəmiyyətdəki ahəngdarlığın ölkənin sabit və uğurlu inkişafının əsas amillərindən biri kimi təqdim edilməsi təsadüfi deyil. Çünki davamlı inkişaf yalnız iqtisadi göstəricilərlə ölçülmür. Dövlətin uzunmüddətli uğuru, eyni zamanda, onun daxilində ictimai etimadın, sosial həmrəyliyin və ümumi gələcək naminə birgə fəaliyyət iradəsinin nə dərəcədə möhkəm olmasından asılıdır. Bu kontekstdə azərbaycançılıq ideologiyası xüsusi əhəmiyyət daşıyır. Azərbaycançılıq milli kimliyi, dövlətə bağlılığı və ümumi vətəndaşlıq məsuliyyətini vahid ideya ətrafında birləşdirən mühüm mənəvi-siyasi platformadır. Prezident cənab İlham Əliyevin çıxışında bu ideyanın ölkədə yaşayan bütün xalqları bir araya gətirən amil kimi səciyyələndirilməsi onun dövlətçilik sistemindəki yerini aydın şəkildə ortaya qoyur. Azərbaycançılıq etnik və dini fərqləri aradan qaldırmağı deyil, həmin fərqlərin ümumi milli maraqlar və vahid dövlətçilik məkanı daxilində qarşılıqlı hörmət şəraitində yaşamasını nəzərdə tutur. Bu yanaşma milli birliyi cəmiyyətin müxtəlifliyinə qarşı qoymur, əksinə, müxtəlifliyi ümumi dövlətçilik dəyərləri ilə uzlaşdırır. Azərbaycan xalqının tarixi təcrübəsi göstərir ki, dövlətçilik ənənələrinin, dilin, milli-mənəvi dəyərlərin və həyat tərzinin qorunması müxtəlif siyasi sistemlər və mürəkkəb tarixi şəraitlərdə belə milli özünüdərkin davamlılığını təmin edib. Prezident cənab İlham Əliyevin müstəqilliyin bərpasının 35-ci ildönümü kontekstində səsləndirdiyi fikirlər də bu tarixi davamlılığa diqqət çəkir. Müstəqillik Azərbaycan xalqına öz taleyini müstəqil müəyyənləşdirmək, milli maraqlarına uyğun siyasət həyata keçirmək və dövlətin gələcəyini öz iradəsi əsasında qurmaq imkanı verib. Bu gün ölkənin müxtəlif sahələrdə əldə etdiyi nəticələr həmin müstəqilliyin siyasi, iqtisadi və mənəvi əsaslarının möhkəmləndirilməsinin nəticəsi kimi qiymətləndirilə bilər. Çıxışın mühüm istiqamətlərindən biri milli birliyin yalnız dinc dövrdə deyil, tarixi sınaqlar zamanı da özünü təsdiqləməsi ilə bağlı idi. Ermənistanın hərbi təcavüzü və işğalı, İkinci Qarabağ müharibəsi, eləcə də 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi həmrəylik dövlətçilik tariximizin mühüm səhifələrindəndir. Prezidentin “Dəmir yumruq” ifadəsi ilə simvolizə etdiyi birlik yalnız hərbi Qələbənin deyil, milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizənin və ümumi məqsəd ətrafında səfərbərliyin ifadəsidir. Müxtəlif etnik və dini mənsubiyyətlərə malik Azərbaycan vətəndaşlarının ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda bir araya gəlməsi azərbaycançılıq ideologiyasının real ictimai dayaqlara malik olduğunu göstərir.
Bu məqam Azərbaycanın multikulturalizm təcrübəsinin mahiyyətini anlamaq baxımından da vacibdir. İctimai həmrəylik yalnız müxtəlifliyin mövcudluğu ilə deyil, fərqli qrupların özlərini vahid dövlətin bərabərhüquqlu vətəndaşları kimi hiss etmələri ilə möhkəmlənir. Milli maraqların ümumi qəbul edildiyi, dövlətə bağlılığın və qarşılıqlı etimadın güclü olduğu cəmiyyətlər xarici təsirlərə və ideoloji təhdidlərə qarşı daha dayanıqlı olur. Cənab Prezidentin ideoloji risklərə diqqət çəkməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətin özünəməxsusluğunun, müstəqilliyinin və milli dəyərlərinin qorunması yalnız təhlükəsizlik strukturlarının vəzifəsi deyil, eyni zamanda, cəmiyyətin bütövlükdə məsuliyyət daşıdığı strateji məsələdir. Dövlət başçısının çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi məsələləri də geniş yer tutub. Bu fikirlər Azərbaycanın son onilliklər ərzində keçdiyi mürəkkəb siyasi yolun mahiyyətini açmaqla yanaşı, beynəlxalq münasibətlər sistemindəki mövcud problemlərə dair prinsipial mövqeyini ifadə edir. Uzun illər ərzində münaqişənin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların nəticəsiz qalması, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin icra olunmaması beynəlxalq hüququn tətbiqində ciddi problemlərin mövcudluğunu üzə çıxarmışdı. Azərbaycanın özünümüdafiə hüququna əsaslanaraq ərazi bütövlüyünü bərpa etməsi dövlət başçısının çıxışında beynəlxalq hüququn norma və prinsipləri ilə əlaqələndirilir. 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası regionda yeni geosiyasi reallıq yaradıb. Bu prosesin əsas siyasi nəticələrindən biri ondan ibarətdir ki, Cənubi Qafqazda münasibətlərin gələcək inkişafı artıq suveren dövlətlərin ərazi bütövlüyü, qarşılıqlı tanınma və sülh prinsipləri əsasında müəyyənləşdirilməlidir. Prezident cənab İlham Əliyevin beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra mexanizmləri ilə bağlı fikirləri də qlobal idarəçilik sisteminin səmərəliliyi məsələsini gündəmə gətirir. Beynəlxalq hüququn etibarlılığı yalnız hüquqi sənədlərin qəbul edilməsi ilə deyil, onların bütün dövlətlərə münasibətdə ardıcıl və ədalətli şəkildə tətbiqi ilə təmin olunur. Əgər beynəlxalq təşkilatların qərarları uzun müddət icrasız qalırsa, bu, həmin institutlara olan inamı zəiflədir və hüququn aliliyinə dair suallar yaradır. Azərbaycan təcrübəsi göstərir ki, beynəlxalq münasibətlərdə hüquqi öhdəliklərin icrası üçün təsirli mexanizmlərin mövcudluğu sülhün və təhlükəsizliyin qorunmasının əsas şərtlərindən biridir. Bu müstəvidə ikili standartlara qarşı mübarizə Azərbaycanın xarici siyasətinin prinsipial istiqamətlərindən biri kimi diqqət çəkir. Dövlətlərə münasibətdə fərqli meyarların tətbiqi, beynəlxalq hüququn siyasi maraqlardan asılı olaraq müxtəlif cür şərh edilməsi qlobal sistemdə ədalət və bərabərlik prinsiplərinə xələl gətirir. Prezidentin vurğuladığı kimi, heç bir dövlət başqa bir dövlətin suveren hüquqlarına hörmətsizlik etməməli, ona öz inkişaf modelini və siyasi seçimlərini diktə etməyə çalışmamalıdır. Beynəlxalq münasibətlərin sağlam əsaslar üzərində qurulması qarşılıqlı hörmət, suveren bərabərlik, daxili işlərə qarışmamaq və dövlətlərin qanuni maraqlarını nəzərə almaq prinsiplərinin qorunmasını tələb edir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn prinsipləri universal xarakter daşımalı və siyasi konyunkturadan asılı olmamalıdır. Eyni zamanda, dövlətlərin suverenliyinə hörmət yalnız siyasi bəyanatlarda deyil, praktik münasibətlərdə də öz əksini tapmalıdır. Bu yanaşma xüsusilə mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət yürüdən ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın öz milli maraqlarına əsaslanan siyasəti, müxtəlif güc mərkəzləri ilə münasibətlərdə balanslı və praqmatik yanaşması ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir. Çıxışda sülhün əldə olunması və qorunması məsələsinə ayrılan diqqət Azərbaycanın müharibədən sonrakı siyasi strategiyasını anlamaq baxımından da əhəmiyyətlidir. Prezident cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistana sülh təklif etməsini xüsusi vurğulayaraq müharibənin sonsuz qarşıdurmaya çevrilməməsinin vacibliyini diqqətə çatdırıb. Bu mövqe hərbi Qələbənin siyasi nəticələrinin möhkəmləndirilməsi, regionda davamlı sülhün təmin olunması və gələcək nəsillərin münaqişə təhlükəsindən qorunması məqsədinə xidmət edir. Müharibənin başa çatdırılması, onun nəticələrinin qəbul edilməsi və sülh münasibətlərinin qurulması hərbi əməliyyatların özündən fərqli, lakin az əhəmiyyət daşımayan siyasi prosesdir. Bu baxımdan Azərbaycanın təcrübəsi münaqişələrin həllində güc amilinin deyil, beynəlxalq hüquqa əsaslanan siyasi nəticələrin və qarşılıqlı öhdəliklərin əhəmiyyətini nümayiş etdirir. Dövlət başçısının müharibələrin başlanmasının asan, başa çatdırılmasının isə çətin olması barədə fikri müasir beynəlxalq münasibətlərin reallıqlarını ifadə edir. Münaqişənin dayandırılması üçün yalnız hərbi vəziyyətin dəyişməsi kifayət etmir; davamlı sülh üçün siyasi iradə, məsuliyyətli yanaşma və gələcək münasibətlərin hüquqi əsaslarının formalaşdırılması tələb olunur. 2025-ci ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması bu prosesin mühüm mərhələsi kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutan həmin hadisə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra regionda yeni siyasi reallığın beynəlxalq səviyyədə təsdiqlənməsi baxımından rəmzi əhəmiyyət daşıyır. Bununla yanaşı, paraflanmış sənədlərlə qüvvəyə minmiş sülh sazişi arasında hüquqi fərq qorunmalı, davamlı sülhün təmin olunması üçün tərəflərin öhdəliklərinin icrası əsas götürülməlidir. Azərbaycanın yanaşması regionun gələcəyinin qarşıdurma deyil, suverenlik, qarşılıqlı tanınma və əməkdaşlıq prinsipləri əsasında qurulmasına yönəlib. Cənab Prezidentin çıxışında Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə bağlı səsləndirilən fikirlər də ölkənin son illərdə həyata keçirdiyi xarici siyasətin nəticələrini əks etdirir. Azərbaycan bu gün yalnız regional məsələlərdə deyil, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, beynəlxalq dialoq və çoxtərəfli əməkdaşlıq sahələrində də mühüm tərəfdaş kimi çıxış edir. Çinlə hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsinin və ABŞ ilə Strateji Xartiyanın imzalanması, Avropa İttifaqının üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı Azərbaycanın müxtəlif beynəlxalq güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurmaq imkanlarını nümayiş etdirir.
Bu münasibətlərin əhəmiyyəti onların yalnız siyasi sənədlərlə məhdudlaşmamasındadır. Enerji resurslarının etibarlı təchizatı, nəqliyyat dəhlizlərinin inkişafı, regional bağlantıların genişləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın beynəlxalq sistemdəki rolunu artıran əsas amillər sırasındadır. Coğrafi mövqeyin müasir infrastruktur, investisiyalar və siyasi əməkdaşlıqla tamamlanması ölkəmizi Şərq-Qərb və digər transregional əlaqələr baxımından əhəmiyyətli mərkəzə çevirir. Bununla belə, Azərbaycanın beynəlxalq çəkisinin davamlılığı yalnız coğrafi üstünlüklərlə deyil, sabitliyin qorunması, qonşularla münasibətlərin inkişafı və uzunmüddətli iqtisadi potensialın reallaşdırılması ilə də bağlıdır. Ölkənin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bu siyasətin mühüm istiqamətlərindəndir. Cənab Prezidentin çıxışında 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Azərbaycanda keçirilməsi, eləcə də 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə Bakının ev sahibliyi etməsi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın müxtəlif siyasi və mədəni platformalarda artan roluna diqqət çəkir. Bundan əlavə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin uzadılması və Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Formatında iştirakı ölkəmizin regional əməkdaşlıq coğrafiyasının genişləndiyini göstərir. Bu faktlar Azərbaycanın müxtəlif regionlar və siyasi platformalar arasında əlaqələndirici rolunu gücləndirmək imkanlarına malik olduğunu təsdiqləyir. İslam dünyası ilə əlaqələrin inkişafı, Avropa institutları ilə dialoqun davam etdirilməsi, Asiya dövlətləri ilə strateji əməkdaşlığın dərinləşdirilməsi ölkənin xarici siyasətində çoxşaxəliliyin qorunmasına imkan yaradır. Burada əsas məqsəd fərqli siyasi və mədəni məkanları bir-birinə qarşı qoymaq deyil, ortaq maraqların müəyyənləşdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Məhz bu yanaşma Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə xarici siyasət prioritetləri arasında məntiqi əlaqə yaradır. Azərbaycanın iqtisadi göstəriciləri, nisbətən aşağı dövlət borcu, enerji bazarındakı mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı ölkənin müstəqil siyasət yürütmək imkanlarını gücləndirən amillərdir. Cənab Prezidentin çıxışında xarici borcun ümumi daxili məhsulun 5 faizindən bir qədər artıq olması barədə səsləndirdiyi fikir iqtisadi dayanıqlılığın siyasi müstəqilliklə əlaqəsini ön plana çıxarır. İqtisadi sabitlik dövlətə beynəlxalq proseslərdə öz milli maraqlarına uyğun qərarlar qəbul etmək, uzunmüddətli layihələri həyata keçirmək və mümkün xarici təzyiqlərə qarşı daha dayanıqlı olmaq imkanı verir. Bununla yanaşı, iqtisadi və geosiyasi potensialın davamlı üstünlüyə çevrilməsi üçün yeni texnologiyaların tətbiqi, insan kapitalının inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və regional əməkdaşlıq imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş siyasi sabitliyi və iqtisadi imkanları cəmiyyətin rifahının yüksəldilməsinə, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına və beynəlxalq əməkdaşlıqda daha geniş iştirakın təmin olunmasına yönəltməkdir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilən mesajların ümumi məzmunu göstərir ki, Azərbaycan özünü yalnız regional təhlükəsizlik və enerji məsələləri ilə məhdudlaşan dövlət kimi deyil, eyni zamanda, qlobal dialoqa, mədəniyyətlərarası anlaşmaya və beynəlxalq əməkdaşlığa töhfə verən ölkə kimi təqdim edir. Bu siyasətin əsasını milli kimliyin qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət və müxtəliflik şəraitində birgəyaşayışın təşviqi təşkil edir. Prezident cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, mədəniyyətlərarası dialoq Azərbaycanın siyasi fəlsəfəsində dövlətçilik, milli həmrəylik və beynəlxalq münasibətlər məsələləri ilə sıx bağlıdır. Ölkəmizin tarixi təcrübəsi, azərbaycançılıq ideologiyası, multikulturalizm ənənələri və müstəqil xarici siyasəti vahid strateji yanaşmanın bir-birini tamamlayan istiqamətləridir. Bu yanaşmanın mahiyyəti milli maraqları qətiyyətlə qorumaqla yanaşı, digər dövlətlərin suverenliyinə hörmət etmək, fərqli mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı gücləndirmək və münaqişələrin həlli üçün dialoq imkanlarından istifadə etməkdən ibarətdir. Qlobal siyasi sistemdə qeyri-müəyyənliyin artdığı, beynəlxalq institutların səmərəliliyinin müzakirə olunduğu və münaqişələrin yeni təhlükəsizlik çağırışları yaratdığı bir dövrdə Bakı Forumunun əhəmiyyəti daha da artır. Azərbaycan bu platforma vasitəsilə dialoqun alternativsizliyini, qarşılıqlı hörmətin vacibliyini və ortaq gələcəyin yalnız əməkdaşlıq əsasında qurula biləcəyini önə çəkir. Bu baxımdan Forumun əsas siyasi mesajı aydındır: davamlı sülh və təhlükəsizlik üçün dövlətlərin suveren hüquqlarına hörmət edilməli, beynəlxalq hüquq selektiv deyil, universal şəkildə tətbiq olunmalı, mədəni və dini müxtəliflik qarşıdurma mənbəyinə deyil, qarşılıqlı zənginləşmə və əməkdaşlıq imkanına çevrilməlidir.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı