Azərbaycan son 20 ildə dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq prosesinin fəal iştirakçısından əsas təşkilatçılarından birinə çevrilib.SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, bu gün dinlərarası və mədəniyyətlərarası dialoq dedikdə dünyada ilk yada düşən şəhər Bakı, ölkə isə Azərbaycandır. Onun sözlərinə görə, Azərbaycanın geosiyasi mövqeyi, siyasi və iqtisadi imkanları, eləcə də tarixi və dini ənənələri bu sahədə aparıcı rol oynamasına şərait yaradır.G.İsmayılov qeyd edib ki, müxtəlif inanclara və məzhəblərə mənsub insanların eyni planetdə dinc yaşaması üçün dialoq mühüm əhəmiyyət daşıyır. Bununla belə, müasir dövrdə dini fərqlərin qabardılması bəzən etnik-dini və məzhəblərarası münaqişələrə səbəb olur.Komitə sədrinin müavini vurğulayıb ki, islamofobiya, ksenofobiya və antisemitizm kimi problemlərin aradan qaldırılması üçün qarşılıqlı anlaşmanın gücləndirilməsi və tarixi birgəyaşayış təcrübələrinin qorunması vacibdir.G.İsmayılovun sözlərinə görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dinlərarası dialoqa ortaq gələcəyin qurulması üçün yol xəritəsi kimi yanaşılır. Azərbaycanın bu istiqamətdəki tarixi təcrübəsi və mövcud imkanları beynəlxalq dialoq prosesində ölkənin rolunu daha da gücləndirir.
Müəllif: Günel Fərzəliyeva