Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının Regional Poçt şöbəsi ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş növbəti tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, ideoloji xəttinin daha da möhkəmləndirilməsi və qarşıda duran yeni hədəflərin müəyyən olunması baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqində Azərbaycanın müasir inkişaf mərhələsinin reallıqları, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və cəmiyyətin bütün təbəqələrinin ümumi məqsədlər ətrafında birləşdirilməsi kimi məsələlər xüsusi yer tutur. Bu çağırışlar hər bir partiya üzvünün üzərinə daha böyük məsuliyyət qoymaqla yanaşı, ictimai-siyasi proseslərdə fəal mövqe nümayiş etdirməyi və dövlət siyasətinin mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasını tələb edir.
YAP-ın VIII Qurultayının rayon üzrə nümayəndəsi, Yelo Bank ASC-nin Salyan filialının rəhbəri Anar Hacıyev çıxışında qurultayda müəyyənləşdirilən hədəflərin ölkənin iqtisadi inkişafı, sahibkarlıq mühitinin genişləndirilməsi və maliyyə xidmətlərinin müasirləşdirilməsi baxımından əhəmiyyətinə toxunub. O bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası iqtisadiyyatın müxtəlif sahələrində yenilənməni, rəqabətqabiliyyətliliyin artırılmasını və müasir çağırışlara uyğun fəaliyyətin qurulmasını zəruri edir. Bu baxımdan, hər bir müəssisə və təşkilat öz fəaliyyətində peşəkarlıq, şəffaflıq və vətəndaş məmnunluğunu əsas tutmalı, ölkənin ümumi inkişafına öz töhfəsini verməlidir.
Tədbirdə digər çıxış edənlər də VIII Qurultayın siyasi və ideoloji istiqamətləri, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, milli həmrəyliyin qorunması və yeni dövrün tələblərinə uyğun fəaliyyətin təşkili barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində hər bir vətəndaşın fəallığı, məsuliyyətli mövqeyi və ümumi məqsədlərə sadiqliyi mühüm rol oynayır.
Tədbir ətrafında aparılan müzakirələr VIII Qurultayın çağırışlarının gündəlik fəaliyyətlə əlaqələndirilməsi və partiya üzvlərinin qarşısında duran vəzifələrin bir daha diqqətə çatdırılması baxımından faydalı olub.