Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Təhsil sektoru” ərazi partiya təşkilatında partiya üzvlərinin iştirakı ilə iclas keçirilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və qarşıda duran vəzifələrdən danışıb. Ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, partiya üzvlərinin təşəbbüskarlığının və ictimai-siyasi fəallığının artırılmasının vacibliyini vurğulayıb. Təhsil sahəsində çalışan partiya üzvlərinin dövlətçilik dəyərlərinin, milli-mənəvi ənənələrin və vətənpərvərlik ruhunun gənc nəslə aşılanmasında mühüm rol oynadığını qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin təbliği və ideoloji-maarifləndirmə fəaliyyətinin təşkili məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik prinsiplərinin təhsil mühitində təbliğinin əhəmiyyətindən bəhs edib. Müəllimlərin yalnız tədris prosesində deyil, həm də gənc nəslin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və milli dəyərlərə bağlılığının formalaşmasında məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.
VIII Qurultayın nümayəndəsi, Neftçala rayon Təhsil sektorunun müdiri, “Təhsil sektoru” ərazi partiya təşkilatının sədri Nicat Cəfərov çıxış edərək qurultayın nəticələrinin təhsil sahəsində çalışan partiya üzvləri qarşısında müəyyənləşdirdiyi vəzifələrdən danışıb. Təhsil müəssisələrində keyfiyyətli tədrisin təşkili, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və müəllimlərin ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb. Ərazi partiya təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi və partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirakının vacibliyini qeyd edib.