“Trampın İrana qarşı yeni hərbi əməliyyatlara başlamağın mümkünlüyünə dair bəyanatı yeni bir şey deyil. Tramp artıq bir neçə dəfədir ki, hərbi variantı istisna etmədiyi, eyni zamanda İranla razılaşma imkanını açıq saxladığına dair mövqe səsləndirib”.Bu sözləri politoloq Rəşad Bayramov ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərlə bağlı SİA-ya açıqlamasında deyib.Onun sözlərinə görə, bu da başadüşüləndir, çünki ABŞ İranla qarşıdurmada hədəflərinin heç birinə çata bilməyib:” Ona görə də ABŞ-da seçkilərdən sonra yeni hərbi əməliyyat ehtimalı kifayət qədər yüksəkdir.
Məlumdur ki, ABŞ administrasiyasının İranla bağlı siyasətinin mərkəzində Tehranın nüvə proqramı, regional hərbi təsiri və ABŞ-ın müttəfiqlərinin təhlükəsizliyi dayanır. Hazırda Vaşinqton hərbi təzyiq və iqtisadi məhdudiyyətlər vasitəsilə İranı öz tələblərinə uyğun razılaşmaya sövq etməyə çalışır. Tehran isə suverenliyini, müdafiə imkanlarını və regional mövqelərini qorumağa, eyni zamanda sanksiyaların və iqtisadi təzyiqlərin aradan qaldırılmasına nail olmağa çalışır. Beləliklə, tərəflər arasında ziddiyyət yalnız nüvə məsələsi ilə məhdudlaşmır, qarşıdurma regional təhlükəsizlik arxitekturası və Yaxın Şərqdə qüvvələr balansı ilə də bağlıdır.
Şübhə yoxdur ki, yeni hərbi əməliyyatlar daha geniş regional münaqişə riskini artıracaq. Qarşıdurmanın ən həssas istiqamətlərindən biri qlobal enerji təhlükəsizliyidir. Hörmüz boğazı dünya neft ticarətinin mühüm hissəsinin daşındığı strateji marşrut olduğundan, burada gəmiçiliyin məhdudlaşdırılması və ya təhlükəyə məruz qalması neft qiymətlərində növbəti artıma, sığorta və daşınma xərclərinin yüksəlməsinə səbəb olacaq. Onsuz da ABŞ–İran qarşıdurması artıq enerji təchizatına və dəniz nəqliyyatına təsir göstərib. Buna görə yeni hərbi əməliyyatların nəticələri daha ağır olacaq və yalnız region ölkələri ilə məhdudlaşmayacaq.
İndiki şərtlər daxilində hərbi əməliyyatlardan qaçmağın tək yolu Hörmüz və nüvə proqramı kimi məsələlər üzrə razılaşma əldə etməkdən keçir. Lakin tərəflərin qarşılıqlı etimadsızlığı və güzəştləri ilk kimin etməli olduğuna dair fikir ayrılıqları danışıqları çətinləşdirir. Körfəz ölkələri də ABŞ–İran qarşıdurmasının genişlənməsində maraqlı deyillər, çünki münaqişə onların enerji infrastrukturu, limanları və iqtisadi sabitliyi üçün birbaşa təhlükə yaradır.
Ümumi olaraq dəyərləndirsək deyə bilərik ki, Trampın İrana qarşı yeni zərbələr ehtimalını gündəmdə saxlaması özündə həm Tehran üzərində təzyiqi, həm də İaran xəbərdarlığı ehtiva edir”.
Müəllif: Günay Hacıyeva