PDF Oxu

Siyasət

  • 626

Multikulturalizm ənənələri və dini-etnik dözümlülük Azərbaycan xalqının əsrlər boyu yaşatdığı dəyərlərdir

Multikulturalizm ənənələri və dini-etnik dözümlülük Azərbaycan xalqının əsrlər boyu yaşatdığı dəyərlərdir

Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı ölkə kimi tanınıb. Ölkəmizdə əsrlər boyu formalaşmış multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsinə çevrilib. Bu dəyərlər yalnız cəmiyyətimizin gündəlik həyatında deyil, həm də dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi özünü göstərir.
Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı multikulturalizm ənənələrinə xüsusi diqqət yetirməsi Azərbaycanın bu sahədəki mövqeyinin bir daha ifadəsi oldu. Dövlət başçısı vurğuladı ki, multikulturalizm, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub. Bu yanaşma Azərbaycan cəmiyyətinin tarixən formalaşmış birgəyaşayış mədəniyyətinin və fərqli inanclara hörmət prinsipinin göstəricisidir.
Azərbaycanın multikulturalizm modeli onun zəngin tarixi və mədəni irsinə əsaslanır. Ölkəmizdə müxtəlif dini icmaların nümayəndələri öz inanclarını sərbəst şəkildə yaşadır, milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş cəmiyyətin bərabərhüquqlu üzvü hesab olunur. Bu mühit qarşılıqlı hörmətin, tolerantlığın və sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Müxtəliflik Azərbaycan üçün ayrılıq səbəbi deyil, əksinə, milli birliyin və zənginliyin mühüm mənbəyidir.
Müasir dünyada dini və etnik zəmində qarşıdurmaların, ayrı-seçkiliyin və dözümsüzlüyün artdığı bir dövrdə Azərbaycanın təcrübəsi xüsusi əhəmiyyət daşıyır. Çünki multikulturalizm yalnız müxtəlif mədəniyyətlərin yanaşı mövcudluğu deyil, həm də onların bir-birini anlaması, qəbul etməsi və qarşılıqlı şəkildə zənginləşməsidir. Bunun üçün cəmiyyətdə etimad mühiti yaradılmalı, fərqli düşüncələrə hörmət göstərilməli və dialoq imkanları genişləndirilməlidir.
Azərbaycan bu istiqamətdə beynəlxalq təşəbbüslərlə də çıxış edir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin qlobal dialoq məkanında mühüm rolunu nümayiş etdirir. Forum müxtəlif ölkələrin siyasi rəhbərlərini, beynəlxalq təşkilatların nümayəndələrini, din xadimlərini, alimləri və ictimaiyyət nümayəndələrini bir araya gətirərək mədəniyyətlərarası münasibətlərin inkişafına töhfə verir. Bu platforma vasitəsilə dünyada mövcud olan problemlərin dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq yolu ilə həlli təşviq olunur.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycanın multikulturalizm siyasəti yalnız bəyanatlardan ibarət deyil. Bu siyasətin əsasında xalqımızın tarixi təcrübəsi, milli dəyərləri və cəmiyyətdə mövcud olan tolerantlıq mühiti dayanır. Ölkəmiz öz milli kimliyini, dilini, adət-ənənələrini qorumaqla yanaşı, başqa xalqların mədəniyyətinə və dini inanclarına da hörmətlə yanaşır.
Bu baxımdan Azərbaycan nümunəsi onu göstərir ki, milli-mənəvi dəyərlərin qorunması ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi bir-birinə zidd deyil. Əksinə, öz kimliyinə sahib çıxan, eyni zamanda başqa mədəniyyətlərə hörmət edən cəmiyyətlər daha sağlam və dayanıqlı inkişaf imkanları əldə edirlər.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu həqiqətin beynəlxalq səviyyədə müzakirəsi üçün mühüm imkan yaratdı. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfəni nümayiş etdirməklə yanaşı, dünyaya həmrəylik, qarşılıqlı hörmət və anlaşma mesajı verdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan cəmiyyətinin multikulturalizmə əsaslanan yanaşması, divarlar əvəzinə körpülərin qurulmasına xidmət edən dövlət siyasəti mühüm nəticələrə gətirib çıxarıb.
Multikulturalizm Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı mənəvi sərvət olmaqla yanaşı, müasir dövlətçilik siyasətimizin də mühüm istiqamətidir. Bu dəyərlərin gələcək nəsillərə ötürülməsi və beynəlxalq miqyasda təbliği Azərbaycanın dünyada sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin davamıdır.

Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı

Digər xəbərlər