29 oktyabr 2026-cı il tarixində saat 13:00-da Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Xocalı rayon Ballıca kənd tam orta ümumtəhsil məktəbinin akt zalında keçirilən müşavirədə YAP Xocalı rayon təşkilatının Ballıca kəndi üzrə ərazi partiya təşkilatının 30 nəfər partiya fəalı iştirak edib.
Tədbir ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi proqram xarakterli nitqin siyasi və ideoloji əhəmiyyətindən, nitqdə qarşıya qoyulan məqsəd və vəzifələrdən ətraflı bəhs edib. O, ölkəmizin davamlı inkişafının təmin olunmasında, dövlət siyasətinin uğurla həyata keçirilməsində və milli maraqlarımızın qorunmasında Yeni Azərbaycan Partiyasının üzərinə düşən mühüm vəzifələri diqqətə çatdırıb.
Vahid Əliyev çıxışında partiyanın fəaliyyətinin daha da təkmilləşdirilməsinin, ərazi partiya təşkilatlarının işinin gücləndirilməsinin, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılmasının və qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin partiya üzvlərinin dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirmələrinin, cəmiyyətin ictimai həyatında yaxından iştirak etmələrinin və Yeni Azərbaycan Partiyasının ideyalarının təbliği istiqamətində məqsədyönlü fəaliyyət göstərmələrinin əhəmiyyətini qeyd edib.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb. Ballıca kəndi üzrə ərazi partiya təşkilatının sədri Cəmilə Əhmədova, eləcə də partiya üzvləri Şahsuvar Hümbətov, Aynurə Nəcəfova və Selcan Hüseyinli çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikir və mülahizələrini bölüşüblər. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin əhəmiyyətini vurğulayaraq, partiya qarşısında duran vəzifələrin yerinə yetirilməsində hər bir üzvün fəal iştirakının vacibliyini qeyd ediblər.
Müzakirələr zamanı ərazi partiya təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi, partiya üzvləri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, əhali ilə mütəmadi görüşlərin keçirilməsi, ictimai-siyasi tədbirlərdə fəal iştirakın təmin olunması və partiyanın qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar tərəfindən səsləndirilən təkliflərin gələcək fəaliyyətin daha səmərəli təşkilinə töhfə verəcəyi diqqətə çatdırılıb.
Müşavirənin sonunda qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi üçün partiya üzvlərinin üzərinə düşən məsuliyyət bir daha vurğulanıb, təşkilati işlərin davamlı şəkildə aparılmasının və partiya fəaliyyətində fəallığın qorunub saxlanılmasının vacibliyi qeyd edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və müşavirə başa çatıb.