Lənkəran rayon Heydər Əliyev Mərkəzində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda candan keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbiri açıb VIII Qurultayın müəyyən etdiyi vəzifələrin əhəmiyyətindən danışan qurultay nümayəndəsi, Mərkəzin direktoru Reyhanə Sadixova bildirib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqi partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərinə işıq tutmaqla yanaşı, qarşıda duran hədəflərə çatmaq üçün hər bir partiya üzvünün üzərinə mühüm məsuliyyət qoyur. Bu vəzifələrin həyata keçirilməsi təşəbbüskarlıq, siyasi fəallıq və cəmiyyətlə sıx əlaqələrin daha da gücləndirilməsini tələb edir.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi, Yeni Azərbaycan Partiyasının fəalı Aygün Əkbərova çıxışında partiyanın cəmiyyət həyatında rolundan və VIII Qurultayda irəli sürülən məqsədlərin gündəlik fəaliyyətlə əlaqələndirilməsinin vacibliyindən bəhs edərək vurğulayıb ki, ölkədə həyata keçirilən siyasətin mahiyyətini ictimaiyyətə düzgün çatdırılması, vətəndaşlarla səmərəli ünsiyyətin qurulması və ictimai təşəbbüslərin dəstəklənməsi partiya fəallarının əsas fəaliyyət istiqamətlərindən olmalıdır. Natiq, həmçinin milli həmrəyliyin möhkəmləndirilməsinin və gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının əhəmiyyətinə toxunub.
“Dövlətçilik prinsiplərinə sədaqət, milli maraqların qorunması və ölkənin inkişaf strategiyasının dəstəklənməsi əsas borcumuzdur. VIII Qurultayda irəli sürülən vəzifələr yalnız ümumi hədəflər kimi deyil, hər bir partiya üzvünün konkret fəaliyyəti üçün əsas istiqamət kimi qəbul edilməlidir. Partiya fəallarının üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmələri, ictimai fəallıq nümayiş etdirmələri və cəmiyyətin inkişafına töhfə vermələri zamanın ən vacib məsələsidir.” Bu fikirləri isə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təsərrüfat müdiri, YAP fəalı Vüsal Babayev çıxışında söyləyib.
Tədbir çərçivəsində YAP-ın VIII Qurultayında müəyyənləşdirilən prioritetlər, Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, partiya fəaliyyətinin daha da gücləndirilməsi və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. İştirakçılar qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında hər bir partiya üzvünün fəallığının və məsuliyyətli mövqeyinin mühüm rol oynadığını bildiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü